"Mən o sözləri özümə şamil etmirəm, çünki mən gəncəli deyiləm”.
Bu sözləri tanınmış teleaparıcı Afaq Gəncəli deyib.
O millət vəkili Fazil Mustafanın "Əlimdə imkan olsaydı,bir çox peşə sahiblərin, ələxsus da şou-biznes təqdimatçılarına, müğənnilərə hansısa bölgə adının götürməsini yasaqlayardım” fikrinə münasibət bildirib.
O gəncəli olmadığını deyib: "Mən dəfələrlə efirlərdə də söyləmişəm ki, mənim soyadım bölgə adı deyil. Babam şair dramaturq yazıçı Novruz Gəncəlidir. Atam da gəncəli soyadını daşıyır, mən də bu soyadla doğulmuşam. Əslində "Gəncəli deyil, Gənc Əlidir”. Nə o bölgənin adın götürmüşəm, nə də o bölgə ilə adiyyatım yoxdur.”
Müğənni Xuraman Şuşalı isə məsələyə belə reaksiya verib: "Mənə bu soyadı ölməz bəstəkarımız Süleyman Ələskərov verib. O mənə dedi ki, sən Şuşalı olduğuna görə, bundan sonra efirdə sənə Xuraman Şuşalı deyiləcək. O vaxt 16 yaşım var idi. O zamanlar bu cür ləqəblər çox idi, indi mənim 37 yaşım var və düşünürəm ki, özümü səviyyəsiz aparmıram. Deputatın dedikləri mənə aid deyil”
Qeyd edək ki, Fazil Mustafa hesab edir ki, müğənnilər bölgələrin adına xələl gətirirlər: "Adam ictimai diqqətin yönəldiyi yerlərdə səviyyəsiz, ədəbsiz, yüngül hərəkətlər etməklə yanaşı, həm də bütöv bir bölgəni töhmət altında qoyur, yaxud da ironiya hədəfinə çevirir. Həm də bu mənasız və gərəksiz bir regionçuluq duyğusunu cəmiyyətimizdə cücərdir. Naxçıvanlı, Gəncəli, Borçalı, Bərdəli, Qazaxlı, Lənkəranlı, Tovuzlu, Xaçmazlı və s. bölgəsəl təxəllüslər götürüb abırlı davrana bilmirsənsə, niyə kimsə məhz o bölgədən olduğuna görəsənin davranışından xəcalət çəkməlidir?” (shafaqadogru.com)