Şəfəqə Doğru » Mədəniyyət » MƏKTƏBİN ARXASI

MƏKTƏBİN ARXASI

MƏKTƏBİN ARXASI


.Sovet hökumətinin kəndimizə bəxş etdiyi ərmağanlardan biri də kəndimizin məktəbi idi. Tam şəhər tipli, 3 mərtəbəli , içində hər cür şəraitin təmin edildiyi məktəb 

Məktəb koridorlarla birləşdirilmiş iki binadan ibarət idi.

Çox insanlar görmüşdü bu məktəb. Fərqli zamanlarda bir çox müəllimlər, şagirdlər, işçilər, yoxlamalar, qonaqlar, və daha başqa zümrələrdən başqa- başqa insanlar görmüşdü.Çox hadisələr yaşanmışdı içərisində,hansı ki, bu hadisələrin hamısı dərslərlə, oxumaqla, tərbiyələnməklə əlaqəsi filan olmamışdı .

Məktəb deyəndə ilk ağla gələnlərin nə olduğunu sadalamağın mənası yoxdur. Bircə gün də olsa məktəbə getmiş hər kəs məktəb deyəndə ilk ağla gələcəkləri əzbərə deyəcək. Ancaq ən son ağla gələcək şeyi soruşsaq hər kəs bilməzdi bunun cavabını. Həmin vaxtlar məktəbdə "məktəb” deyiləndə ən son ağla gələn şey MƏKTƏBİN ARXASI idi.

Əslində "məktəbin arxası” ifadəsi yox idi kənddə,orjinalda "məktəbin dalı” deyilirdi.

Məktəbin arxası yaxşı yer hesab edilmirdi. Ora nədənsə yaxşı ad çıxarmamışdı. Hərçənd ki, yaşıllıq, söyüd, iydə ağacları orada daha çox idilər, ancaq "məktəbin arxası”deyiləndə niyəsə bir eyiblilik bürüyürdü beyinləri. "Bəlkə məktəbin arxasında tikilmiş tualetlərdən dolayı belə idi” deyə bilərdi kimsə. Əsla belə deyildi.Axı kənddə hər kəsin evindəki tualetdən daha yaxşı tikilmiş və təchiz edilmişdi onlar. Yenə "Sovet hökumətinin ərmağanlarından idi”- yazılmalıdır.

Dava-dalaşlar ucbatındanmı pis yer olmuşdu məktəbin arxası? Məktəbli oğlanlar bir-birilərini döyürdülər orada bəzən. Nəinki məktəblilər, hətta məktəbi bitirmişlər də, əsgərlikdən geri gəlmişlər də dava edirdilər hərdən. Ancaq, dava təkcə burada olmurdu axı. Kəndin hər yerində ola bilərdi dava, olurdu da. Ən çox da DƏMYƏ adlanan ərazidə. Di gəl, kimsə bu səbəbə görə DƏMYƏ tərəfə eyibli yer kimi baxmazdı. Məktəblilər və ən əsası müəllimlər heç pis baxmazdılar DƏMYƏ deyilən yerə...Ancaq, MƏKTƏBİN ARXASINA pis baxırdılar.Eyibli yer idi ora. Niyə bəs?

Kənddə "SEVMƏK” sözünü kimsə işlətməzdi o vaxtlar. Nə böyük, nə kiçik o kəlməni ağızlarına almazdılar.Xarici kinolar,seriallar,romantik türk musiqiləri isə yeni-yeni həyatlara nüfuz edirdi. Hər nə qədər ekranlardan, maqnitofonlardan eşıdilmiş olsa da "sevmək” sözcüyünün kənddə dilə gətirilməsi eyib sayılırdı. Böyüklər üçün əttökən, kiçiklər üçün utancveri söz idi. Ancaq, cavanlar onu başqa bir ifadə ilə əvəzləyə bilmişdilər-QIZ İSTƏMƏK ifadəsiylə. Axı eşq əngəl tanımırdı. Belə demək olardı. Bəs, kimlər deyə bilərdi bunu? Ancaq CAVANLAR.Cavanlar ya əsgərlikdən qayıdanlara, ya da İnstitut tələbələrinə deyilirdi.Onlar qız istəyə bilər və bu ifadəni rahatca dilə gətirə bilərdilər- "qız istəmək”.

