Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində mərkəzin, Respublika Narkoloji Mərkəzinin və İnnovasiyavə Təchizat Mərkəzinin rəhbərliyinin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin və zəhərli maddələrin topdan və pərakəndə satışı fəaliyyətinə xüsusi icazə almaq istəyən, çoxsaylı aptek şəbəkəsinə malik iri topdansatış əczaçılıq şirkətlərinin rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.
Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a verilən xəbərə görə, Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov və Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanun, bu qanunla təsdiq olunmuş güclü təsir edən maddələr və zəhərli maddələrin idxalı, saxlanması və satışına olan tələblər barədə ətraflı məlumat veriblər.
Əczaçılıq müəssisələri rəhbərləri güclü təsir edən maddələr və zəhərli maddələrin siyahısına daxil olan dərman vasitələrinin satışına xüsusi icazə almaq üçün Səhiyyə Nazirliyindən rəyin verilməsini istəyiblər.
İclasda qeyd edilən dərman vasitələrinin istifadəsinə tibbi göstərişi olan xəstələrə əlçatan olmasının təmin edilməsi məqsədilə, qanunvericiliklə saxlanılması və satışı tələblərinə cavab verən əczaçılıq müəssisələrinin siyahısının hazırlanaraq Analitik Ekspertiza Mərkəzinə və Respublika Narkoloji Mərkəzinə təqdim olunduğu bildirilib.
Sonda Analitik Ekspertiza Mərkəzinin, Respublika Narkoloji Mərkəzinin və İnnovasiya və Təchizat Mərkəzinin rəhbərləri toplantı iştirakçılarını maraqlandıran sualları cavablandırıb.