Qarabağ müharibəsi başlayandan ermənilər öz qüvvələrinə deyil, yalnız başqa ölkələrin onlara hərtərəfli yardımına güvəniblər.
Bu gün işğalçı ölkənin xarici işlər naziri Mnatsakanyan hələ də Moskvadan İrəvana qayıtmayıb. Ermənilərin baş diplomatının Moskvada döymədiyi qapı qalmayıb və Rusiyanın Ermənistana kömək etməli olduğu haqqında müraciətlər edir.
Rusiya öz yerində, düşmənlər indi də İranın Azərbaycana qarşı hərəkət edəcəyinə ümidləniblər. Səbəbləri çox olsa da, indiki dönəmdə ümid edirlər ki, üç gündən sonra, 18 oktyabrda İranın üzərindən silah embarqosunun götürüləcəyinə və bundan sonra İranın Ermənistana silah verə biləcəyinə inanırlar. Məlumdur ki, beynəlxalq vasitəçilər tərəfindən 2015-ci ilin iyulunda İrana beşillik silah alma və satma sanksiyası tətbiq edilib.
Erməni şərqşünas Karine Qevorkyanın sözlərinə görə "İran Azərbaycanla sərhədlərinə çoxdan qoşun və xüsusi bölmələr toplayıb. Azərbaycana kömək etmək tələbi ilə çıxış edən azərbaycanlıları isə İran höküməti ya saxlayıb, ya da həbs edib”.
İranın Qarabağ problemində rəsmi mövqeyi "Azərbaycanın ərazi bütövlüyünə hörmət olunmalıdır” ifadəsi olub. Təəssüf ki, İranın Qarabağ münaqişəsində daha çox Ermənistanı açıq şəkildə dəstəklədiyinin şahidi olmuşuq. Bu gün qardaş Türkiyənin Azərbaycana verdiyi siyasi, mənəvi dəstəyi qəbul etməyən və Türkiyənin Cənubi Qafqaza təsir imkanlarını genişləndirməkdən narahat olan İranın mövqeyi qəbulolunmazdır. 27 il ərzində Azərbaycana heç bir siyasi mənəvi dəstək nümayiş etdirməyəndə Türkiyənin bir gün bu rolu üzərinə götürəcəyinə nədən təlaşlanırsınız? Günahı özlərində axtarsınlar. Rusiya da, İran da 30 ilə yaxın müddət ərzində Azərbaycanın maraqlarını təmin edə biləcək addımlar atmayıb, ona görə də bu gün Türkiyənin bölgədəki fəaliyyətini qısqanclıqla qarşılamaları anlaşılan deyil. Türkiyəni Qafqazda istəmirdinizsə, Azərbaycanın torpaq bütünlüyünü qorumalı və Ermənistanı qınamalı idiniz. Etmədiniz və Türkiyə də ona görə bölgəyə gəldi.
Bir sözlə, 18 oktyabrda İranın üzərindən silah embarqosu götürüləcək, ayıq-sayıq olmalıyıq.