Şəfəqə Doğru » Manşet » Milli Məclis tribunasından amnistiya təşəbbüsü:“Bu amnistiya aktı ilk növbədə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşmüş hər kəsə şamil edilsin”

Milli Məclis tribunasından amnistiya təşəbbüsü:“Bu amnistiya aktı ilk növbədə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşmüş hər kəsə şamil edilsin”

Milli Məclis tribunasından amnistiya təşəbbüsü:“Bu amnistiya aktı ilk növbədə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşmüş hər kəsə şamil edilsin”
Hakim partiyanın təmsilçisi Cümhuriyyət ilində məhbusları azad etməyə çağırdı; Siyavuş Novruzov: "Bu amnistiya aktı ilk növbədə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşmüş hər kəsə şamil edilsin”

Deputatlar vəkilliyə qəbul balının aşağı salınmasını, işğal haqqında qanunun qəbulunu, Cümhuriyyətlə bağlı addımlar atılmasını da təklif etdilər

Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirildi. Dövlət Himninin oxunmasından sonra spiker Oqtay Əsədov giriş nitqində bildirib ki, prezidentin sərəncamına əsasən Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə dövlət səviyyəsində tədbirlər, o cümlədən iyunun 8-də Azərbaycan parlamenti Cümhuriyyət ili münasibətilə, qonaqların iştirakı ilə xüsusi iclas keçiriləcək. Sədr qeyd etdi ki, bununla əlaqədar xüsusi komissiya yaradılıb və qarşıda bizi gərgin işlər gözləyir.

Bundan sonra Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil olunması məsələsi səsə qoyuldu və qəbul edildi.

2018-ci il yaz sessiyasının Qanunverici işlər planının müzakirəsi zamanı bir sıra maraqlı çıxışlar oldu. İclasda amnistiya təşəbbüsü də qaldırıldı.

Deputat Fazil Mustafa çıxışında ermənilərə qarşı təbliğat işində fəal olmağa çağırdı: "Xocalı faciəsinin 26-cı ildönümünə az vaxt qaldığı bir zamanda AŞPA-da çıxış edən Ermənistan prezidenti Serj Sərkisyan Sumqayıt hadisələrindən danışdı. Görünən odur ki, ermənilər 30 il əvvəl baş vermiş Sumqayıt hadisələrini xatırlatmaqla bundan bizə qarşı istifadə etməyə çalışır. Əslində Sumqayıt hadisələrinin erməni əsilli Eduard Qriqoryan tərəfindən törədilməsini sübut edən sənədlər var. Bununla bağlı Respublika Prokurorluğunda zamanında ciddi araşdırma aparılıb. Xocalı faciəsinin ildönümünə 25 gün qalıb və indidən bütün təbliğat vasitələrini işə salmaq lazımdır. Görünən odur ki, ermənilər Xocalı hadisəsindən bizə qarşı istifadə etmək istəyir. Fikrimcə, biz bunu nəzərə almalı və beynəlxalq mediaya çıxış imkanlarından geniş istifadə etməliyik”.

Deputat Siyavuş Novruzov Xalq Cümhuriyyətinin 100 illiyinin olduğunu dedi. Eyni zamanda deputat bildirdi ki, bu il mərhum prezident Heydər Əliyevin də anadan olmasının 95 illiyidir. Deputat bununla bağlı tədbirlər planının hazırlanmasını vacib saydi.

S.Novruzov ötən illərdə 63 əfv fərmanı, 11 amnistiya qərarının olduğunu xatırlatdı: "2016-cı ildə Mehriban xanımın irəli sürdüyü amnistiya aktı 10 mindən artıq məhbusa şamil edildi. Həm Cümhuriyyətin 100 ili, həm ümummilli liderin anadan olmasının 95 illiyi münasibətilə amnistiya aktının imzalanmasını təklif edirəm. Bütün deputat həmkarlarımızla bir yerdə cənab prezidentdən xahiş edək ki, bu təşəbbüsü də öz üzərinə götürsün və daha geniş amnistiya təşəbbüsü ilə çıxış etsin. Bu amnistiya aktı digərlərindən fərqlənməlidir. Bu, bütün vətəndaşlarımızın gözləntisi olan məsələ olduğu üçün bunu həmkarlarımızın diqqətinə çatdırıram. Bu dəfə maddələrlə deyil, prinsip etibarilə də əhatə dairəsi daha geniş olmalıdır. Bu amnistiya aktı ilk növbədə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşmüş hər kəsə şamil edilsin. Ola bilər ki, hansısa silahlı birləşmələrin sırasına düşüblər, səhvə yol veriblər. Amma artıq uzun müddət keçib və səhvlərini başa düşüblər. Həmçinin yaşı 60-ı keçmiş, həmçinin himayəsində azyaşlı uşaqları olanlara şamil olunsun. Onlarla uşaq bu gün özlərindən asılı olmayaraq məhkumluq həyatı yaşayır. Yaxud valideyni həbs olunub və biz potensial cinayətkarı yetişdiririk. Həmçinin yaşı 70-dən yuxarı olan bütün kişilərə, radikal dini cərəyanlara qoşulmayan bütün dindar şəxslərə şamil olunmalıdır”.

S.Novruzov ardınca bildirdi: "Müxtəlif radikal müxalifət qurumlarınn, yaxud ayrı-ayrı qrupların təsiri altına düşən gənclər var. Bunlar öz uşaqların xaricdə oxudur, başqalarının uşaqlarını cinayətə sövq edirlər. Amma uşaqlar da artıq öz günahlarını başa düşüb. Eyni zamanda xaricdə müxtəlif qruplar var ki, Azərbaycana insan hüquqları, siyasi məhbus bəhanəsi ilə təzyiqlər edirlər, böhtan atırlar, sui-istifadə edirlər. Bu vəba xəstəliyini aradan qaldırmaqdan, o adamların qarayaxmalarını kəsməkdən ötrü bu cür adamların hamısı ilə bağlı məsələyə son qoyaq. Bəzən heç 3 adamın tanımadığı adam haqqında deyirlər ki, bu adam prezidentliyə ən ciddi namizəd olduğu üçün həbsdə saxlanılır”.

Spiker Oqtay Əsədov isə "Siyavuş müəllim, siz hamısını bir-birinə qatdınız. Amnistiya maddələrlə olur. Amma dediyiniz şəxsləri cənab prezident əfv edə bilər” - deyə, bildirdi.

Deputat Qüdrət Həsənquliyev də həmkarının amnistiya təklifini dəstəklədi. Bildirdi ki, həm mərhum prezident Heydər Əliyevin 95 illiyi, həm Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə amnistiyanın verilməsi çox yaxşı olardı: "Həmçinin bu il mərhum prezident Əbülfəz Elçibəyin 80 illik yubileyidir. Mən də o fikirdəyəm ki, geniş amnistiya vermək bizim milli maraqlarımız baxımından çox vacibdir. Xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla, digərlərinə amnistiya tətbiq oluna bilər. Amma bu, o demək deyil ki, həmin şəxslər hamısı azadlığa buraxılmalıdır. Həmin şəxslərin cəzaları yüngülləşdirilə bilər”. 

Daha sonra Q.Həsənquliyev Vəkillər Kollegiyasına qəbulla bağı keçirilən son imtahandan bəhs etdi. O bildirdi ki, hazırda Azərbaycanda hər 100 nəfərə 8 vəkil düşür: "Bizdən yuxarıda Bosniya-Hersoqovinada isə 34 nəfər düşür. Avropa ölkələrində isə vəkillərin sayı bizdən 40-45 dəfə çoxdur. Kollegiyaya üzvlüklə bağlı 2 minə qədər müraciət olmuşdu, çox təəssüf ki, cəmi 600 nəfər keçid balı topladı”. Q.Həsənquliyev yaz sessiyasında vəkillər haqqında yeni qanunun qəbul olunmasını zəruri saydı. Həmçinin təklif etdi ki, keçid balı 60 baldan 50-yə endirilsə, xeyli sayda yeni üzvlər Vəkillər Kollegiyasına seçilə bilər: "Bizim elə rayonlar var ki, orada 1 hakim var, amma vəkil yoxdur. Vətəndaş hüquqları bizi ciddi şəkildə düşündürməlidir. Biz elə etməliyik ki, hər rayonda heç olmasa 3 hakim, 4-5 vəkil olsun. Hətta bu müraciət edənlərin hamısı Kollegiyaya üzv olunsaydı belə, yenə də biz Avropa ölkələrindən 20 dəfə geri qalacaqdıq. Ona görə də burada radikal qərarlar qəbul etmək lazımdır”.

Birinci vitse-spiker Ziyafət Əsgərov dedi ki, hakimlərin sayı ilə bağlı problem var: "Mən də sizinlə razıyam, həqiqətən də bu sahədə Avropa ölkələrindən geridəyik. Amma keçid balını 60 badan 50 bala endirsək, sabah deyəcəklər ki, 50 balı da 40-a endirin. Xalqa keyfiyyətli hüquqi yardım göstərmək istəyən hüquqşünas 60 bal toplaya bilmirsə, bu, qeyri-ciddi məsələdir”.

