Şəfəqə Doğru » Manşet » İndiki inflyasiya əhalini sürətlə yoxsulluğa aparır

İndiki inflyasiya əhalini sürətlə yoxsulluğa aparır

İndiki inflyasiya əhalini sürətlə yoxsulluğa aparır

Rövşən Ağayev

İMF-dən "sərtləşin” çağırışı: Hökumət "onsuz da yumşalmam” deyir

Beynəlxalq Valyuta Fondu ikirəqəmli inflyasiyanı əsas götürərək Azərbaycanda sərt-pul kredit siyasətinin davam etdirilməsini dəstəkləyir.
Ölkədə qeyri-leqal işsizliyin miqyasının sürətlə genişlənidiyi, əmək haqlarının ixtisarı nəticəsində əhalinin nominal gəlirlərinin azaldığı, onsuz da az olan qeyri-neft ixrac gəlirlərinin kəskin enməsi, kənardan dolanışıq üçün ailələrə göndərilən remitənslərin 2 dəfəyədək ixtisar olunduğu şəraitdə doğrudan da ikirəqəmli inflyasiya çox ciddi sosial şoklara səbəb ola bilər. İndiki inflyasiya səviyyəsi əhalini çox sürətlə yoxsulluq və sosial iztiraba sürükləyir.
Bir fakt deyim: təxminən 2 il əvvəl Dünya Bankı Azərbaycan əhalisinin 66%-ni yoxsul və orta təbəqə arasında qalan qrup adlandırmışdı. Bank ekspertlərinin yanaşması bu idi ki, bu kateqoriyaya aid edilənlər yoxsulluqdan çıxsalar da, orta sinfə daxil olmayıblar. Həmin 66%-ə gündəlik istehlakı o zamankı məzənnə ilə 4 dollardan çox, 10 dollardan az olanlar daxil idi. Amma bank ekspertlərinin belə bir zəruri qeydi olmuşdu: hər hansı daxili və xarici şok bu təbəqəni dərhal yoxsullar qrupuna sürükləyə bilər. Neftin qiymətinin kəskin enməsi fonunda ölkədə yaşanan sosial-iqtisadi böhran, ikirəqəməli inflyasiya məhz onların nəzərdə tutduğu şoklardan sayıla bilər.
Əlbəttə, indi yoxsulluğun alternativ ölçülməsi mexanizmi olmadığına görə, Dünya Bankının "66%-lik” qrupundan yoxsullar qrupuna nə qədər insanın keçdiyini demək çətindir. Amma Valyuta Fondu məhz bu riskləri nəzərə alaraq ikirəqəmli inflyasiyanın qarşısının alınmasını vacib sayır. Amma – bir əmma var: sərt pul kredit siyasətinin o şəraitdə inflyasiyacilovlayıcı makroiqtisadi alət kimi kəsəri olur ki, qiymət artımına səbəb olan amillər sırasında monetar amillərin payı yüksək olur. Monetar amillər o zaman aktivləşir ki, iqtisadiyyatda pul kütləsinin və kreditləşmənin yüksək səviyyəsi şəraitində Mərkəzi Bank həddən artıq aşağı %-li uçot siyasəti yürüdür.
Azərbaycanda isə son 2 ildə pul kütləsi 2 dəfə, kreditləşmənin həcmi 30% azalıb. Mərkəzi Bankın bank sektoru vasitəsilə iri dövlət şirkətlərinə və hökumətə ayrıdığı vəsaitləri nəzərə almasaq, onun kredit emissiyasınnda payı kifayət qədər kiçikdir. Bu baxımdan hazırkı şəraitdə Mərkəzi bankın uçot siyasəti pulyaradıcı və deməli nəticə etibarı ilə inflyasiyatörədici gücü də böyük deyil. O ölkələrdə sərt pul kredit inflyasiyanı boğmaqda effektli silahdır ki, həmin ölkələrdə milli valyutada geniş pul kütləsinin ÜDM-ə nisbəti 40-50%-dən az deyil – Azərbaucanda bu göstərici 16% ətrafındadı. Həmiin ölkələrdə kredit resurslarının ÜDM-də payı 50-70% intervalında dəyişir – Azərbaycanda bu göstərici 30%-in altındadır.
