Qarabağın hələ ki, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan hissəsində rus dili "ikinci rəsmi dil” elan olunub. Belə ki, separatçıların qondarma "parlament”i "Dil haqqında qanun”a dəyişiklik edib. Müvafiq "qanun layihəsi” "parlament”də təsdiqlənib. "Sənədə” əsasən, yazışmalar erməni dili ilə yanaşı, ehtiyac olarsa, rus dilində də aparılacaq. İki dildə çap məhsullarının, dərsliklərin, arayış kitabçalarının, müxtəlif ədəbiyyatın nəşri təşviq ediləcək.
"Artsaxda Rusiya sülhməramlılarının uzunmüddətli mövcudiyyəti, çoxsaylı sosial və kommunikasiya problemlərinin birgə həllinin vacibliyi, tikinti, səhiyyə, elm və təhsil sahələrində əməkdaşlıq rus dilinin rolunun yenidən qiymətləndirilməsini zəruri edir”, – deyə "qanun”da qeyd olunub.
Məsələ ilə bağlı rəsmi Bakının mövqeyi açıqlanmayıb. Yəni Xarici İşlər Nazirliyi separatçıların ərazimizdə belə bir addım atması ilə bağlı bəyanat verməyib. Amma qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında məsələ ilə bağlı fikrini bildirmişdi. Ölkə başçısı qeyd etmişdi ki, Azərbaycan ərazisində tək bir dil var – Azərbaycan dili. Və heç bir ərazimizdə başqa bir dil rəsmi dil ola bilməz.
Analitiklər bildirirlər ki, separatçıların "ikinci dil” "qərarı” təxribat xarakteri daşıyır və heç bir hüquqi qüvvəsi yoxdur. Belə bir qərarla Qarabağ separatçılarının Rusiyaya yarınmaq istəkləri görünür ki, bəlkə mövcudiyyətlərini saxlaya bilələr. Əlbəttə, Rusiyadakı müəyyən dairələrin bu "qanun” xoşlarına gələ bilər, amma nə separatçılar, nə də həmin qüvvələr nəticə əldə edə biləcəklər.
Milli Məclisin deputatı Asim Mollazadə AYNA-ya dediyinə görə, separatçılar belə təxribatlar törətməklə göstərmək istəyirlər ki, qondarma "respublika” yaşayır, hansısa işlər görürlər, Rusiya ilə xüsusi əlaqələr qururlar: "Qarabağda qalmış erməni separatçılarının tör-töküntüləri oyun oynamaqdadırlar. İstisna deyil ki, bu oyunlara hansısa qüvvələr tərəfindən dəstək də var. Çünki oxşar texnologiyalar dəfələrlə istifada edilib – digər ölkələrin işğalda olan bölgələrində. Amma unutmaq lazım deyil ki, onların başının üzərində hər zaman Azərbaycanın dəmir yumruğu dayanıb, ölkəmizin gücü var. Ona görə də separatçıların oyunları heç bir nəticə verməyəcək. Üçtərəfli Bəyanatı pozacaq istənilən addım Azərbaycanı hərəkətə keçirə bilər. Bunun üçün Azərbaycanın gücü və imkanı var”.
"Separatçılar "Rusiya ilə daha sıx münasibətlər qururuq, Rusiyanın tərkibinə keçmək istəyirik” görüntüsü yaradıb, təxribatçılıq edirlər. Lakin bu, gülünc yanaşmadır. Hər kəs bilir ki, Azərbaycan bu oyunların reallaşmasına imkan verməyəcək. Bizim gücümüz var, yanımızda güclü dostumuz olan Türkiyə var. Nəticəsiz, mənasız addımlarla baş qatmaqdadırlar”, - deputat bildirib.
Rusiyanın mövqeyinə gəlincə, Mollazadə qeyd edib ki, Kreml həm Ermənistan ictimaiyyətində, həm də Ermənistanın siyasi sistemində öz təsirini saxlamaq istəyir: "Bu gün Ermənistanda əhalinin böyük hissəsi müharibə yox, normal həyat üçün mübarizə aparır. Yəni, cəmiyyət o qədər də Rusiya təsirində deyil. Siyasi sistemdə təsirini isə rəsmi Moskva qoruya bilir. Əlbəttə, Rusiya çalışır ki, hansısa qüvvə onunla əlaqə qurmaq istəyirsə, müəyyən dəstək versin”.
"Yenə deyirəm, Moskva orada təsirini saxlamaq istəyir. Faktiki olaraq Ermənistana Kreml dəstək verir. Rusiyanın ən böyük hərbi bazası Ermənistandadır. Bu, böyük dəstək deyilmi? Amma nəzərə almaq lazımdır ki, Azərbaycan bölgədə ən güclü orduya sahib ölkədir. Eyni zamanda, Azərbaycanın ən yaxın dostu, qardaşı Türkiyə bölgədədir. Rəsmi Bakı və Ankara prosesləri yaxından izləyir”, - deyə müsahibimiz vurğulayıb.
Deputat onu da qeyd edib ki, separatçıların belə gülünc addım atmasında bir niyyət də Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməkdir: "Rəsmi Bakı soyuqqanlılığını və səbrini qoruyur. Çünki Azərbaycan separatçıların hər təxribatına vaxt sərf edib fikir versə, o zaman ermənilər istəklərinə nail ola bilərlər”.