Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Shafaqadogru.com report-a istinadən bildirir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid Xatirə Ramazanova ifadə verib.
Onun sözlərinə görə, təqsirləndirilən M.Hüseynova ona zəng edib və evinə gəlməsini istəyib. O, İhamə Quliyevanın evində çantasının əlindən alındığını, pulunun götürüldüyünü və ona qarşı alçaltma hərəkətlər edildiyini dedi: "Bu hadisədən əvvəl də Mehribanın başına iş gəlmişdi. Onlar gedəndə Mehribanın bıçaqlandığını gördüm. O bildirdi ki, onu İlhamə Quliyeva bıçaqlayıb. Hadisəni eşidəndə şokda idim".
X.Ramazanova qeyd edib ki, İ.Quliyevanın evində M.Hüseynovanın pulu götürülüb. O əlavə edib ki, M.Hüseynova ilə birlikdə onun rəfiqəsindən pul götürməyə gediblər: "Geri qayıdanda Mehribanın evinin qarşısında qara maşın qabağımızı kəsdi və içərisindən iki nəfər düşdü. Bunlar İlhamə Quliyevanın oğlu Orxan Nadirovla onun dostu Vüqar Bəkirov idi. Hətta Orxanın əlində dəyənək də var idi. Onlar maşına dəyənək ilə vurub, qapını açmağımızı tələb edirdilər. 102-yə zəng vurub məlumat verdik. Mehriban onu öldürəcəklərini dedi. Çox qorxdum. Çoxlu siqnal verdim. Bu zaman İlhamə Quliyeva da hadisə yerinə gəldi. O, siqnalı kəsməyimi istədi. İlhamə ikimizi də ölümlə hədələdi. Mehribanın İlhamənin həyatına qəsd hazırlamasından, əmlakını ələ keçirməyə cəhd etməsi barədə heç nə eşitməmişəm. Bu bardə xəbərim yoxdur".
Məhkəmənin növbəti prosesi noyabrın 1-nə təyin edilib.
Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qəti imkan tədbirinin müddəti üç ay uzadılıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.