Bəs məktəbdə QIZ İSTƏMƏK ifadəsi olsaydı? Bu çox pis olardı. Olurdu. Gizlindən olmalı idi.Çünki bütün məktəblilər UŞAQ sayılırdılar. Hətta 15 yaşını ötmüş,üstəgəl, 8-ci sinif "İnsan” dərsliyində çılpaq qadın və çılpaq kişi şəkilləriylə insanı tam öyrənmiş sayılan YENİYETMƏLƏR də. Onlar qız istəyə bilməzdilər. Çünki ifadənin içində "istəmək” vardı. İstəmək arzulamaq demək idi, arzulamaqda isə "şəhvət” gizlənirdi. Bunu məktəbli yeniyetmələrin bəziləri bilmirdilər əslində .Bunu açığa vuran müəllimlər idi. Onlar hansısa məktəbli haqqında bu ülvi xəbəri eşidəndə ilk cümlələri belə olurdu "Buna bax ,bığı çıxmamış qığı çıxır”. Sözün düzü, qadın müəllimələr bu cümlədəki "qığ” ilə nəyi nəzərdə tuturdular - bilmək çətin idi. Çoxusu paxıllıqdan belə edirdi. Onların məktəbli çağları, gənclik çağları zay və mənasız keçmişdi yəqin ki. Onlar əsl adı "SEVMƏK” olan, ancaq kəndin "əxlaqi

zərbələri”indən sonra "qız istəməy” -ə çevrilən bu ülvi hissə düşmən idilər.Bu hissi beşiyindəcə boğmaq üçün isə ən qəddar yolu seçirdilər- SEVMƏYİ və SEVƏNİ ayıblayırdılar. Bəziləri isə dəhşətli bir təhlükənin gəlişi kimi görürdülər, "bunun sonu pozğunluq olar” deyirdilər.Onlar üçün "qız istəmək” elə ancaq arzulamaq mənasına gəldiyindən belə düşünürdülər.Güdürdülər, "görüşüb filan edərlər” deyib dedektivlik havasına girirdilər. Halbuki, illərdən bəri məktəblilər bu məktəbin içində, özləri də,adları da bəlli olmaqla, hansısa "görüşlər” keçirən, hansısa "arzular yaşayan” bəzi "yanıq”,”şorgöz”, üzdəniraq , dırnaqarası müəllimlərdən xısın-xısın danışırdılar.Bu "məcaralar”ın ən yaxşı bilənləri də elə yerdə qalan əxlaqlı müəllimlər özləri idilər.

Məktəbdə sevmək,başqa adıyla qız istəmək eyib sayılırdı.Kimsə bu hissini açığa çıxarmış olsa lağ hədəfinə çevrilirdi.Təkcə özümü ? Təbii ki yox,həm də sevdiyi,yəni, istədiyi qız da lağa qoyulacaq idi.Deməli , sevgini məktəbdə gizlətmək məcburiyyət idi. Bəs bu alov haradasa görünməlidir axı.Sadəcə, bir yeri, bir sinəni, bir ürəyi yandırmalı deyil axı bu ülvi hiss. Bəs harada açılsın bu eşq dəftəri..? Qızın hər gün bəzənib, daranıb, səliqəli geyinib gəldiyi və beləcə onu sevəni n gözlərinə işıq, ürəyinə titrəyiş verdiyi yer məktəb deyilmi? Bu halda buradan başqa yerdə niyə açılsın ki bu dəftər? Amma,məktəbdə olmazdı,eyib idi sevmək.

Min bir bəla ilə sevdiyini razı sala bilərdi sevən məktəbli oğlan. Sadəcə bir cümlə deyə bilmək üçün. Bəlkə də iki,gücü yetsə, dili dolaşmasa üç cümlə üçün. Nə zülümlər çəkərdi içərisində.Neçə qiz yoldaşına xahiş minnət edərdi, varsa qohum qızları, onlara yalvar-yaxar edərdi ki sevən yeniyetmənin o qıza sözü var,onu dinləsin. Ona aman versin, əslində bağıraraq deməyə haqqı çatan bir cümləni, heç olmazsa, pıçıldayaraq ona desin.Bəs harada deyəcək sözünü? Qız soruşacaqdı bunu. Axı bu nədirsə qeyri-adi bir sözdür.Hər kəsin olduğu yerdə deyiləcək olsaydı bu qədər xahiş-minnətçi lazım olmazdı.Yer var idimi doğurdan da, o sözün deyilə biləcəyi yer? O açılışa şahid olacaq yer, onları qınaqdan qoruyacaq yer, sevgiyə işıq tutası, arxasınca su atası yer var idimi bu məktəbdə? Tək məktəbdə yox, bütün bu böyük kənddə ?

...Tək bir yer vardı "bil ki ,səni sevirəm” deyilə biləcək bir yer---MƏKTƏBİN ARXASI.

Ona görə eyibliydi o yer. Orada sevmək vardı, etiraf , ülviyyət və azadlıq vardı.

 

Ruzigar