Müğənni Rəşad İlyasovun "Qafqazinfo”ya müsahibəsi
- Şou-biznesin sükuta düçar olduğu bir vaxtda Rəşad İlyasov nə işlər görür?
- Yeni mövsüm yeni səhifədir. Yaradıcı insan olaraq təzə sezonda nələrsə gözləyirik. Qonşu və öz sənətçilərimizə baxırıq. Bir az həvəslənirik. AzTV-dəki proqramım geniş heyətlə başladı. Musiqiçi kimi yeni mahnılar var, keçmiş mahnıları da yenidən işləyib təqdim etmək istəyirəm. Rəşad İlyasov klassiklərini yenidən nümayiş etdirmək istəyirəm. Əgər mahnı aktualdırsa, yeni arajimanda lap maraqlı ola bilər. Solo karyeramdan əlavə xalq artisti Zeynəb Xanlarova ilə çalışıram. Yeni layihələrimiz, lent yazılarımız var. Sənətdə bir çox uğurlar əldə etmişəm. Elə başlayanda da Zeynəb xanımın ansamblında yer almışam. Daha sonra Nisə Qasımovayla musiqiçi kimi əməkdaşlıq etməyə başladım.
Eyni zamanda solo karyeramı qurdum. Kanon alətini ifa edirdim, 1998-ci ilin sonlarında mahnı oxumağa start verdim. İndi də Zeynəb xanımı müşayiət edirəm. O gün də Zeynəb xanıma deyirəm ki, siz bu yaşınızda lap gözəl oxuyursuz. İllərdir gündəmdə qalmaq, gözəl mahnılar səsləndirmək böyük bir işdir. Xanlarova bunu bacarır. Baxırsan ki, səsi üstündədir, texniki və fiziki imkanları yüksəkdir.
- Belə bir şayiə yayılmışdı ki, Zeynəb Xanlarovanın səsi batıb , mahnı ifa etmir…
- Əlbəttə, belə deyil. Xanlarova hər zaman canlı mahnı oxuyub. Ola bilər ki, səsdə səhhətimizlə bağlı müəyyən problemlər yaranır. Hamımızda belə olur. Bu demək deyil ki, Zeynəb xanımın səsi batıb? Belə bir şey yoxdur.
"Həmin şəxsi 3 ilə xalq artisti edərdim”
- Siz şou-biznesdən uzaq gəzirsiz. Onlarla uyğunlaşa bilmirsiz? Səbəbi nədir?
- Mənim könlümə klassik mahnılar yatır. Bir vaxtlar məşhur maqazin verilişi var idi. Dostlarım ora çıxmaq istəyirdi, mən də elə bildim ki, ora çıxmaq üçün layihələr etməlisən. Daha sonra Fuad Əlişovun rejissorluq etdiyi bir klipimi təqdim etdim. Həmin maqazin verilişi və başqaları gəlib yayımladılar, tanındım. Mənə əvvəl müraciət edən, indi şou-biznesdə olan müğənnilər bir-birini təhqir etməyə başladılar. Beləliklə, onlar həmin maqazin proqramına çıxdılar. Mən bu qədər pul xərclədim, layihə etdim. Ancaq onlar davalarıyla gündəmdə oldular. Çox rahat şəkildə müəyyən mərtəbəni zəbt edirlər. Ancaq insanların gözündə necə qalıblar? Mən özümə diktə etmirəm, ancaq işlə yaddaşlarda qalmaq lazımdır.
"Dəyirman” qrupunun mahnısında gözəl bir cümlədən istifadə olunur: "Vətənpərvərlik imic deyil”. Bu imic deyil, ürəkdən gələn bir şeydir. Mən yaradıcılığımla məşğul oluram. İşimə həssasla yanaşıram, bu sənətdə bir az mühafizəkaram. Musiqidə bir yolu sevirəm, qarışdırmaq mənlik deyil. Məni bəziləri şou-biznesdə, bəziləri isə sənət aləmində görür. Sənətdəyəm, şou-biznesdəkilərin yanında 3-4 işçiləri olur. Biri musiqi, digəri isə mətbuat işlərini həyata keçirir. Açığı deyirəm ki, mən belə biri ilə rastlaşmamışam, çox bəsit görünürlər. Bir neçə dəfə onları müşayiət etmişəm. Mən kiminsə prodüseri olsaydım, həmin şəxsi 3 ilə xalq artisti edərdim. Bir az tələbkar insanam.
- Özünüz özünüzün prodüseri ola bilməzsiz?
