Sosial şəbəkələrdə növbəti diqqətçəkən statuslardan biri dünən MeydanTV xəbər saytının rəhbəri Həbib Müntəzir tərəfindən Twitter və Facebook səhifələrində paylaşılıb.
"Azərbaycanda nepotizm (qohumbazlıq)" yazısıyla paylaşılan bu statusun əsas maraqlı cəhəti isə statusa yerləşdirilən fotoşəkildir. Paylaşılan şəkildə görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən öz digər əməkdaşlarına, yaxınlarının vəfatı səbəbiylə başsağlığı elanı verilib. Bununla da, eyni ailənin bir neçə üzvünün həmin idarədə, müxtəlif vəzifələr tutduqları aşkara çıxıb.
Kədəri bildirmək üçün edilən bir elanın eyni zamanda vəzifə yerlərindəki qohumbazlığı da "elan etməsi" sosial şəbəkə istifadəçilərinin geniş müzakirələri ilə nəticələnib. Status dəfələrlə paylaşılıb,yüzlərlə şərh yazılıb.