Deputat Tahir Kərimli də amnistiya təşəbbüsünü dəstəklədi: "Prezidentin əfv fərmanı verəcəyinə inanırıq”.

T.Kərimli Xalq Cümhuriyyətinin 100 illiyi, yaxud parlamentin 100 illiyi medalının təsis olunmasını da təklif etdi. O, AXC ilə bağlı kompleksin yaradılmasını da zəruri saydı: "Burada muzey, kompleks də ola bilər. Dini xadimlərlə məsləhətləşib xaricdəki Cümhuriyyət qurucularımızın da məzarını Azərbaycana gətirə bilərik”. 1918-ci ildə törədilmiş soyqırımın 100 illiyinin də tamam olduğunu deyən T.Kərimli həmin tarixi faciənin də yüksək səviyyədə qeyd olunmasını təklif etdi.

Deputat Qənirə Paşayeva xaricdəki Cümhuriyyət qurucularımızın bir qisminin məzarlarının vaxtilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə abadlaşdırıldığını xatırlatdı. Həmçinin Cümhuriyyət qurucularının böyük əksəriyyətinin məzarının Türkiyədə olduğunu dedi və bildirdi ki, bizim müvafiq qurumlarımız Türkiyənin müvafiq qurumları ilə həmin məzarların təmir olunması istiqamətində addımlar atsa, çox yaxşı olardı. Q.Paşayeva digər məsələlərə də toxundu: "Həmkarlarımızın təklifi var ki, köhnə ”26-lar" bağının adı Cümhuriyyət bağı elan edilsin. Mən də bu təklifi dəstəkləyirəm". Xanım deputat azərbaycanlıların soyqırımının 100 illiyi, həmçinin Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlərin keçiriləcəyini bildirdi. Xanım deputat Şəhidlər Xiyabanında xarici turistləri məlumatlandırmaq üçün Bakı Şəhər İcra Hakimiyyətini addımlar atmağa çağırdı. Deputat Dağlıq Qarabağa səfərlərin qarşısını almaqdan ötrü işğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsinin müzakirə olunmasını təklif etdi.

Deputat Rövşən Rzayev Dağlıq Qarabağdakı qanunsuz rejimin 30 illiyi ilə bağlı tədbirlər hazırladıqlarını və Minsk Qrupunun həmsədr dövlətlərini də həmin tədbirlərə dəvət etdiklərini söylədi: "Biz Minsk Qrupu həmsədrlərinə üzv olan ölkələrə müraciət edək ki, onlar bu addımdan əl çəksinlər”.

Deputat Elmira Axundova bildirdi ki, illər öncə respublikanın müxtəlif regionlarında, xüsusilə Abşeron yarımadasında vətəndaşlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda kompakt şəkildə xeyli sayda yaşayış məntəqələri inşa edilib: "Elə ərazilər var ki, insanlar artıq 20-30 ildir ki, orada inşa etdikləri fərdi evlərdə yaşayırlar, övladlarını böyüdürlər, oğul evləndirib, qız köçürürlər. Lakin kompleks yanaşma olmadığından, bu ərazilərin torpaqları hələ də rəsmi sənədlərdə ”kənd təsərrüfatı təyinatlı" torpaqlar olaraq qeydiyyatdadır. O səbəbdən də insanlar 20 ildən artıqdır ki, yaşadıqları evlərə qeydiyyata düşə bilmirlər. Bu problemi imkan qədər tez həll etmək lazımdır".

Deputat Qüdrət Həsənquliyev şadlıq evlərinin fəaliyyətini tənqid etdi: "Vaxtilə Azadlıq meydanındakı mitinqlər zamanı iki səsgücləndirici qoyulurdu, səs Şıx çimərliyinə qədər çatırdı. İndi restoranlarda bir zala 6 səsgücləndirici qoyulur. Beləliklə toya gedənlər ən uzağı bir saat orda otura bilir. Nəticədə restoran sahibi bahalı yeməkləri 400 nəfər üçün sifariş aldığı halda, 200 nəfərə verir, beləliklə, əlavə qazanc götürür. Eyni zamanda səsin yüksək olması bir çox xəstəliklərə də səbəb olur. Xahiş edirəm, bu məsələyə ciddi nəzarət olunsun”.

Spiker Oqtay Əsədov isə "az sayda şadlıq evi var ki, orada akustika normativə uyğun olaraq quraşdırılıb” - dedi.

Deputat Əflatun Amaşov bildirdi ki, Mətbuat Şurası hüquqi statusunun dəyişdirilməsinə, eyni zamanda ayrıca qanunun qəbul edilməsini ciddi ehtiyac var: "Biz bu gün ictimai təşkilat olduğumuzdan bəzən müvafiq addımlar ata bilmirik. Bu gün mətbuatda jurnalist adına xələl gətirən, jurnalist adından sui-istifadə edən, bazar açan ünsürlər yayılıb. ”Reket jurnalistika"dan əziyyət çəkirik. Mətbuat Şurasının hüquqi statusunun yenilənməsi ilə "reket jurnalistika”ya qarşı mübarizədə, mətbuatda balanslaşdırılmanın aparılmasında ciddi addım atmış olarıq. Buna zəruri ehtiyac var".

Daha sonra deputat digər məsələlərə toxundu: "Əlamətdar haldır ki, bu il cənab prezidentin sərəncamı ilə ölkəmizdə ”Cümhuriyyət ili" elan olunub. Bununla bağlı çoxsaylı tədbirlərin təşkili gözlənilir. Azərbaycan Xalq Cümhuriyyəti 2 il müddətində bir çox sahələrə olduğu kimi, mediaya da böyük diqqət ayırdı. Xalq Cümhuriyyətinin mövcud istiqamətdə qarşıya qoyduğu məqsədlərdən biri də nəşriyyat evinin tikilməsi idi. Lakin bu işin həyata keçirilməsi mümkün olmadı. Həmin ideya ötən əsrin 30-cu illərində reallaşdı. 1933-cü ildə Bakıda Mətbuat Sarayı deyilən bina istifadəyə verildi. Həmin bina indiki Azərbaycan prospektində yerləşir. Onu da deyim ki, bina Mədəniyyət və Turizm Nazirliyinin reyestrində memarlıq abidəsi kimi qeydiyyata alınıb. Uzun müddət "Azərnəşr”in fəaliyyət göstərdiyi bu bina 1995-ci ildə "Bank Standart”a baş ofis kimi verilib". Ə.Amaşov qeyd etdi ki, binanın özəllikləri kifayət qədərdir: "Diqqət yetirmisinizsə, kitab şəklindədir. Daxili strukturunda isə hər detal sırf nəşriyyat-çap işinin həyata keçirilməsinə hesablanıb. İnşaat materiallarının seçilməsindən tutmuş otaqların havalandırılmasınadək, hətta işçilər üçün şəraitə qədər ən kiçik detal nəzərə alınıb. Bununla əlaqədar sənədlərlə tanış olmuşam. Təklifim bundan ibarətdir ki, Mətbuat Sarayı adı ilə inşa edilmiş həmin bina keçmiş sahiblərinə qaytarılsın və çox yaxşı olardı ki, orada mətbuat muzeyi yaradılsın”.

Yekunda "Peşə təhsili haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Qanun layihəsini akademik-deputat İsa Həbibbəyli təqdim etdi.

Deputat Vahid Əhmədov layihəyə tənqidi yanaşdı: "Biz vaxtilə sovet sistemini bəyənmirik. Amma sovet dövründə peşə təhsili sistemi çox düzgün qurulmuşdu. Sonrakı illərdə peşə təhsilinə düzgün yanaşma olmadığı üçün sistem dağıldı. O zaman peşə təhsili ilə məşğul olan hər bir müəssisəsinin özünün istehsalat sahəsi var idi. İndi də belə istehsalat sahələri yaradılmalıdır. Xüsusilə də rəqabətə davamlı istehsalat sahələrinin yaradılmasının tərəfdarıyam”. V.Əhmədov qanun layihəsi ilə bağlı sualların həddən artıq çox olduğunu bildirdi: "Oqtay müəllim, konseptual cəhətdən qanun düzgün hazırlanıb, amma bunun üzərində işləmək lazımdır”.

Deputat Aqiyə Naxçıvanlı isə həmkarının fikirlərini təqdir etməklə yanaşı, peşə təhsili müəssisələri ilə bağlı prosesə iş adamlarının cəlb edilməsini zəruri saydı: "Bu sistem yenidən qurulur, olan laboratoriyalar hamısı dağıldı”. 

Deputat Elmira Axundova bir çox peşə məktəblərinin əsaslı təmirə möhtac olduğunu söylədi, həmçinin təkliflər verdi.

İlk oxunuşda layihə qəbul edildi.

E.PAŞASOY,
"Yeni Müsavat”