- Yox, ancaq belə edə bilərəm. Layihələrimdə işlərimi özüm görürəm, köməkçilərimi yönləndirirəm ki, həmin bağları bərkidin. Bu saat prodüserlik məktəbi elə də mükəmməl deyil. Özüm özümə kömək edirəm, prodüserlik etmirəm.
- Sizi AzTV-dən başqa digər kanallarda az görürük. Nə məsələdir?
- Mən monotonluqdan qaçmışam. Düzdü, efirə çağırırlar, çıxış edirəm. Bir çox kanallar davamlı olaraq TV-yə çağırırlar. Vaxt məhdudiyyəti var, sadaladığım işlərimi görürəm. Orada da öz funskiyam, işim var. Elə verilişlər var ki, özümü orada görmürəm. Heç kimi aşağılamaq istəmirəm. Ancaq verilişdə qonaqlar bir-birinə uyğun olmur. Elə şeylər var ki, yerli yerində deyil. Onu məncə müğənni tənzimləməlidir.
- Ancaq siz unudula bilərsiz. Gündəmdə olmayan ifaçıları toylara az çağırırlar.
- Mənim həftədə iki dəfə yayımlanan gül kimi verilişim var. Ola bilsin ki, həmin veriliş şou aləmində deyil. Sırf sənət verilişidir. Mən rəhbər şəxslərə təşəkkür edirəm. Rəhbər deyəndə kanal sahiblərini nəzərdə tuturam. Hara getmişəmsə, böyük hörmətlə qarşılanmışam. Hansısa sənətləşmə məsələmi həll etmək üçün quruma getmişəm, ayağa durub məsələmi həll ediblər. Ancaq başqa bir ifaçı olub ki, qapıda saxladıblar.
Onunla acı danışıblar. Məndə cavab vermişəm ki, xanımdır, bu cür onunla niyə danışırsız? Deyiblər ki, təqsir onun özündədir. Şükür Allaha ki, mən də belə şey yoxdur. Düzdü, siz deyən məsələ də var. Ancaq mən onu balanslaşdırıram.
- Sizin heç qalmaqalınıza rastlaşmamışıq. Deyəsən, müğənnilərlə mübahisələrinizi mediadan yaxşı gizlədə bilmisiz…
- Söz-söhbətlər olub. Həssas insanam, bu tipli şəxslər qarşı tərəfə maraq göstərirlər, həmin marağın qarşılığını görməyəndə inciyirlər. Ha deyirəm ki, belə olmayım. Ancaq insanın yaradılışı var. Söz-söhbətlər məndən də yan keçmir. Sadəcə olaraq çox çalışmışam ki, qalmaqallar efirə, mətbuata çıxmasın. Birincisi, buna ucuz reklam kimi baxıram. Mənim xəyallarım başqadır. İstəyirəm ki, layihələrimi mətbuat işıqlandırsın.
Bir-birilərinə söz atırlar, ayrı açıqlamalar verirlər. Daha sonra ikisi bir arada açıqlama verirlər, barışdıqlarını elan edirlər. Deyirlər ki, aramıza girən insanlar var. Adama deyərlər həmin vaxt ağlın harada idi? Belə şeylər var. Toyda çıxanda səsimi belə alıblar, bu problem yerində həll etmişəm.
"Kim necədirsə, öz səviyyəsinə uyğun toya müğənni çağırır”
- Son zamanlar müğənnilər toyu idarə edən sənətçilərdən gileylənirlər. Deyirlər ki, onlar idarə edən zaman mikrofonu başqa müğənnilərə vermirlər.
- Düzdü, belə şeylər var. Xalq artistimizlə başıma belə bir şey gəlib. Həmin xanım toyu gözəl oxuyur, ancaq Rəşad İlyasov… (gülür). Toyu bir idarə edirdik, amma qohumlarımızın toyu olduğu üçün üstünə çox düşmədim. Mən gələn müğənni qonaqları gözlətməyi sevmirəm. Əksər vaxtlarda toyu özüm idarə edirəm. O sənətçilər ev sahibi tərəfindən dəvət olunub. Onlara hörmətsizlik etmək olmaz. Bir dəfə olub ki, məni gözlədiblər, çıxıb getmişəm. Yeri gəlmişkən, Səməd Səmədovu çox sevirəm. Görür ki, hamı rəqs edir, toyun ağası da odur. Ancaq gözəl pafosu ilə növbəti qonağı təqdim edir.
