Şəfəqə Doğru » Təhlil » "...Azərbaycanda su təchizatının vəziyyəti qorxulu həddə çatıb..."-Alimdən düşündürücü açıqlamalar

"...Azərbaycanda su təchizatının vəziyyəti qorxulu həddə çatıb..."-Alimdən düşündürücü açıqlamalar

"...Azərbaycanda su təchizatının vəziyyəti qorxulu  həddə çatıb..."-Alimdən düşündürücü açıqlamalar
Dünyanın ali təşkilatlarından sayılan BMT Baş Assambleyasının 1992-ci il 22 dekabr tarixli Qətnaməsinə əsasən 22 mart Ümumdünya Su Resursları Günü kimi qeyd olunur. Bu günün təyin olunması və keçirilməsində əsas məqsəd ilk növbədə bəşəriyyətin diqqətini həyat mənbəyi olan və getdikcə tükənən içməli sudan səmərəli istifadəyə, mövcud su resurslarını qorumağa yönəltmək, dünya əhalisinin təmiz, içməli su ilə təminatı istiqamətində diqqəti cəlb edən qlobal problemlərin həlli məqsədilə zəruri addımlar atmaq və bəşəriyyəti birgə fəaliyyətə çağırmaqdır.

Mövzu  ilə  bağlı MODERN.AZ saytının əməkdaşı Elnur  Eltürk  fəlsəfə elmləri doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü Əziz Əbdüləzizdən müsahibə  götürüb .
Alim   "Ölkəmizdə əhalinin içməli su ilə təminatında real vəziyyət necədir?"  sualına belə cavab verib:
 

- Bu gün əhalinin təmiz, içməli su ilə təminatı birbaşa dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə sistemli addımlar atılır, müvafiq işlər görülür, yeni su anbarları tikilir, su təmizləyici qurğular quraşdırılır və s. Azərbaycan öz vətəndaşına, onun sağlam həyatına həssas yanaşan, bu sahəyə təmənnasız olaraq milyonlarla vəsait ayıran nadir ölkələrdəndir. Lakin problem ondan ibarətdir ki, Azərbaycan mövcud su ehtiyatları və adambaşına düşən içməli suyun miqdarına görə dünyada hətta kritik həddən aşağı göstəriciyə malik ölkələr sırasındadır. BMT ekspertlərinin hesablamalarına görə, 13 dövlət, o cümlədən sabiq SSRİ-dən Türkmənistan, Moldova, Özbəkistan və Azərbaycan içməli su sarıdan ən zəif təmin olunmuş ölkələrdir. Beynəlxalq Dünya Ehtiyatları İnstitutunun qiymətləndirməsinə əsasən, dünya üzrə adambaşına ildə 7,4 min kubmetr içməli su düşürsə, Azərbaycanda bu göstərici 972 kubmetr, yəni kritik hesab edilən 1,7 min kubmetr həcmindən 2 dəfə azdır. Müqayisə üçün qeyd edək ki, qonşularımızda, konkret olaraq Rusiyada bu göstərici 29,4, İranda 19,9, Gürcüstanda 11,3, Ermənistanda isə 2,9 min kubmetrdir. Bir sözlə, həm beynəlxalq təşkilatların hesabatlarına, həm də ölkədə bu istiqamətdə araşdırmalar aparan alimlərin gəldiyi nəticələrə əsasən Azərbaycanda su təchizatının vəziyyəti ölkənin milli təhlükəsizliyi üçün artıq qorxulu həddə çatmışdır. Bütün bu məqamlarla yanaşı, o da xüsusi olaraq qeyd olunmalıdır ki, ölkə üzrə ümumi su ehtiyatları orta hesabla 28,5 - 30,5 kubkilometr təşkil edir, quraqlıq illərdə bu göstərici 22,5 kubkilometrə qədər azalır. Üstəlik, Azərbaycanın su təchizatı 50-80 faiz xarici mənbələrə bağlıdır. Konkret olaraq, ölkəmizin, eləcə də Cənubi Qafqazın əsas su arteriyaları hesab olunan Kür və Araz çaylarının və onların bəzi qollarının aşağı axınında yerləşməsi respublikanın su problemlərini daha da dərinləşdirir və onun su ehtiyatlarını qonşu ölkələrdə bu çay sularının istifadə səviyyəsindən asılı edir.

