Bina söküldü, amma yerində park salındı və parkda Hacıbala Abutalıbovun öz şirkəti olan "Özsüt”ün yeni bir binası tikildi
Ovçular Cəmiyyəti uzun illərdir fəaliyyət göstərir. Ancaq cəmiyyətin qara günləri 15 ilə yaxındır ki, davam edir. Əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə olan problemlər, sonra isə cəmiyyətə 1960-cı ildən mənsub olan binanın sökülməsi azərbaycanlı ovçulara göz açmağa imkan vermir.
2017-ci ildə cəmiyyətin Mətbuat prospektində olan binasının sökülməsinə qərar verildi. Lakin ərazidə olan 54 ağacın tikinti şirkəti tərəfindən məhv edilməsinə cəmiyyət susmadı. Məsələyə ölkə başçısı qarışdı. Ərazidə park salındı. Ovçular Cəmiyyəti isə sözün əsl mənasında ortada qaldı. Cəmiyyətin sədri məsələni qanuni yolla həll etmək üçün məhkəməyə müraciət etdi. Amma məhkəmə çəkişmələri 3 ildir ki, davam edir və demək olar ki, heç bir nəticə yoxdur.
Ovçular Cəmiyyətinin sədri Füzuli Əşrəfov bir daha bu məsələyə toxunub:
– Füzuli müəllim, pandemiya dövrüdür, ov mövsümü də açıq elan edilməyib, ofisiniz də yoxdur. Vəziyyət göz qabağında olsa da, bir daha yaşadığınız hadisələrə aydınlıq gətirməyinizi istərdim.
– Ovçular Cəmiyyətinin fəaliyyəti qış fəslində normal olur. Pandemiya dövrü də yay fəslinə düşdüyü üçün bu, həqiqətən, bizim cəmiyyətə böyük zərər vurdu. Fəaliyyətimizi sıfıra endirdi. Bizim əsas işlərimiz rayonlarda olan təsərrüfatlardadır. Ancaq gediş-gəliş olmadığına görə işimiz tamam dayanıb.
Ovçular Cəmiyyətinin sədri Fizuli Əşrəfov
Digər tərəfdən, bizə də digər fəaliyyət sahələri kimi zərər dəysə də bizim fəaliyyət koduna heç bir dövlət yardımı düşmədi.
Biz bununla bağlı Vergilər Nazirliyinə müraciət etdik. Bildirildi ki, sizin fəaliyyət növünüz Nazirlər Kabinetinin qərarında yer almış yardım alan fəaliyyət sahələrinə uyğun deyil. Yəni bir tərəfdən pandemiya, digər tərəfdən bizə yardımın düşməməsi cəmiyyətin vəziyyətini sıfıra endirib.
– Səhv etmirəmsə, üç il əvvəl cəmiyyətin Mətbuat prospekində olan binası söküldü. Böyük qalmaqal da yaranmışdı. Vəziyyət necədir, sizi yeni ofislə təmin etdilərmi?
– Bizim Milli Məclislə razılaşmamız-müqaviləmiz var idi. Həmin müqaviləyə əsasən, bizim binanın yerində bina tikiləcək və bizə 2500 kvadrat metr təmirli yer veriləcəkdi. Bu bizə sərf edirdi. Amma tikinti şirkətinin səhlənkarlığı üzündən bu məsələ alınmadı. Bina söküldü, amma yerində park salındı və parkda Hacıbala Abutalıbovun öz şirkəti olan "Özsüt”ün yeni bir binası tikildi.
Binamız birbaşa Hacıbala Abutalıbovun nəzarəti və təşkilatçılığı ilə söküldü. Biz istədik ki, bu məsələni qanuni yolla həll edək, məhkəməyə müraciət etdik. Məhkəmə dəfələrlə təxirə salındı. Sonuncu dəfə keçən ay məhkəmə oldu. "Baksovet”dən də nümayəndə dəvət edilmişdi. Onlar bildirdilər ki, binamız Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməyib. Ancaq bizim şahidlərimiz var ki, binamız Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülüb. Ətraf bağlandı, ağaclar çıxarıldı və bina söküldü.
Yaxşı, tutaq ki, bina dövlət tərəfindən söküldü, park dövlət tərəfindən salındı. Bəs "Özsüt” orada niyə tikildi?
Məhkəmə yenə avqust ayına təxirə salındı. İndi biz 3 ildir ki, qalmışıq çöldə. Ümid edirik ki, məhkəmə müsbət qərar verər. Bizə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, çox demirik, elə o "Özsüt” boyda bina verilməlidir.
Bizim cəmiyyət Heydər Əliyev dövründə fəaliyyət göstərən bir cəmiyyətdir. İndi haqlı ola-ola haqsız çıxarılıb, küçədə qalmışıq.
– Bir ara Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə də müəyyən problemləriniz var idi. İndi vəziyyət necədir?
– Muxtar Babayev çox uğurlu təyinatdır və əvvəlki nazirdən fərqli bir adamdır. Bizi müsbət qarşıladı, söhbət etdik. Müəyyən məsələləri elə yerindəcə həll etdi.
Cəmiyyətimizin rayonlarda böyük ov təsərrüfatı əraziləri olub. Biz həmin əraziləri müqavilə ilə icarəyə götürmüşdük. Həmin müqavilə keçmiş nazirin vaxtında birtərəfli formada pozulmuşdu. Biz yenidən müraciət etdik. Ancaq bizə bildirildi ki, həmin ərazilər daha Ekologiya və Təbii Sərvətlər Nazirliyinin deyil, Əmlak Komitəsinin balansındadır. Bu dəfə Əmlak Komitəsinə müraciət etdik. Bizə bildirilib ki, həmin yerlər hələ ki, kadastra salınmayıb. Peyklə həmin yerlər çəkilməli, kadastra salınmalıdır. İki ilə yaxındır ki, həmin torpaqlar Əmlak Komitəsinin balansındadır, amma kadastr edilib, reyestrə salınmır. Ov mövsümünün açılışına da az qalıb.
Bizim götürmək istədiyimiz yerlər tikinti üçün yararlı yerlər deyil. Bizə qamışlıq, bataqlıq ərazilər lazımdır ki, orada quşlar olsun. Dəvəçidə, Şorabadda belə ərazilər var. Bu torpaqlardan bizə verilsə, biz dövlətimizə də xeyir verə bilərik.
Xatırladım ki, cəmiyyətimizin 25 mindən çox üzvü var.
Sputnik Azərbaycan