Elə toyu aparanlar var ki, böyük leksika oxuyur. "Gözəl insan, ailə başçısı” və s. deyirlər. Bunlar lazım deyil. Toyun öz qanunları var. Toya aşağı gözlə baxanlara acığım gəlir, müqəddəs bir gündür. Bəli, yaxşı insanların, ziyalıların toyu gözəl seçir. Kim necədirsə, öz səviyyəsinə uyğun toya müğənni çağırır. Ona görə də, toyları pisləmək lazım deyil. Hərdən özlərini savadlı kimi göstərənlər belə məclisləri aşağılayırlar. Öz övladlarının toylarını edəndə görəcəyik. Bir bəstəkar mənə dedi ki, peşəkarlarla çalışın. Dedim ki, lap yaxşı. Qızının toyundan çox danışırdı. Söylədim ki, qızınızın toyunda kim oxuyub? Elə bir ifaçının adını dedi ki… Ağzını açıb o boyda danışmağın hara, bu hara… Bəs niyə toyları pisləyirsən?
Bir məclisimiz oldu ki, gecə 2-də bitdi. Heç kəs də getməmişdi. İfa etdiyim toyların əksəriyyəti belə olur. Yaxşı adamın toyu yaxşı keçir. Pis adamın toyu gəlinin geyimindən bilinir. Çox təəssüf ki, yaxşıdan həmişə az olur. Ev yiyəsindən çox şey asılıdır.
"Əlindəki silahla mənlə Nisə Qasımovaya yaxınlaşıb dedi ki...”
- Deyəsən, toy aparanda maraqlı məqamların şahidi olursuz…
- Bir ziyafət var idi. Ad günü olan şəxsin adını kağıza yazmışdılar. Musiqiçi dostum kağızı verdi ki, təbrik elə. Bizim qadın və kişiyə qoyulan ortaq adlarımız var. Arzu, Yavər və s. misal çəkə bilərik. Musiqiçi deyir ki, Ziyafəti təbrik elə. Mən də cavab verirəm ki, kimdi o? Necə təbrik edim? Söyləyirəm ki, onun haqqında məlumat veri. O da cavab verir ki, ad günüdür. Söylədim ki, Ziyafət xanım, sizi təbrik edirəm və s. Gördüm ki, musiqiçi gəlib deyir ki, sən nə etdin? Qardaşımın qayınatasıdır (gülür). Deməli, iki ailə ilk dəfə tanış olurmuş, görüş yeməyi imiş. Mən dostumuza dedim ki, sənə əcəb olub, dəqiq məlumat verərdin. Bir dəfə də Arzu adlı şəxsi təbrik etmişəm. Adətən hansı Masada oturduqlarını soruşuram ki, üzümü onlar tərəfdə tutaraq arzularımı deyim. Gördüm ki, stoldan səslər, alqışlar ucalır. Bir oğlan qalxdı ki, Arzu mənəm, ancaq xanım deyiləm (gülür).
Yeri gəlmişkən, sizə bir şey də danışım. Şou aləmində çox çətinliklər var. O vaxtlar gəlib yeyib-içirdilər, daha sonra silahlarını gücə salırdılar. Neçə musiqiçinin sintezatoru deşik-deşik olub. Heç yadımdan çıxmır. Nisə xanımla restoranların birində çıxış edirdim. Bir nəfər əlində silahla bizə yaxınlaşdı, dedi ki, mənim nəsə xoşuma gəlmir. Çox əzab-əziyyətlərimiz olub, Nisə xanım çox qorxdu. Silahın səsi elə gəldi ki… Bizim səs gücləndiricilərimizi silah səsi batırdı. Zalda hörmətli şəxslər var idi, işə qarışdı. Gəlib acıqlandılar. O adamın tanışı əvvəl rəhbər şəxslərdən biri idi. Həmin şəxs gəlib silahlı adama sillə vurdu, götürüb apardılar. Ancaq həmin şəxlər olmasaydı, hər şey baş verə bilərdi.
- İctimai-siyasi proseslərdə iştirak edən, nitqi ilə seçilən bir neçə məşhur var. Azərini, Tünzalə Ağayevanı, Faiq Ağayevi, sizi misal çəkmək olar… Bəlkə də, onlar gələcəkdə özlərini siyasi arenada, Milli Məclisdə görürlər.