Qonşu ölkələrin, daha dəqiq desək Gürcüstan və Ermənistanın həmin çaylardan necə istifadə etdiyi isə heç kəsə sirr deyil.

- Firkir verin, Azərbaycan ətraf mühitin qorunması sahəsində 17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən BMT-nin "Sərhədyanı su axınlarının və beynəlxalq göllərin qorunması və onlardan istifadə haqqında” Helsinki Konvensiyasının iştirakçısı olsa da, Rusiya və İrandan fərqli olaraq, bu konvensiyalara qoşulmayan Gürcüstan və xüsusilə Ermənistanla adı çəkilən problemin hüquqi müstəvidə həlli imkanları məhduddur. Problemlərdən biri və ən əsası budur. Gürcüstan və Ermənistan Kür və Araz çayları suyunu istehlak edərkən, heç bir saziş imzalamadan kortəbii yolla, kim nə həcmdə və necə istəyir istifadə edir. Bu faktın özü problemi daha da ağırlaşdırır və araşdırmalar da göstərir ki, hər iki çayın suyu qonşularımız tərəfindən amansız cirklənməyə məruz qalır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsissləri Kür və Araz çaylarının monitorinqi zamanı suyun fenol və mis birləşmələri ilə çirklənməsini aşkar etmişlər. Gürcüstanın Qardabani şəhəri yaxınlığında Kürə mütəmadi olaraq azot birləşmələri tullanılır. Ermənistanla sərhəddə, Araz çayında fenol və mis birləşmələrinin miqdarı normadan bir neçə dəfə artıqdır. Heç də təsadüfi deyil ki, son 40 il ərzində Salyan və Saatlı şəhərləri yanında Kür çayı suyunun minerallığı 3 dəfədən çox artaraq, hər litrdə 1020-1030 milliqram olmuşdur. Ümumiyyətlər isə, yerli mütəxəssislərin hesablamalarına görə, Gürcüstan və Ermənistan ərazilərindən gələn çirklənmiş suların ümumi həcmi ildə 470 milyon kubmetr təşkil edir.

 - Axı ölkə ərazisində su təmizləyici qurğular mövcuddur və ən müasir tələblərə cavab verən həmin avadanlıqlar problemin qarşısını qismən də olsa alır.

- Sizin də qeyd etdiyiniz kimi, qismən də olsa... Ölkənin 75 şəhər və rayon mərkəzlərindən yalnız 50-yə yaxınında təmizləmə qurğuları fəaliyyət göstərir. Üstəlik, bir sıra rayonlarda sanitar-gigiyenik normalara cavab verən keyfiyyətli içməli su mənbələri yoxdur. Bunun da real nəticəsi olaraq Kür və Araz çayları boyunca məskunlaşmış əhali arasında çirkli sudan istifadəyə görə infeksiya xəstəlikləri epidemiyasına da təsadüf edilir. Təəssüflə qeyd etmək lazımdır ki, son illər Azərbaycanda əvvələr çox az rast gəlinən xəstəlik yayılmaqdadır. Söhbət diaqnostikası mürəkkəb, müalicəsi cox bahalı və orta gəlirli insanlar üçün belə əlçatmaz olan uşaq autizmindən gedir. Həkimlərin fikrincə, xəstəliyin əsas səbəbi hamiləlik dövründə ananın keyfiyyətsiz içməli sudan istifadə etməsi olur. Müxtəlif mənbələrdən daxil olmuş, lakin dəqiqləşdirilməmiş məlumatlara görə, bu gün Azərbaycanda 40 minə qədər uşağın bu bəlaya düçar olduğu bildirilir. Üstəlik, bu gün Kür və Araz çaylarında elə mikroblar və zərərli maddələr mövcuddur ki, onları hətta ən müasir su təmizləyici qurğular belə təmizləmək gücündə deyil və ya çox çətinliklə təmizlənir. Məsələn, fenol və mis birləşmələri, yaxud müxtəlif asılqan maddələri götürək. Odur ki, bu barədə ciddi düşünmək lazımdır. Özü də yubanmadan.

