Şəfəqə Doğru » Manşet » Ermənistan `QƏRB` deyib İrana inteqrasiya edir... - Görünəni odur ki...

Ermənistan `QƏRB` deyib İrana inteqrasiya edir... - Görünəni odur ki...

Ermənistan `QƏRB` deyib İrana inteqrasiya edir... - Görünəni odur ki...

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər. Görüşdə İranın Ermənistandakı səfiri də iştirak edib. Abdullahian erməni həmkarı ilə birgə mətbuat konfransında bildirib ki, 2024-cü ilin ilk həftələrində Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq. O, Ermənistanın baş naziri Nikol Paşinyanın “Sülhün kəsişməsi” layihəsi ilə bağlı təşəbbüsünü alqışladıqlarını vurğulayıb. İranlı nazir əlavə edib ki, ölkəsi eyni zamanda Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi tranzit yolunun tikintisini tam dəstəkləyir. Abdullahian həmçinin qeyd edib ki, İran regionda sülh və stabilliyin kənar qüvvələrin müdaxiləsi olmadan təmin olunmasını istəyir. Abdullahianın sözlərinə görə, Cənubi Qafqazda davamlı sülhə nail olmaq 2024-cü ilin ilk aylarında mümkündür. Belə ki, iranlı nazir dünən axşam Azərbaycanın xarici işlər naziri ilə telefon danışığı apardığını xatırladıb. O, diqqətə çatdırıb ki, Ceyhun Bayramovun bəyanatları Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olmaq üçün səylərin davam etdirilməsindən xəbər verir. Abdullahian son bir həftə ərzində Rusiya xarici işlər naziri Sergey Lavrovla da Ermənistanla Azərbaycan arasında münasibətlərlə bağlı iki telefon danışığı apardığını bəyan edib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə deyib ki, Ermənistanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və suverenliyi ilə bağlı İranın aydın mövqeyinə ölkəsi xüsusi əhəmiyyət verir.

Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrovla danışdıqdan sonra iranlı nazirin Ermənistana səfəri Moskva ilə koordinasiyalı şəkildə davam edir. Ekspertə görə, Moskva və Tehran Ermənistanın yürütdüyü Qərbyönlü siyasətindən, həmçinin regionda ABŞ və Avropa İttifaqının geosiyasi mövqelərini gücləndirməsinə şərait yaratmasından narahatdır:

"Bir neçə gün bundan əvvəl Nikol Paşinyanla İran Prezidenti İ.Rəisi arasında telefon danışığı baş tutmuşdu. Rəisinin telefon söhbətində Paşinyana qərbyönlü siyasət həyata keçirməsindən narahatlığını ifadə etməsi istisna deyil. Görünür, Abdullahianın səfərində Tehranın "qırmızı xətti" İrəvana başa salınacaq. Ermənistanın Azərbaycanla sülh müqaviləsini bağlaması istiqamətində atdığı addımlar, Zəngəzur dəhlizinin maneəsiz istifadəsi ilə bağlı müzakirələr və Qərbə inteqrasiya siyasəti Abdullahianın səfərində müzakirə ediləcək. Ermənistan və İran arasında siyasi problemlər yeni müstəvidə davam edəcək".

Analitik vurğulayıb ki, İran Ermənistanın yürütdüyü siyasətdən narazıdır. Amma N.Paşinyan İran və Rusiyanın təzyiqlərinə rəğmən Qərblə əməkdaşlığı davam etdirəcək:
"Paşinyan Qərblə inteqrasiyanı davam etdirəcəksə, Rusiya və İran Ermənistan hakimiyyətini cəzalandırmaq siyasətinə əl ata bilərlər. Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin normallaşması fonunda Qərbə inteqrasiya İran üçün gözlənilməz bir prosesdir. Tehran Ermənistanın 3+3 formatında əməkdaşlığında maraqlıdır. Baş veren siyasi proseslər fonunda İran xarici işlər nazirinin Ermənistan səfəri uğurlu olmayacaq. Çünki Ermənistan öz siyasi kursunu dəyişməyəcək".