Məlum olduğu kimi, aprelin 3-də Prezident İlham Əliyev "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” mühüm bir Fərman imzalayıb. Cəmiyyətin çoxdan gözlədiyi bu fərman məhkəmə hakimiyyətinin qanunsuz qərarlarından əziyyət çəkən on minlərlə vətəndaşımızda xeyli ümidlər yaradıb. İndi cəmiyyətimizdə böyük ümid və gözlənti yaranıb ki, Prezidentin bu fərmanı, bir növ, illərdir açıq bazar münasibətlərinin hökm sürdüyü məkan olaraq tanınan məhkəmə sistemimizə, nəhayət, bir düzən, qayda-qanun, nizam-intizam gətirəcək.
Elə medianın köməyindən istifadə edərək, öz haqq səsini ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına, Ali Məhkəməyə, Məhkəmə-Hüquq Şurasına çatdırmaq istəyən "Texniki proqress” MMC-nin rəhbəri Ayxan Qocayev də Prezident fərmanının məhkəmələrdəki süründürməçilik və özbaşınalığa son qoyacağına böyük ümid bəsləyənlərdəndir.
Ayxan Qocayev, Strateq.az-a ünvanladığı məktubda öz qərarını qanunsuz olaraq sonradan ləğv edən 1 saylı İnzibati İqtisad Məhkəməsinin hakimi Aytən Oruczadədən şikayətçidir. Qanunsuzluq ondan ibarətdir ki, qanuna görə, hakimin ləğv etdiyi qərardan şikayət vermək olmazdı, buna baxmayaraq, hakim qarşı tərəfin şikayətini qəbul edib və şikayət verilməsi qanunla nəzərdə tutulmayan qərarını ləğv edib.
Ayxan Qocayevin müraciətində qeyd edilir ki, hələ 2012-ci il aprelin 15-də sözügedən məhkəmənin hakimi Müseyib Bayramov "Texniki proqress” MMC-dən 670.000 manat (altı yüz yetmiş min manat) tutulması barədə qətnamə qəbul edib: "Bir dəfə də olsun, məhkəmə barədə bizə nə rəsmi, nə də qeyri-rəsmi şəkildə xəbər verilməyib, heç bir sənəd göndərilməyib. Son məqamda – iş icraya çatanda məhkəməyə verildiyimizdən xəbər tutmuşuq. Məhkəməyə üz tutub işin yenidən – bizim iştirakımızla araşdırılmasını tələb etsək də, heç bir nəticəsi olmayıb. Çünki burada başılaca məqsəd ədalət mühakiməsinin təmin olunması deyil, konkret şəxslərin maraqlarının məhkəmə vasitəsi ilə təmin olunması olub”.
A.Qocayev bildirib ki, həmin məhkəmə qərarından apellyasiya şikayəti də veriblər: "Apellyasiya Məhkəməsinin hakimi Afaq Nuriyeva sənədləri qəbul etməkdən imtina etdi. Səbəb göstərdi ki, işi birinci instansiya məhkəməsinə göndərib məzmununu məhkəmədə təkrar yoxlasınlar. Birinci instansiya məhkəməsində hakim Aytən Oruczadə təkrar olaraq şikayətin mümkün olduğunu öz qərarında qeyd edib və işi təkrar apellyasiya instansiyasına yollayıb. Məhkəmə bu dəfə işi icraata qəbul edib və yazıb ki, şikayət mümkündür: 2-2(103)-169\19 saylı işə 27 mart 2019-cu il tarixdə hakim Afaq Nuriyeva tərəfindən baxılacaq”.
Şikayətçinin bildirdiyinə görə, maraqlı və həm də təəccüblü hadisə elə bundan sonra baş verib: "Belə ki, birinci instansiya məhkəməsinin hakimi Aytən Oruczadə 11 mart 2019-cu il tarixdə işin apellyasiya mərhələsində baxışa təyin olunmasına baxmayarq, sözügedən işdəki qarşı tərəfin bir parça kağızda qeyd etdiyi, heç bir əsası olmayan şikayətini icraatına qəbul edib. Bundan sonra Apellyasiya Məhkəməsinin hakimi Afaq Nuriyeva işin özü tərəfindən 27 mart tarixinə baxışa təyin olunmasına baxmayaraq, eyni məsələ ilə bağlı işin ikinci dəfə yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərib. Onun birinci instansiya məhkəməsindəki həmkarı, hakim Aytən Oruczadənin bu dəfə özünün çıxardığı qərardadı isə daha "diqqətəlayiqdir”. Belə ki, xanım Oruczadə iki dəfə araşdırıb apellyasiya instansiyasına yolladığı şikayəti üçüncü dəfə "yoxlamaq” qərarı verib. Hakim əvvəlki iki yoxlanışda mümkün hesab etdiyi şikayəti bu dəfə hansısa müəmmalı səbəbdən mümkün hesab etməyərək, qərardad çıxarıb. Üstəlik, orada qeyd edib ki, həmin apellyasiya şikayəti məqbul deyildir və şikayətçiyə geri qaytarılmalıdır”.
Ayxan Qocayev bildirir ki, məhkəmənin 2012-ci ildə çıxardığı qətnaməni almaq üçün 29.11.2018-ci il tarixində rəsmi müraciət edərək onu əldə ediblər. 20.12 2018-ci ildə, yəni müddət ötməmiş ondan şikayət veriblər: "Buna görə də işin düz 3 dəfə "yoxlanması” üçün bir instansiyadan o birinə göndərilməsinə heç bir ehtiyac yox idi. Çünki apellyasiya şikayəti vermək müddəti qətnamə veriləndən hesablanır və işə baxılmalıdır. Beləliklə, hər şey aydın olur: süni şəkildə cəhd olunub ki, 15.03 2012-ci il tarixdə qəbul edilmiş qanunsuz məhkəmə qətnaməsi qüvvədən düşməsin. Ağılasığmaz haldır ki, işin apellyasiya mərhələsində baxışa təyin olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi onu geri alır və özünün əvvəlki iki qərardadının əleyhinə yeni bir qərardad çıxarır. Bu, elə bir səviyyədə qanunsuzluq, özbaşınalıq, qanunların ayaq altında tapdalanmasıdır ki, onun mahiyyətini ifadə etməkdə söz tapa bilmirəm”.
Qeyd edək ki, Ayxan Qocayev müraciətinin sonunda ölkə Prezidenti İlham Əliyevdən, hüquq-mühafizə orqanlarının rəhbərlərindən, Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının sədrindən pozulmuş hüquqlarının bərpasını, eyni zamanda ağılasığmaz qanunsuzluğa əl atmış hakimlərin cəzalandırılmasını xahiş edir: "Qədim yunan filosofu Aristotel deyirdi ki, "bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizliklərdir”. Düşünürəm ki, hansısa maddi maraqlarını dövlət adıyla pərdələmiş, dövlətin ədaləti qoruyan hökmverici gücündən istifadə edərək, vətəndaşın haqqını tapdamış, ona dövlət adıyla zülm yaşatmış hakimlər mütləq cəzalandırılmalıdır ki, bu, başqalarına da dərs olsun”.