"O, hər muğama, hər şöbəyə uyğun qəzəllər tapar, oradakı ərəb-fars sözlərinin mənasını soruşub öyrənər və onları çox düzgün oxuyardı”.
Akademik Vasif Məmmədliyevin xalq artisti Məmmədbağır Bağırzadə haqda dediyi bu fikir unudulmaz müğənninin təkcə sənətə sevgisini yox, həm də peşəkarlığını göstərən sadə nümunələrdən biridir.
Məmmədbağır Bağırzadə 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlib.1979-cu ildə A.Zeynallı adına Musiqi Texnikumunun muğam şöbəsində xalq artisti Əlibaba Məmmədovun sinfində dərs alıb, daha sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
Onun yaradıcılıq dövrü sənətin çiçəkləndiyi vaxta təsadüf edirdi. Həmin dövrdə Rübabə Muradova, Şövkət Ələkbərova, Zeynəb Xanlarova kimi müğənnilər parlayırdı. Məmmədbağır Bağırzadə adətən, öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına da tez-tez üz tuturdu. Onu televiziyaya gətirən və yaradıcılığında xüsusi rol oynayan şəxs bəstəkar Ələkbər Tağıyev olub. Ələkbər müəllim ona bayağı mahnılardan uzaq durmağı, mənalı şeirə bəstələnən bəstəkar mahnıları, klassik şairlərin qəzəllərinə müraciət etməyi məsləhət görərdi. Məmmədbağır ustadına hörmət əlaməti olaraq hər konsertini məhz Ələkbər Tağıyevin bəstələdiyi "Azərbaycan oğluyam” mahnısı ilə açardı.
Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə: