"Biz hamımız çox istəyirik ki, bu karantin rejimi tezliklə başa çatsın, tezliklə öyrəşdiyimiz həyat tərzinə qayıdaq".Bu sözləri Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün modul tipli xəstəxananın açılışında prezident İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, bir balaca yumşalma olan kimi, xəstəliyin vüsəti dərhal genişlənir, yayılması sürətlə gedir və insanların həyatı təhlükə altına düşür.
"Hesab edirəm ki, may ayının əvvəlində bizim yumşalma siyasətimiz düzgün addım idi. Çünki o vaxt xəstəliklə bağlı dinamika müsbət idi. Sağalanlar yoluxanlardan çox idi. Ona görə biz yumşalmaya getdik. Çünki bilirik ki, bu, insanları narahat edir, incidir. İnsanlar öz adi həyat tərzindən məhrum ediliblər. Ona görə yumşalmaya getdik. Amma nə gördük?! Gördük ki, xəstələrin sayı dərhal artmağa başladı, müsbət dinamika pozuldu və biz mənfi dinamika fazasına daxil olduq. Yenə sərtləşdirmə qaçılmaz oldu. Bu tədbirlər görülməyə başlayandan təqribən bir ay sonra biz yenə də müsbət dinamikanı görürük. Artıq iki həftədir ki, ölkəmizdə sağalanların sayı yoluxanların sayından çoxdur. Müsbət dinamika budur".
Prezident bildirib ki, bu, elə xəstəlikdir ki, heç yaş da tanımır. Hər kəs - yaşlı, orta yaşlı, cavan insanlar təhlükə altındadır.
"Əlbəttə, bilməliyik ki, peyvənd tapılana qədər biz bu vəziyyətlə barışmalı olacağıq. Onu da bilməliyik ki, baxmayaraq, vəziyyət nəzarət altındadır, - həkimlər bunu yaxşı bilirlər, - ancaq koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu virusla yaşamalı olacağıq. Ona görə, bizim ənənəvi həyat tərzimizə əlavə olunan məqamlar gərək müəyyən müddət qüvvədə olsun: məsafə saxlamaq, şəxsi gigiyena məsələləri və əlbəttə ki, məsuliyyət. Hesab edirəm ki, biz birgə səylərlə bu vəziyyətdən az itkilərlə çıxacağıq. Yenə də deyirəm, bu günə qədər gördüyümüz işlər nəticəsində vəziyyət tam nəzarət altındadır. Biz bundan sonra da xəstəliklə mübarizə aparmaq üçün nə lazımdırsa, onu da edəcəyik. Biz istənilən iqtisadi məhrumiyyətlərə dözərək əsas məsələni həll edəcəyik"