"Rüşvətin qarşısını almaq üçün tibb işçilərinin maddi vəziyyətinin yaxşılaşdırılması yolunda addımlar atılmalıdır"
Bunu "Toplum TV”-yə açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev deyib.
Avqustun 4-də Saatlı rayon mərkəzi xəstəxanasının baş həkimi Adəm Əliyev barəsində saxta sənəd hazırlamaq ittihamıyla cinayət işi açılıb.
Rayon prokurorluğundan bildirilib ki, baş həkim rüşvət almaqla əlillik sənədi düzəldib və müvafiq şəxsə 01.06.2019-cu il tarixindən 31.12.2019-cu il tarixinədək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 2 min 976 manat məbləğində pul müavinətinin ödənilməsini təmin edib.
Adəm Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadədə və vəzifə saxtakarlığında təqsirkar bilinir.
Azərbaycan Həkimləri İctimai Birliyinin həmtəsisçisi Aydın Əliyev deyir ki, rüşvət alan şəxslərin həbs olunması korrupsiyanın azalmasına müsbət təsir edə bilər, ancaq problemi kökündən həll edə bilməz: "Heç bir rüşvət alana haqq qazandırmıram və düşünürəm ki, işi kökündən həll etmək lazımdır. Məsələn, həkimin aldığı maaş aylıq 5 min manatdırsa və o, rüşvət alırsa, onu həbs etmək yox, hansısa bir "meydanda asmaq" lazımdır. Həkim 300 manat maaş alırsa da, rüşvət götürməməlidir, çünki o, işə düzələndə bilirdi ki, maaşı bu qədərdir”.
Həkim hesab edir ki, rüşvətin qarşısını almaq üçün tibb işçilərinin maddi vəziyyətinin yaxşılaşdırılması yolunda addımlar atılmalıdır: "Məsələn, maaşlar qaldırıla bilər və ya gənc mütəxəssislər güzəştli şərtlərlə mənzillə təmin edilə bilər. Gənc həkimlər xaricdə mütəxəssisləşib Azərbaycana işləməyə qayıdanda buradakı nöqsanları, təminatın azlığını görüb geriyə qayıdırlar. Bu çox böyük itkidir”.
İqtisadçı ekspert Azər Mehtiyev isə deyir ki, səhiyyədəki korrupsiyanın ləğv olunması istiqamətində hələlik real addımlar atılmayıb.
Onun sözlərinə görə, səhiyyədəki korrupsiyanın aradan qaldırılması üçün islahatlara start verilsə də, ortada nəticə yoxdur: "Səhiyyə sistemində icbari tibbi sığortanın tətbiqinə ötən ildən start verilib, proses bu ildən artıq bütün ölkədə həyata keçirilir. Ancaq təəssüf ki, ortada hələ real nəticə yoxdur. Əhalidən vəsaitlərin toplanmasına baxmayaraq, insanlar öz ciblərindən ödəniş edirlər”.
Ekspert bildirir ki, həkimlər vətəndaşlardan aldıqlarına əslində, rüşvət yox, ödəniş kimi baxırlar: "Həkimin göstərdiyi tibbi xidmətə görə haqqı ödənilmirsə, təbii ki, o, müvafiq xidməti göstərməyəcək. Əgər hökumət səhiyyə pulsuzdur deyib həkimin haqqını ödəmirsə, o da əhalidən rüşvət almağa məcbur qalacaq”.
Bu həftənin əvvəllində, avqustun 2-də Sabunçu rayonundakı 11 saylı poliklinikada çalışan 3 tibb işçisi vətəndaşlardan 150 manat məbləğində pul alaraq saxta "Covid 19” pasportu vermək üstündə saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, məsələylə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.