Şəfəqə Doğru » Manşet » Azərbaycanda böyük qırğın başladı

Azərbaycanda böyük qırğın başladı

Azərbaycanda böyük qırğın başladı
Əli baltalı adamlar ölüm-dirim savaşına qalxdılar

Tarif Şurasının təbii qazın qiymətini qaldırmasından sonra Azərbaycanın regionlarında əhalinin təbii qazdan imtinası başlayıb.

İstiPress-in məlumatına görə, bu məsələdə xüsusilə meşə zolaqlarının ətəyində yerləşən şimal və cənub rayonları fərqlənir. Qalan rayonlarda isə qazın pulun ödəyə bilməyən yoxsul ailələr meyvə ağaclarının qurumuş budaqlarından və təzəkdən istifadə edirlər.

Bu meyl 2017-ci ilin yanvar ayından başlanıb. Çünki Tarif Şurasının 28 noyabr 2016-cı il qərarına əsasən ilin əvvəlindən qaz istehlakı 1700 kubmetri keçərsə, tariflər 2 dəfə yüksəlir. Yəni illik istehlakın 1700 kubmetri keçməyən hissəsi üçün istehlakçılar bir kubmetr üçün 10 qəpik ödəyirlər, amma istehlakın 1700 kubmetrdən çox olan hissəsi üçün isə tarif 20 qəpik müəyyənləşdirilib.

Bu kənd ailələri onsuz da yüksək olan qaz tariflərini iki qat ağırlaşdırdı. Təxmini hesablamalara görə, bir ailə məişət məqsədləri üçün qış mövsümündə iki "ceyran" sobası və bir qaz plitəsi hesabı ilə ən azı 600 kubmetr qaz yandırır, yəni 60 manat ödəməlidir. Bu minvalla kənd ailəsi Tarif Şurası tərəfindən güzəştli adlandırılan limiti Novruz bayramına qədər keçir. Amma evini rahat qızdıran ailələrin aylıq tarifi isə 100 manatı keçir. Yəni fevraldan sonra ailə bir neçə ay (mart, aprel, oktyabr, noyabr və dekabr aylarında) 200 manat qaz pulu ödəməyə məcbur olur.

Amma İstiPress-in əməkdaşlarının müxtəlif regionlarda apardığı araşdırmalar göstərir ki, kənd ailələri bu qədər pulu ödəmək istəmirlər və alternativ kimi əsasən odunu seçirlər. Məsələn, Şəkidə kəndlərin əksəriyyətində təbii qaz olsa da sakinlər evi qızdırmaq üçün oduna üstünlük verirlər. 

"Bizim kənddə 3-4 ildir ki, qaz var. Amma biz qazı əsasən yemək bişirmək üçün istifadə edirik. Evi qızdırmağa isə odun istifadə edirik”, - deyə Ramin adlı Şəki sakini vurğulayır.

Raminin sözlərinə görə, Şəkidə bir evi qış mövsümündə 20 kubmetr odun tam təmin edir: "Burda odunun bir kubunun qiyməti 12-14 manat arasında dəyişir. Yəni bir ailə 240-280 manat xərcləməklə bütün qışı evini təmin edir. Yəni bu, ayda qaza 200 manat verməkdən çox əlverişlidir. Çox ailələr isə odunu özü tədarük edir və ümumiyətlə pul vermir”. 

İstiPress-in araşdırmasına görə, digər regionlar da vəziyyət eynidir. Portalın Şimal bürosunun müxbiri Aytəkin Alxaslının məlumatına görə, indi şimal rayonlarının əksər sakinləri dədə-baba adətinə, yəni odun sobalarına qayıtmalı olublar. Məsələn, Qusarın Aşağı Ləyər kəndinin bir çox sakinləri də qaz sobasını odun sobası ilə əvəz ediblər. İstiPress-in əməkdaşları kənddə Babayevlər ailəsində çəkiliş apararkən həyətdə qırılmış meyvə ağaclarını görüblər. Evin sahibəsi Gülyaz Babayeva maddi imkansızlıqdan bu yola atdıqlarını, nə qaz pulu verməyə, nə də odun olmağa imkanı olmadıqlarını dedi. Onun sözlərinə görə, hökümət əhalinin kasıb təbəqəsini nəzərə alıb qiymətlətin köhnə qiymətdə qalmasına şərait yaratmalıdır: "Məcburuq, həyətdəki meyvə ağaclarını kəsək, yandıraq”.

Qazın bahalaşması regionda odun dəllalarının əl-qolunu açıb. Bir maşın odun almaq üçün sakinlər əvvəl 100 manat verirdilərsə, indi bu məbləğ 150 -200 manata çatıb.