- Ölkədə əhalinin təmiz, içməli su ilə təminatı baxımından həlli vacib olan daha hansı problemləri qeyd etmək olar?

- Bu istiqamətdə daha iki problemi qeyd etmək istərdim. Məlumdur ki, ölkənin regionlarında beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə kanalizasiya sistemlərinin yaxşılaşdırılması, sutəmizləyici qurğuların inşası davam edir. "Azərsu” QSC Dünya Bankı, Asiya İnkişaf Bankı və digər maliyyə qurumlarının, eləcə də ölkə büdcəsinin vəsaitləri hesabına su anbarlarının, kəmərlərin, təmizləyici qurğuların tikintisi və yenidən qurulması işlərini həyata keçirir. Lakin görülən işlərin keyfiyyəti və sürətinə diqqət artırılmalıdır. Xüsusən də ölkədaxili supaylama şəbəkələrində mövcud itkilər təchizat məsələlərində ən böyük problemlərdən biri olaraq qalır. Yerli mütəxəssislərin müxtəlif vaxtlarda apardığı hesablamalara görə, bu itkilər 25-30 faiz civarındadır. Yaranmış vəziyyətin əsas səbəbləri bir tərəfdən, supaylama şəbəkəsi infrastrukturunun, xüsusən qəsəbədaxili məhəllə və küçələrdə, çox köhnə olması, içməli suyun park və xiyabanların, eləcə də şəxsi bağ və bostanların suvarılmasına, çoxsaylı avtoyuma məntəqələrində və müxtəlif sənaye müəssisələrində texniki su əvəzinə istifadə olunması, digər tərəfdən, su həcmləri uçotunun qeyri-dəqiqliyi, milli, regional və yerli səviyyələrdə zəif təşkilatçılıq, istismar və idarəçilik kadrlarının azlığı, ümumilikdə, su təsərrüfatının texniki geriliyidir. Bu siyahıya, yəqin ki, qanunvericilik bazasının zəifliyini, suya qənaət konsepsiyası və prinsiplərinin olmamasını, zəif təbliğat işini da ələvə etmək olar. Digər vacib məqam təşkilatçılıqla bağlıdır. Belə ki, bu gün fərqli növ sulardan (red: içməli, suvarma, texniki) istifadə müxtəlif qurumlar tərəfindən idarə edilir. SSRİ vaxtında bu idarələrin vahid hesabatları var idi, informasiya mübadiləsi mövcud idi, problemlər koordinasiyalı şəkildə həll olunurdu, indi isə praktiki olaraq, ümumi informasiya yox dərəcəsindədir. Yerlərdə bazar idarəetmə üsullarının tətbiqi, müxtəlif obyekt və infrastrukturun özəlləşdirilməsi, suya və su xidmətlərinə görə ödəmələr bazar tələbatının formalaşmasına xidmət edir. Bunu müsbət hal kimi qiymətləndirmək olar, lakin keyfiyyət məsələlərinin həlli dövlətin öhdəsinə buraxılıb. Cənubi Qafqazda suyun keyfiyyəti və onun səmərəli idarə olunması problemləri konflikt şəraitində olan tərəflərin qarşılıqlı əlaqələrində əlavə problem amilinə çevrilib.

- Əziz müəllim, mövcud problemlərə toxunduq. Lakin bir mütəxəssis və alim kimi siz problemlərin həllini necə görürsünüz və bu istiqamətdə hansı təkliflər verə bilərsiniz?

