Qadir İbrahimli,
İqtisadçı
***
Minimum əmək haqqının 180 manata çatması dövlət sektorunda işləyən 450 min, özəl bölmədə çalışan 150 min nəfərin gəlirlərini artıracaq.
842 min fərdi sahibkarın və 1 milyon 750 min nəfər torpaq mülkiyyətçisinin isə sosial sığorta ayırmalarını artıracaq. İddialara görə, minimum əmək haqqının artımından ən yaxşı yalda 600 min nəfər udur, 2 milyon 592 min nəfər isə uduzur.
Əslində bu cür yanaşma düzgün deyil.
Birincisi, minimum əmək haqqının artması nəticəsində sosial sığorta ödənişlərin artımı həmin şəxslərin pensiya kapitalına yönəldilir ki, bu da gələcəkdə təyin olunan pensiya məbləğlərinin daha yüksək rəqəmlə ifadə olunması və daha erkən minimum pensiya təminatının formalaşmasına imkan yaradır. Yəni cari baxımdan uduzsa da, prespektivdə daha təminatlı və yüksək gəlir əldə edir. Əvvəlki qanunvericiliklə pensiya kapitalına yönəldilən illik məbləğ 702 manat təşkil edirdi ki, bu halda minimum pensiya təminatını əldə etmək üçün 25 il işləmək lazım gəlirdi. Artımdan sonra isə pensiya kapitalına yönəldilən illik məbləğ 972 manat təşkil edir ki, bu halda minimum pensiya təminatı hüququ 18 ilə, yəni, 7 il tez yaranır.
İkincisi, Vergi Məcəlləsində edilmiş dəyişiklikdə bütün ölkə üzrə sadələşdirilmiş verginin dərəcəsi 2 faiz müəyyən edilməsi, kiçik sahibkarlıq subyektlərinin balanslarında olan əsas vəsaitlər üzrə sürətli amortizasiya normalarının (ikiqat) tətbiqi, gəlirin və xərcin uçotunu qanunla müəyyən olunmuş qaydada aparan kiçik sahibkarlıq subyektinin təsisçisinin dividend gəlirlərinin vergidən azad olması, mikro sahibkarlıq subyektlərinin 5 % dərəcə ilə (mənfəətin 75 faizi) mənfəət və ya gəlir vergisinə cəlb olunması nəzərdə tutulmuşdur. Kənd təsərrüfatına yaralı torpaq mülkiyyətçiləri olan şəxslər üzrə isə artımdan sonra belə onlar tərəfindən sığorta haqlarının məbləği çüzi təşkil edir. Belə ki, pensiya kapitalına yönəldilən illik məbləğ 117 manat təşkil edir ki, bu da minimum pensiya təminatının formalaşdırılmasına imkan vermir və dövlət həmin şəxslərin minimum pensiya təminatına çatdırılmasını öz vəsaiti hesabına təmin edir. Bununla yanaşı qeyd edilməlidir ki, Vergi Məcəlləsində edilmiş dəyişiklikdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin daha 5 il müddətinə uzadılmışdır.
Üçüncüsü, vergi gəlirlərin yenidən bölüşdürülməsində ən effektiv vasitələrdən biridir. Hətta, böyük bir qrupun ziyanına olsa belə, aztəminatlı təbəqənin gəlirlərinin artımı təmin edilməlidir. Sadə dildə desək, gəliri 1000-2000 manat olan fərd sahibkarın gəlirindən 15-20 manat yoxsul təbəqənin gəlirinə əlavə etmək daha ədalətlidir, nəinki yoxsulların gəlirini sabit saxlamaqla çoxluğun maraqlarını güdmək. O məntiqlə minimum əmək haqqı anlayışını ləğv edib, yoxsulları Allahın ümidinə buraxmaq lazımdır. Bir daha təkrar edirəm ki, fərdi sahibkarlar bu məsələdə cari ziyana düşür, prespektivdə isə böyük hesabla qazanır.
Mia.az