Şəfəqə Doğru » Mədəniyyət » Aktyor direktora qalib gəldi, işə bərpa edildi — MƏHKƏMƏ

Aktyor direktora qalib gəldi, işə bərpa edildi — MƏHKƏMƏ

Aktyor direktora qalib gəldi, işə bərpa edildi — MƏHKƏMƏ
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Əjdər Zeynalovun işə bərpasıyla bağlı Binəqədi Rayon Məhkəməsinə etdiyi müraciətə baxılıb.
Bu barədə "Ölkə.Az"-a Əjdər Zeynalovun vəkili Adəm Orucov məlumat verib. Onun sözlərinə görə,  hakim Almaz Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə aktyorun işə bərpasıyla bağlı qərar çıxarılıb:
"Məhkəmədə məlum oldu ki, İftixar Piriyevin Əjdər Zeynalova qarşı irəli sürdüyü ittihamların hamısı qondarmadır və Zeynalovun əleyhinə hazırlanmış sənədlərə qondarma şahidlər imza atıblar. Haqlı qərar çıxardığı üçün Binəqədi məhkəməsinin hakimi Almaz Süleymanovaya təşəkkürümü bildirirəm".
Qeyd edək ki, aktyor oktyabrın 10-da direktor barədə verdiyi açıqlamalar səbəbindən işdən çıxarılmışdı. Aktyorun həmin vaxt saytımıza açıqlamasında bildirmişdi ki, İftixar Piriyevin ona qarşı irəli sürdüyü ittihamlar əsassızdır:
"Mən səhər 10-un yarısında qol çəkməyə gəldim. Bildirildi ki, tabel hələ hazır deyil. On beş dəqiqə sonra yenidən qol çəkməyə gedəndə dedilər ki, Əjdər müəllim, siz qol çəkməyin, işdən çıxmısınız. Direktor İftixar Piriyevin təzyiqi ilə kollektivin bir neçə üzvü üzümə dayandı ki, guya 11-in yarısı gəlmişəm. Amma məsələ bununla bitmir. Axıra qədər mübarizəmi davam etdirəcəyəm. Əmrdə yazılanlar şər-böhtandır. İki günün içində haqqımda 4-5 təqdimat, şiddətli töhmət verildi. Bunun hamısı quramadır. Truppa müdiri Nemətova da üzümə dayandı ki, hə, gecikmisən. Ancaq İftixar Piriyev mənə dedi ki, adın siyahıda var, amma qol çəkməmisən. Əməkdaşlar şahiddirlər ki, işə vaxtında gəlmişdim. Ondan əvvəl də guya üç saat tez işdən çıxıb getmişəm, işin ahəngini pozmuşam. Məşqi olmayan adam burada nə etməlidir? İftixar Piriyevin 17 illik yarıtmaz fəaliyyətini tənqid etdiyim üçün, o da məni qərəzli şəkildə işdən çıxartdı. Bunun başqa adı yoxdur".