Şəfəqə Doğru » Manşet » Fransa Türkiyəyə görə NATO missiyasını müvəqqəti dayandırır

Fransa Türkiyəyə görə NATO missiyasını müvəqqəti dayandırır

Fransa Türkiyəyə görə NATO missiyasını müvəqqəti dayandırır

BBC yazır ki, Fransa Türkiyə ilə böyük fikir ayrılığı ilə bağlı NATO-nun təhlükəsizlik əməliyyatını müvəqqəti dayandırdığını bildirib.

Fransanın Müdafiə Nazirliyi iyulun 1-də bəyan edib ki, NATO müttəfiqi Türkiyənin Liviyaya qarşı BMT embarqosunu pozmasına görə Dəniz Keşikçisi Əməliyyatından (Operation Sea Guardian) çıxmalı olub.

Bundan bir neçə həftə əvvəl Fransa Aralıq dənizində onun hərbi gəmisinin Türkiyənin hərbi gəmiləri tərəfindən hədəfləndiyini bəyan etmişdi.

Ankara bu iddianı dərhal təkzib edib.

Türkiyə və Fransa Liviya vətəndaş münaqişəsində qarşı duran tərəfləri dəstəkləyirlər.

2011-ci ildə polkovnik Muammar Gaddafi devriləndən bəri Liviyada daxili münaqişə davam edir.

Hazırda burada BMT tərəfindən tanınmış Milli Barışıq Hökuməti (MBH) ölkənin şərqində və cənubunda böyük ərazilərə nəzarət edən general Khalifa Haftarın Liviya Milli Ordusu ilə döyüşür.

Fransa və Türkiyə arasında Liviyaya görə korlanmış münasibətlər son aylarda xüsusilə tarıma çəkilib.

Fransa Türkiyənin Suriyanın şimalında oynadığı roldan, habelə şərqi Aralıq dənizində qazma işləri aparmasından narazıdır.