Yəni, Azərbaycanda indi şahidi olduğumuz ikirəqəmli inflyasiya məhz xeyli uzun müddət ərzində iqtisadiyatın "pulsuzlaşdırıldığı” şəraitdə baş verib.
Bu günkü iqtisadii reallıqda Azərbaycanda yüksək inflyasiyanı törədən səbəblər içərisində qeyri-monetar (sadə desək pula bağlı olmayan) amillərin rolu həlledicidir. İqtisadi nəzəriyyədə bu amillərin sırası çox genişdir: iqtisadiyyatın strukturunun deformasiyaya uğraması, iqtisadiyyatda yüksək inhisarıaşma səviyyəsi, siyasi və iqtisadi xarakterli gözlənilməz hadisələr, iqtisadiyyatın yüksək səviyyədə millitarizasiyası, büdcə-vergi və pul-kredit siyasətində buraxılan kobud səhvlər.
Bu amillərin hər birinin təsirini son dərəcə dəqiqliklə ölçmək üçün dərin və uzunmüddətli, komanda zəhməti olan araşdırmalara ehtiyac var. Əvvəllər Mərkəzi Bank inflyasiya proseslərində monetar və qeyri-monetar amllilərin tədqiqi ilə bağlı araşdırmalarının nəticələrini ictimailəşdirirdi və orada ayrı-ayrı amillərin payını da görmək olurdu. Son il yarımda belə məlumatlar görmək mümkün deyil.
Lakin qeyri-neft ÜDM-nin 10%-dək azalması, qeyri-neft ixrac gəlirlənin 50%-dən çox itirilməsi iqtisadiyyatın strukturunda ciddi problemlərin gözlə görünən əsas əlamətlərindən sayıla bilər. Neft gəlirlərinin 2 dəfəyədə azalmasını və bunun nəticəsində milli valyutanın 2 dəfəyədək dəyər itirməsini gözlənilməz iqtisadi proses saymaq olar. Milyardlarla manat kredit resurslarının korrupsiyanın yeminə çevrilməsi, bu resursların yerini doldurmaq üçün Mərkəzi Bankın iqtisadiyyatda dəyər yaratmayan "milyardlıq” kredit emissiyasına əl atması kredit siyasətində buraxılan kobud səhvin bariz nümunəsidir.
Hökumətin büdcə xərclərinə effektiv nəzarətə imkan yaradan nəticəli büdcə mexanizmlərinə keçə bilməməsi, büdcənin çiynində oturan izafi idarəetmə yükünü ixtisar edə bilməməsi yanlış büdcə siyasətinin təzahürü kimi gözdən keçirilə bilər.
Sonda yenə İMF-nin sərtləşmə təklifinə dönürəm: Azərbaycanda dəyər yaradan, "1 manatı 5 manata çevirən” rəqabətli real sektor mövcud olsa idi, Mərkəzi Bankın "yumşalmağı”ndan qorxmamaq olardı. Amma bir halda ki, ölkə iqtisadiyyatı bu qədər "oliqarxlaşıb”, dövriyyəyə buraxılan pullar monopoliyaların mədəsindən qurtula bilmir, Fondun əndişəsini də anlamaq olur.
Müəyyən bir dövr üçün monetar sərtlik o halda özünü doğruldur və gərəkdir ki, hökumət yuxarıda sadalanan qeyri-monetar amillərin hər biri ilə ayrıca mübarizə aparır, real, nəticələri ölçülə bilən, geniş ictimai-siyasi konsensusa əsaslanan islahat proqramı qəbul edir, vaxt itirmədən onun həyata keçirilməsinə başlayır.

Azadlıq.info