- Ən gözəl təmsilçi biz özümüzük. Deputatlar inciməsin, xalq tərəfində seçiliblər, aydındır. Ancaq biz sənət adamları xalqın elçiləriyik. Xalqın ruhuna oxşayan mahnılar səsləndiririk. Deməli, bizim böyük avantajımız var. Biz səsimizlə siyasətimizi yürüdürük. Deyirlər ki, siyasətin edə bilməyəcəyi şeyləri sənət həll edir. SSRİ o vaxtlar bütün dünyaya öz ifaçılarını göndərirdi. Zeynəb Xanlarova bütün qitələrdə konsert verib. Boş-boşuna olmayıb ki? Ən böyük uğur bu yoldadır.
Ən böyük siyasətçilər müğənnilərdir. Azərin xanımı çox dəstəkləyirəm. Türkçülük yolunda gözəl addımlar atır, əbədiyyatı sevir. Mənim isə belə bir planım yoxdur. Ancaq prezident, parlament seçkiləri dövründə təşkil olunan təbliğat xarakterli konsertlərdə ifa etmişəm. Allah sevdiyi insanlara bu sənəti bəxş edir. Biz seçilmiş insanlarıq. Neçə imkanlı, vəzifəli şəxslər var. Kanona baxıb deyir ki, kaş mənim oğlumda öyrənə bilərdi. Çikaqoda evi var, Havay adalarında dincəlir, ancaq belə şeyə həsəd aparır.
- Adətən xanımlar kişi müğənnilərə xüsusi diqqət edirlər. Sizi çox narahat edirlər?
- Əvvələr daha çox olurdu. Nişanlı olanda evə xeyli zənglər gəlirdi. Evləndim, daha sonra belə şeylərə fikir vermədim. Telefon manyakları var idi, nəsə deyəndə qıcıqlanırdılar, yenidən yığıb məsələni çürüdürdülər. Sinif yoldaşlarımda belə bir şey olmuşdu. Mən də onlara demişdim ki, siz cavab verməyin. Onlara cavab verməyəndə lap pis olurlar, müzakirəni davam etmirlər. Sizə bir şey danışım. 2000-ci illərin əvvəli idi, nişanlıydım, şəhəri gəzirdik, xanımımı ötürməli idim.
Gördüm ki, 3 qız bizi izləyir. Bildim ki, mənə görə gəliblər. Küçədə dayanıb "Yaşın nə fərqi var ki” mahnısını oxuyurdular. Əl çəkmirdilər, nişanlım başqa sahənin adamıdır. Belə şeylər onu narahat edirdi. Düşündüm ki, qızı yola salım, sonra onların cavabını verərəm. Bu an biri yaxınlaşdı ki, sən Rəşad deyilsən? Mən də cavab verdim ki, hansı Rəşad? O da Rəşad İlyasov olduğunu dedi. Qızlar aqressiv idi. Hələ biri də hamiləydi. Mən də dedim ki,yox, o deyiləm. Birdən qayıdıb mənə dedi ki, "Ay Niyaməddin, nə gündəsən” (gülür).
- Niyaməddin niyə?
- (Gülür) O vaxtlar Niyaməddin Musayevlə bağlı məsəl var idi. Onun saçları bir az fərqliydi.Toyda onu görüb belə bir cümlə işlətmişdilər. Niyaməddin müəllimi çox istəyirəm, amma belə bir məsəl var. Hə, qızlar deyəndən sonra çaşıb qaldım. Nişanlım əsəbiləşdi, qızlar çıxıb getdi. Nişanlımı yola saldım, yuxarı getməyə başladım. Yenə qızlar arxamca gəldilər, aptekə girdim, bütün dərmanlara baxıb vaxt öldürürdüm. Elə bildim ki, gediblər. Mən çıxan kimi gördüm qabağımda durublar. Onlar yaxınlaşmağa başlamışdılar ki, yanıma bir qadın gəldi. Başında gözəl bir papağı var idi, özünə baxan bir xanım idi. Yaxınlaşıb dedi ki, Rəşad İlyasov, necəsiz oğlum? Qucaqlayıb öpdü. Mənə daha sual vermədi ki, siz Rəşadsız? Onların da ağzıaçıq qaldı. Bayaqdan onlara deyirəm axı mən Rəşad deyiləm. Xanım mənə dedi ki, dizayner-rəssamam. Nömrəsini verib söylədi ki, İlhamə xanımla mənim şəklimi çəkmək istəyirdi. Daha sonra qadın getdi, qızlara üzümü tutdum. Dedim ki, gördüz? Siz mənə normal yanaşsaydız, mən də sizə yaxşı reaksiya verərdim. Görürsüz yanımda xanım var, yersiz atmacalar atırsız. Daha sonra qızlarla dostlaşdıq. "Yaşın nə fərqi var” mahnısından sonra məndən yaşca böyük olan qadınlar mənə məktublar yazırdılar.