"Xaçmazın Yalama meşə mühafizəsi və bərpası müəssisəsinin rəisi Adil Məcidov meşələrdə qanunsuz ağac kəsənlərə qarşı ciddi mübarizə apardıqlarını söyləyir. Qusar və Yalama meşə mühafizəsi müəssisələrindən də meşə qənimlərinə qarşı ciddi mübarizə apardıqlarını deyirlər, amma həm də etiraf edirlər ki, hələ də ağac kəsənlər var”,- deyə Aytəkin Alxaslı vurğulayır.

İstiPress-in Cənub bürosunun müxbiri Esmira İsmaylovanın araşdırmasına görə, qazın bahalaşması bölgədə oduna tələbatı artırıb və uyğun olaraq qiymətləri qaldırıb. Əgər bölgədə bahalaşmaya qədər 1 kub.m odun 5-6 manata satılıbsa indi 10-13manata satılır. Astara rayonun Şiyəkəran kənd sakini Yunus Qulamov bildirib ki, evi qızdırmaq üçün əsasən odun yanacağı işlədirlər: "Bizim ailədə də mətbəxdə yemək bişirmək, hamamı isitmək üçün odundan istifadə edirik. Evdə taxta tullantıları olanda da peçə atırıq ki, qaza qənaət edək, limiti aşmayaq. Yoxsa, o qədər pulu hardan tapaq? Kənd yeridir, birtəhər edirik ki, xərcimiz az çıxsın”.

Bölgə də haqqını ödəmədiyinə görə qazı kəsilənlərin də var və onların əlacı yalnız oduna qalıb. Son ayda bu məqsədlə odun alanların sayının daha çox olduğu bildirilir. Bu isə nadir Talış meşələrinə yaxşı heç nə vəd etmir. Adı ”Qırmızı kitab”a düşən ağaclarla zəngin meşələri yenidən gizli ya aşkar qırılma təhlükəsi gözləyir.

Kənd ailələrinin evi elektriklə qızdırması daha əlverişsizdir. Kənd evinin ehtiyaclarını qarşılamaq üçün evdə ən azı 2 ədəd 2,5 kilovattlıq plitə yanmalıdır. Bu gün ərzində 120 kilovatt, ayda isə 3600 kilovatsaat enerji sərfi deməkdir. Bunun 300 kilovattsaatı 7 qəpikdə hesablanır, yəni 21 manat nəzərdə tutulur. Yerdə qalan 3300 kilovatsaata görə isə kənd ailəsi 363 manat, yəni toplam 384 manat ödəməlidir. Yəni evi qazla bahalı tariflə qızdırmaqdan iki dəfə baha çıxır.

Azərbaycan bu məsələdə, 2014-cü ilin Ukraynasını xatırladır. Onda Ukrayna qazın tarifini qaldırmışdı. Onda əhali kütləvi şəkildə kömür və odun sobalarına keçməyə başladı. Amma Azərbaycan Ukraynanın ən yaxın qonşusunun - Belarusun da yolunu seçə bilərdi. Belarusda yay vaxtı qazın bir kubu əhaliyə 14,5 sentdən satıldığı halda qışda 4 sentə satılır. Minsk kubu 14 sentə aldığı qazı əhaliyə 10 senti ucuz satır.

Yəni Belarus hər kubda 10 sent itirir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban İstiPress-ə müsahibəsində Azərbaycanın bu məsələni vəsait itirmədən həll edə biləcəyini vurğulayır: "Azərbaycanda əhali ildə yalnız 3 milyard kubmetr qaz işlədir. Bunun 2 milyard kubmetri BP tərəfindən pulsuz verilən səmt qazıdır. BP səmt qazını ilk dəfə SOCAR-a verən zaman bunun əhalinin qazla təmin edilməsi üçün verildiyini bildirmişdi. Yəni faktiki olaraq əhaliyə verilən qazın yalnız 1 milyard kubmetrinə pul ödənir”.

Yəni həmin qazın yalnız 1 milyard kubmetri üçün "Azneft” İB-ə tərəfindən hasil edilir və min kubmetrin maya dəyəri 140 manata düşür. Beləliklə, əhaliyə verilən qazın 1 kubmetri 4,7 qəpiyə düşür. Yəni SOCAR istəsə, heç bir xərcə düşmədən Belarus yolu ilə gedib qış aylarında əhaliyə verilən qazın kubmetrini 5 qəpikdən sata bilərdi. Bu isə Azərbaycanı canlı aləmin daha bir qırğınından - ağac qırğınından xilas edə bilərdi.