Şəfəqə Doğru » Manşet » “Azərbaycan ərzağa olan tələbatının yalnız yarısını ödəyə bilir”

“Azərbaycan ərzağa olan tələbatının yalnız yarısını ödəyə bilir”

“Azərbaycan ərzağa olan tələbatının yalnız yarısını ödəyə bilir”
"60 tona yaxın buğda yığmışam, ancaq yığmağa bir yer, anbar yoxdur”

Salyanın Kürqaraqaşlı kəndinini sakini Elçin Əzizovatadan-babadan torpağa can verib.

Deyir, ailəsinin ərzaq ehtiyatını həmişə torpağından çıxarıb. İndi də əkin-biçinin qızğın vaxtıdır. Taxılını biçib. Alnının tərini qatdığı torpağını boş qoymamaq, daha da bərəkətləndirməkdən ötrü qarğıdalı da əkmək istəyib. Ancaq indiki şərtlər ona əl vermir:


"Lazım olan texnika, yardım olsa, nə var ki. Bu torpaq qızıldır. Nə olardı ki, səlahiyyətli qurumlar gəlib bu kəndliylə də maraqlansaydı, soruşsaydı ki, "ay bala, necə əkirsən, necə biçirsən”, bir az yardım göstərsəydi… Tutaq ki, lizinq yolu ilə bir yük maşını almaq istəyirəm. Ya da arpa, buğda, qarğıdalı əkib istehsala yönəltmək istəyirəm, yem istehsal etmək istəyirəm. Avadanlıq almaq istəyirəm, amma dərdimizi deməyə bir adam yoxdur. Ya da 60 tona yaxın buğda yığmışam, ancaq yığmağa bir yer, anbar yoxdur”.

Elçin deyir ki, yaşadığı kənddə kolxoz dövründəki torpaq da həminkidir, adamlar da. Amma o dövrdəki məhsuldarlıq yoxdur. Düzdür, yenə torpağa can qoyanlar məhsul götürür. Di gəl, kəndlilərin məhsuldarlığı artırmağa, bazarı təmin etməyə şəraitləri, köməkləri yoxdur.

113 ölkə arasında 57-ci

Azərbaycan Qlobal Ərzaq Təhlükəsizliyi indeksi üzrə 113 ölkə arasında 57-ci yerdədir.

"The Economist İntelligence Unit” beynəlxalq təşkilatının məlumatına görə, Azərbaycan 100-dən 57,1 bal toplayıb. Bu göstərici ilə Misir və Vyetnamla qonşudur. Postsovet məkanında (Baltikyanı ölkələr istisna olmaqla) Belarus liderdir. Bu ölkə 46-cı yerdə qərarlaşıb.

"Heç bir göstərici üzrı lazımi qədər qidalana bilmirik”

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, hazırda ölkədə ərzaq, kənd təsərrüfatı məhsullarına tələbatın yalnız 40-45 faizi ödənir. Yerdə qalan idxalın üzərinə düşür. Ona görə də vəziyyət çətindir:

"Hələ rəsmi statistikanı deyirəm. Bu ilin 5 ayında ət idxalı 31 faiz, kərə yağı 37, meyvə-tərəvəz idxalı 35 faiz, çay idxalı 67 faiz, bitki yağı idxalı 14 faiz, şəkər idxalı 28 faiz artıb. Son 5 ayda isə ölkəyə 556 min ton buğda idxal olunub. Bu, bizim 5 aylıq ərzaq buğdasına tələbatımızın 100 faiz ödənilməsi deməkdir. Yəni tələbatın 100 faizi idxalın hesabına ödənilir. Digər tərəfdən də ixracımız azalır. Çay ixracı 70, bitki yağı ixracı 82, şəkər ixrac 53 faiz azalıb. Meyvə tərəvəz ixracı ona görə atrıb ki, ölkəyə beş ayda 186 min ton meyvə-tərəvəz idxal olunub. Bunun 107 min tonu ixrac olunub. Demək olar ki, əsas kənd təsərrüfatı məhsullarının istehsalında çox ciddi geriləmələr var. Ölkə də beynəlxalq normaya uyğun qidalanmır. Beynəlxalq normada bir adam illik 80 kq ət yeməlidir. Bizdə bu 35 kq-dır. Süd 360 litr olmalıdır, bizdə 280 litrdir. Bir insan üçün yumurta norması 280 ədəddir, bizdə bu rəqəm 140-dır. Biz heç bir göstərici üzrə lazımi qədər qidalana bilmirik”.