"Mən ümumiyyətlə xanımı qısqanmamışam"
- Elə bir obraz yaratmışdız ki, hamı elə bilirdi ki, İlhamə Quliyeva ilə siz sevgili olmusuz…
- İlhamə xanım toyumda maraqlı bir şey açıqlamışdı. Demişdi ki, "Rəşad, biz bu klipə elə çəkilməliyik ki, hamı anlasın ki, doğrudan da biz bir-birimizi sevirik, sevgiliyik. Rəşad gözünə döndüyüm söylədi ki, İlhamə xanım, doğrudan da mən sizi sevirəm”. Toyda camaat qışqırdı, alqışladı. Amma elə bir şey deməmişdim (gülür). Onda bir az şişirtmələr var idi. Axır vaxtlar onun ətrafı pis oldu. İlhamə Quliyeva elə-belə qadın olmayıb. O dövrün ən yaxşı xanəndələrindən biri olan Tükəzban İsmayılovanın qızıdır. Şövkət Ələkbərova, Rübabə Muradova və Tükəzban xanım dövrün ən yaxşı üçlüyü olub. Daha sonra gənc nəsil Zeynəb Xanlarova ilə başlayıb. Deyirdilər ki, hələ o vaxt onların balonla brilliantları olub. Onlara da Tükəzban xanımın anasından qalmışdı, Bakının zadəgan ailələrindən olub. Ona görə İlhamə xanım hörmətiszlikləri götürmürdü. Bir dəfə konsertdə idim, gənc müğənni mübahisə edirdi ki, mən Nisə xanımdan qabaq oxumalıyam. Onda dedim ki, İlhamə Quliyeva yaxşı elə sizi yerinizdə otuzdururdu.
- Xanımınız indi necə? Hələ də sizi qısqanır?
- Qısqanclıqlar həmişə var, sadəcə olaraq ona rəvac vermirəm. O mənə, mən də ona hörmət edirəm. Mən ümumiyyətlə xanımı qısqanmamışam. Çünki, iş yerində ancaq xanımlarla çalışır. Uşaq həkimləridir. Qısqanclıq güvənsizlikdir. Deməli, mən ona güvənmirəm ki, qısqanıram. Ailədə bir-birinə inam əsas şərtdir. Şou-biznesdəyəm, ətrafımda xanımlar var. O gün tədbirimdə Vəfa Zeynalova kimi gözəl aktrisa ilə rəqs etdim.
Dedik-güldük,əl-ələ tutub yallı getdik, bizim sahə üçün normaldır. O gün deyiblər ki, filankəs şəkil çəkdirib. Baxıb gördüm ki, albomun üstündəki şəkildə bir az sinəsi açıqdı. Deyir ki, açıq-saçıq şəkildi. Cavab verdim ki, sizin üçün açıq-saçıqdır.Ancaq şou-biznes gözü ilə normal geyimdir.
- Övladlarınız necədir?
- Oğlumun 14 yaşı, qızımın isə 12 yaşı olacaq. Genetika öz sözünü deyir, çox istedadlıdırlar. İkisi də musiqi ilə məşğuldur. Oğlan həm tar çalır, həm də cüdo ilə məşğul olur. Qardaşım o vaxtlar tar üzrə təhsil almışdı. Bu alətin ahəngindən çox xoşum gəlir. İndi uşaqlar böyüyüb seçimlərini özləri edər. Onların seçimlərinə qarışmaq istəmirəm. Sadəcə istəyərdim ki, başqa sahə ilə məşğul olsunlar. Qeyd edim ki, qızım həkim olmaq istəyir, yoldaşım icazə vermir. Çünki həkimlərin işləri çətin və məsuliyyətlidir. Yeri gəlmişkən, xəstə həkimə gec müraciət edir, deyirlər ki, əlinin altında öldü.
Avropada hər vətəndaş 6 aydan bir bütün bədən üzvlərini analiz edir. Ona görə də Avropada həkiminin əlinin altında ölmək, xəstələnmək kimi neqativ hallar baş vermir. Bu səbəbdən qızımın həkim olmağını istəmir. Musiqi sahəsi pis deyil. Sadəcə olaraq baxıb görürəm ki, oğlumun potensialı daha böyükdür. İstəyirəm ki, Azərbaycanı diplomat səviyyəsində təmsil etsin. Həm daxili, həm də xarici aləmi buna imkan verir.
Elvin Elxan
Fotolar: Nuran Məmmədov