Prezident İlham Əliyev taxılçılığın inkişafına yönəldilmiş irihəcmli subsidiyalara baxmayaraq Azərbaycanın özünü hələ də ərzaq buğdası ilə təmin edə bilməməsinin səbəblərini araşdırmaq üçün kosmik peyki işə salmaq göstərişi verib.Shafaqadogru.com xəbər verir ki, prezident bu məsələyə ötən gün aprelin 10-da Nazirlər Kabinetinin yığıncağındakı çıxışı zamanı toxunub.
Xatırladaq ki, prezident İlham Əliyev hələ illər əvvəl ərzaq təhlükəsizliyinin təmin edilməsi strategiyasının tərkib hissəsi kimi hökumətin qarşısında ölkənin ərzaq buğdasına olan tələbatın daxili istehsal hesabına ödənilməsi vəzifəsini qoyub. Və hər il dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan subsidiyaların böyük hissəsi də məhz taxılçılığa yönəldilir. Ən azından Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı statistik rəqəmlərə görə bu, belədir. Lakin bu sahədə vəziyyət prezidenti qane etmir.
Prezidentin çıxışından sitat: "Deyə bilərəm ki, bizim yeganə zəif yerimiz taxılçılıqdır. Bunu nəzərə alaraq mən göstəriş verdim ki, Prezident Administrasiyasında geniş müşavirə keçirilsin və keçirildi. Bütün tapşırıqlar verildi. Ondan sonra mən taxılçılığın inkişafı və ilk növbədə təhlilin aparılması ilə bağlı müvafiq Sərəncam imzaladım. Burada çox geniş informasiya yığılmalıdır, statistika düzgün təhlil edilməlidir və bir çox suallara cavab verilməlidir. Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Bu sual sadə səslənsə də onun arxasında bir çox məqamlar var. Ona görə, dəqiq təhlil aparılmalıdır, bizə nə qədər ərzaq buğdası, bütövlükdə taxılçılıq üçün torpaq sahəsi lazımdır ki, özümüzü keyfiyyətli buğda ilə, taxılla təmin edək və əlbəttə, idxaldan asılılığı azaldaq. Çünki mənə verilən məlumata görə, biz hər il idxala təxminən 300 milyon manat pul ayırırıq. Burada əlbəttə ki, uçot, təhlil, elektron nəzarət, peyk nəzarəti olmalıdır. Bizim peykimiz var və qısa müddət ərzində torpaqların münbitliyinin, məhsuldarlığının dəqiq analizi aparılmalıdır”.
Qeyd edək ki, Azərbaycanın ərzaq buğdasına olan illik tələbatı 1.7 milyon tondur. Ötən il kənd təsərrüfatı naziri Heydər Əsədov bildirmişdi ki, ölkədə 3 milyon ton taxıl istehsalı proqnozlaşdırılıb. Kənd Təsərrüfatı Nazirliyindən ötən il virtualaz.org saytına verilən açıqlada deyilirdi ki, avqust ayında artıq 2.8 milyon ton taxıl tədarük edilib. Başqa sözlə, həmin rəqəmə inansaq ötən il üçün ölkədə taxıl istehsalının Heydər Əsədovun səsləndirdiyi proqnoza tam uyğun olduğunu əminliklə demək olardı.
Lakin Dövlət Gömrük Komitəsinin elə həmin vaxtlarda açıqladığı statistikada göstərilirdi ki, ölkəyə hər ay təxminən orta hesabla 100 min ton taxıl idxal olunur. Başqa sözlə, Azərbaycanın ərzaq buğdasına olan tələbatının az qala hamısı idxal hesabına təmin edilir. Çünki Dövlət Statistika Komitəsinin məlumatlarına görə, il ərzində 1,2 milyon ton çörək istehsal olunur. Bu qədər çörək istehsalı üçün təxminən 900 min ton buğda kifayət edir. Bəs o zaman ölkədə istehsal olunan 3 milyon ton taxıl hara gedir və əgər doğrudan da bu qədər taxıl istehsal olunursa niyə onu un istehsalında istifadə etmirlər?
Ekspertlərin fikrincə əvvəla 3 milyon ton taxıl istehsalı barədə deyilənlər tamamilə şişirtmədir və Azərbaycanda heç bu qədər taxılı saxlamaq üçün anbar da yoxdur. İkincisi, ölkədə istehsal edilən taxıl ərzaq buğdası üçün standartlara o qədər də uyğun gəlmir və nəticədə un istehsalçıları idxal buğda ilə işləməyə üstünlük verirlər. Digər səbəb isə taxıl əkilən sahələrin təxminən 500 min hektarında sürətlə şoranlaşmanın getməsi, bunun isə məhsul istehsalına və keyfiyyətinə mənfi təsir göstərməsi ola bilər. Hər halda ötən il dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan 600 milyon manata yaxın subsidiyanın əsas hissəsinin taxılçılığa yönəldildiyi və nəticənin bu cür ziddiyətli olduğu halda prezidentin məsələnin araşdırılmasına kosmik peyki də cəlb etməsi təəcüblü deyil…