Sosial şəbəkələrdə Qəbələdə polisin uşağı vəhşicəsinə döydüyünü əks etdirən videogörüntülər yayılıb.
“Azadlıq.info” bu hadisənin təfərrüatları ilə bağlı bir sıra məlumatlar əldə edib. Məlum olub ki, polis zorakılığına məruz qalan uşağın cəmi 12 yaşı var. Polisin yerdə təpiklədiyi Dəniz Ağayevin 12 yaşı dekabrın 2-də tamam olub.
Uşağın özü ilə yanaşı, atası və əmisi də xüsusi qəddarlıqla döyülüb. Onların hər ikisinin hazırda Qəbələ rayon Polis Şöbəsində saxlandığı, işgəncəyə məruz qaldığı bildirilir.
“Dənizin atasını polislər aparanda uşaq ağlayıb. Görəndə ki, atasını vəhşicəsinə döyürlər, sürüyürlər, uşaq daş atıb. Daş atdığına görə uşağı təpiklərinin altına salıblar, yerdə sürüyüblər. Hazırda uşağın da, atası ilə əmisinin də vəziyyəti yaxşı deyil”, – mənbə bildirib.
DİN-in mətbuat xidmətindən bildirilib:
Dekabrın 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb.
O saxlanılan zaman onunla birlikdə olan onun yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər.
Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.
Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib.