"Ötən il ölkə əhalisinin sayı 83372 nəfər və ya 0,8 faiz artaraq 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 9981457 nəfərə çatıb. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir”.
Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsinədn məlumat verilrib.
Bildirlib ki. cari ilin əvvəlinə ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayır.
Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 115 nəfər təşkil etmiş və bu göstərici Naxçıvan Muxtar Respublikasında 83, Bakı şəhərində 1064, Lənkəran və Abşeron iqtisadi rayonlarının hər birində 154, Gəncə-Qazax iqtisadi rayonunda 104, Aran iqtisadi rayonunda 96, Yuxarı Qarabağ iqtisadi rayonunda 93, Quba-Xaçmaz iqtisadi rayonunda 79, Şəki-Zaqatala iqtisadi rayonunda 70, Dağlıq Şirvan iqtisadi rayonunda 52, Kəlbəcər-Laçın iqtisadi rayonunda isə 40 nəfər olub.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2018-ci ildə 138982 nəfər doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil edib. Körpələrdən 2752-si əkiz, 117-si isə üçəm doğulanlardır. Bu göstərici Dağlıq Şirvan (əhalinin hər min nəfərinə 16,3), Lənkəran, Aran və Quba-Xaçmaz (15,4), Yuxarı Qarabağ və Kəlbəcər-Laçın (14,6) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.
Ötən il ölkədə 57250 ölüm halı qeydə alınıb və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 5,8 təşkil edib.
Keçən il ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62484 nikah və 14857 boşanma halları qeydə alınıb, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub. Nikahlar Kəlbəcər-Laçın (əhalinin hər min nəfərinə 6,8), Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi rayonlarında (6,7), Bakı şəhərində (6,6), boşanmalar isə Bakı şəhərində (2,1), Kəlbəcər-Laçın (2,0), Abşeron və Yuxarı Qarabağ iqtisadi rayonlarında (1,8) ölkə səviyyəsindən yüksək olub.
2018-ci ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3220 nəfər gələn və Azərbaycandan 1580 nəfər gedən qeydə alınmış, ölkə üzrə miqrasiya saldosu müsbət 1640 nəfər təşkil edib.