Azərbaycanın məşhur simaları Milli Televiizya və Radio Şurasına (MTRŞ) müraciət ediblər. "Qafqazinfo” xəbər verir ki, bu müraciət müğənni Nura Surinin "facebook” səhifəsində yazdığı statusdan sonra başlayıb.
Belə ki, sənətçi MTRŞ-dən efirə çıxan aparıcılarla bağlı ölçü götürülməsini istəyib:"Bu reytinqi nəyə əsasən təyin edirlər? Kim edir? Necə olur ki, dünən yazdığım statusa bu qədər adam şərh yazır və hamı dəstəkləyir. Deməli, hamı efirlərdəki vəziyyətdən narazıdır. MTRŞ-ə bir çox müğənnilərin adından müraciət edərək xahiş edirik ki, bu barədə ölçü götürülsün və müvafiq qaydalar tətbiq olunsun. Milli-mənəvi dəyərlərimizə zidd, uşaqlarımızın mənəviyyatını korlayan bəzi proqramlara, eləcə də, verilişlərin məzmununa nəzarət olunsun”.
Daha sonra əməkdar artist Lalə Məmmədova da həmin postu paylaşaraq belə şərh yazıb:
"Nə təhsilləri var, nə tərbiyələri, nə musiqi anlayışları, nə də dünya görüşləri. Ancaq millətə əxlaq, mənəviyyat dərsi keçirlər. Vay halımıza ki, bizi layiqsizlər təmsil edir. Müvafiq qurumların bunu görməzdən gəlməsi mənəviyyatımıza ən böyük zərbədir”.
Bu müraciətə digər məşhurlar da qatılaraq MTRŞ-yə müraciət ediblər. Onlar arasında Günay İbrahimli, Nadir Qafarzadə, Kərim Abbasov, Səidə Sultan və Elvin Abdullayevdir.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov isə məşhurlaırn müraciətini belə şərh edib:
"Yeni TV və radio mövsümü başlayır. Biz monitorinqləri bir qədər də gücləndirəcəyik. Bununla belə, deyim ki, dəfələrlə yayımçılara tövsiyə edirik ki, verilişlərə cəmiyyətdə nümunəvi olmayan imicə malik insanları çıxarmasınlar. Bu gün şou nümayəndələri narahatçılıq bildirir. Amma çox təəssüf ki, bu gün efirdə xoşagəlməz halların yaşanmasında elə şou nümayəndələrinin də payı az deyil. Verilişlərdə iştirak edən bəzi müğənnilər, hətta aşıqlar nə danışıqlarını, nə geyimlərini, nə də davranışlarına bilirlər. Ümumiyyətlə, TV və radioda vəziyyətin Şurada müzakirəsi gözlənilir”.