- Mənim və bu sahədə həmfikir olduğum təcrübəli alim və mühəndislərin gəldiyi nəticə budur ki, qarşılaşdığımız vəziyyətdən çıxmaq üçün təcili tədbirlər həyata keçirilməlidir.

1. Hazırda ölkədə su təchizatı ilə məşğul olan bütün strukturları özündə cəmləyən xüsusi vahid bir qurum yaradılmalıdır və bu quruma əsas vəzifələr kimi aşağıdakılar tapşırılmalıdır: - Ölkədə bu sahədə fəaliyyət göstərən bütün təşkilatların işini koordinasiya etməklə su ehtiyatlarının idarə edilməsi proseslərini beynəlxalq tələblər səviyyəsinə qaldırmaq, o cümlədən Kür və Araz sularının təmizlənmə dərəcəsinin artırılması, bu və ölkə ərazisində axan digər çaylara ekoloji standartların tələblərinə cavab verməyən sənaye və məişət tullantılarını axıdılmasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirmək; - perspektiv inkişaf proqramlarını hazırlayıb ölkə rəhbərliyinə təkliflər təqdim etmək, o cümlədən Kür və Araz çaylarının suyundan asılılığın qismən azaldılması məqsədilə növbəti 5-6 il ərzində ölkə ərazisində yeni su ehtiyatlarını aşkar edib onlarıın istismara daxil edilməsi təkliflərini hazırlamaq; - ölkənin su ehtiyatlarının idarə edilməsi strategiyasının hazırlanmasında və həyata keçirilməsində əsas icraçı vəzifələrini yerinə yetirmək.

2. Ölkənin su sənayesinin inkişafında yaxın perspektiv üçün əsas hədəflər kimi su təchizatı infrastrukturunun yenilənməsi, itkilərin xeyli azaldılması, su təsərrüfatının istismarı və idarə edilməsi üzrə müasir tələblərə cavab verən kadrların yetişdirilməsi, suya qənaət konsepsiyası və prinsiplərinin hazırlanması müəyyən olunmalıdır. Bu təkliflərə əlavə olaraq qeyd etmək lazımdır ki, yeni yaradılacaq qurum həm də "su diplomatiyası” prinsiplərini əsas turaraq, öz səylərinin önəmli bir hissəsini qonşu dövlətlərlə beynəlxalq su problemlərinin həllinə yönəltməlidir. Gürcüstanla danışıqlar aparmaq, problemlı məsələləri addım-addım həll etmək real görünsə də, düşmənçilik və terror yolunu seçmiş Ermənistanla ortaq məxrəcə gəlmək, inkişafı kritik həddə çatmış bir çox problemlər üzrə konsensus əldə etmək çox çətin olacaq, lakin mümkündür. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistanın ərazisində Kür və Araz çaylarına zəhərli maddələrin, çirkabın axıdılması və beynəlxalq göl olan Xəzər dənizinin ekologiyasına vurulan zərbə amilindən yararlanmalı, Qazaxıstan, Türkmənistan və İranın, eləcə də ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq qurumların bu prosesdə daha yaxından iştirakını labüd etmək üçün müvafiq hüquqi baza yaradılmalı, müxtəlif vasitələrdən istifadə edilməlidir. Burada cəmiyyətin bütün imkanları – alim və mütəxəssislərin samballı təhlil və təklifləri, millət vəkillərinin, ictimai xadimlərin və mətbuat nümayəndələrinin həm ölkədaxili, həm də xarici ölkələrdə fəal təbliğatı, nəhayət, diaspor nümayəndələrinin aktiv fəaliyyəti tələb olunur.

Gəlin, Allahın bizə verdiyi bu neməti çirkləndirməyək, israf etməyək! Suya qənaət - gələcəyimizi təmin etməkdir. Su israfçılığı gələcək nəslin həyatını məhv etmək deməkdir. Bu gün hər anımız üçün Allaha şükr edək və suyumuzu təmiz şəkildə gələcək nəsillərə ötürək!