Şəfəqə Doğru » Gündəm » Əliyev ikinci 27 sentyabra hazırlaşır? - Rusiyaya xəbərdarlığın gizlinləri...

Əliyev ikinci 27 sentyabra hazırlaşır? - Rusiyaya xəbərdarlığın gizlinləri...

Əliyev ikinci 27 sentyabra hazırlaşır? - Rusiyaya xəbərdarlığın gizlinləri...
Daimi və qalıcı qələbə yoxdur. Ümdə məsələ zəfəri qoruyub saxlamaqdır. Yalnız dayanıqlı sülh var. Bizsə 10 noyabrdan sonra nəinki buna müvəffəq olmuşuq, stabilliyə belə nail ola bilməmişik.
Çox sadə teorem idi ki, Rusiya erməniməramlıları Qarabağın dağlıq ərazilərinə - ordumuzun girib, amma geri qayıtdığı bölgəyə yerləşdiriləndə heç bir sabitlikdən söhbət getməyəcək.
Anaxeber.info yaranmış gərgin və mürəkkəb situasiyanı bir neçə aspektdən təhlil edərək sual verir ki, indi nə baş verir - Azərbaycan növbəti 27 sentyabra hazırlaşır, yoxsa Rusiya ilə müvəqqəti informativ ritorikanı dəyişib?
Hələ bu da ayrı hadisədir ki, bir gündə iki problemli qonşuya - həm Rusiyaya xəbərdarlıq etmişik, həm İrana nota göndərmişik. Hər ikisi məntiqli idi, sən Paşinyanla görüşdə Ermənistan bayrağını qoşa qoy, bizim spiker gələndə yalnız İran bayrağı olsun, sonra da Xankəndinə yardım daşı, biz də ağzımızı ayırıb, gözümüzü döyüb Tehrana baxaq?!
Əlbəttə, bunun bir cavabı olmalıydı və nota həm də təkcə ermənilərə yük daşınmasına görə deyildi, Tehranda bizə edilən hörmətsizliyə operativ reaksiya idi...
...Eləcə də sən aylarla Qarabağda sülhyaratma prosesi adı ilə erməniyə ev tik, məktəb tik, yardım et, Laçın yolunu karvansaraya çevir, Ermənistandan gələn hər iti-qurdu Xankəndinə və ətraf ərazilərə burax, orada qalan erməni dəstələri 10 noyabr sənədinin 4-cü bəndinə əsasən bölgəni tərk etməli olduğu halda, hələ bizə atəş də açsınlar, indi də Şuşa ətrafında postlar qursunlar və biz bütün bunlara görə Rusiyaya təpinməyək?!
Bundan qabaq Jirinovskinin hürməsi, İsfəndiyar Vahabzadəni məhkəmə ilə hədələməsi göstərir ki, ən yüksək eşelonda olmasa belə, Moskva-Bakı arasında çox ciddi narazılıq, anlaşmazlıq var.
Rusiya Müdafiə Nazirliyinin Ermənistanı ən birinci müttəfiqi adlandırması, Sergey Şoyqunun bu ölkənin ordusunu yenidən modernizasiya edəcəklərini açıqlaması Azərbaycana verilən siqnaldır ki, düşməni təzədən silahlandırırıq. Niyə? Rusiya yeni müharibənin olmasını istəyirmi? - Qətiyyən.
Kreml bu təzyiqlə demək istəyir ki, Londondan Pekinə qədər uzanan projeyə, böyük güclərin marağında olan bu layihəyə, yəni (əslində açılması qeyd-şərtsiz reallaşacaq, sadəcə, ləngiyə bilər) Zəngəzur dəhlizi iqtisadi proyektinə mən də qoşulmalıyam. Azərbaycana məhz bunun üçün gah "Dağlıq Qarabağ silahlı birləşmələri”, gah Ermənistana açıq dəstək, gah Jirinovskinin hədə-qorxu ritorikası ilə təzyiq göstərilir.
Rusiya Zəngəzur dəhlizinin açılmasında şərikliyi istəyir. Ona görə yaxın həftələrdə, ən geci payızda bölgədə qısamüddətli hərbi əməliyyatlar istisna deyil. Qarabağdan çıxmayan erməni silahlıları atəşkəsi pozur, Moskvanın əlinə oynayır, üstəlik, sülh müqaviləsinin imzalanmasını yubadır.
Olduqca dolaşıq bir şəraitdə Azərbaycan Rusiya qarşısında susqun qalmır və 10 noyabr sənədinin əsas müddəalarını yadına salır. İlk dəfə belə xəbərdarlıq olunur. Sitat: Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb.
Ardınca MN anons edir: Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur. Buna son qoyulmalıdır.
Beləliklə, yeni antiterror əməliyyatları ilə Şuşa ətrafındakı kəndlərin götürülməsi gözləniləndir. Hətta Laçın dəhlizi nəzarətimizə keçə bilər.
Azərbaycan Prezidentinin son müsahibəsində biz peyk vasitəsi ilə dəhlizdən hər gün keçənləri izləyirik deməsi, Xankəndi ayağımızın altındadır söyləməsi bir mesaj idi ki, səbrin son həddi var.
Rusiyanın separatizmi dəstəkləməsi yeni hal deyil. Abxaziya, Cənubi Osetiya, Dnestryanı ərazilər, Donbas və s.
Lakin Qarabağın Rusiya ilə sərhədinin olmaması Moskvanın bu bölgədə yeni variantlar axtarışına çıxmasına səbəb olub. Beləcə, son hadisələrdən iki nəticə çıxara bilirik: Rusiya Zəngəzur dəhlizinin açılmasında iştirak etmək istəyir, elə bu səbəbdən sərhədə rus qoşunlarını cəmləyir, həm də Azərbaycan tərəfi xəbərdarlıq edir ki, Qarabağdakı küçüklərinin əl-ayağını yığışdırmasa, atəşkəsin pozulması hallarına son qoymasa (Kremlin təlimatı ilə Kəlbəcərin atəşə tutulması artıq öz məntiqi təsdiqini tapır), hər an Türkiyənin də dəstəyi, Böyük Britaniyanın siyasi xeyir-duası ilə Qarabağda qısamüddətli də olsa 27 sentyabrı təkrarlaya, yerdə qalan erməni dəstələrini silib-süpürə bilər. Buna görə heç kəs bizi qınamayacaq.
Moskvanın təzyiqlərində başqa faktorlardan biri də Rusiya Azərbaycandan Avrasiya və Gömrük İttifaqına və "ODKB"- yə üzv olmağı tələb edir, Əliyev doğru olaraq buna razılıq vermir, ona görə də Kreml indi Qarabağda ermənilərin əli ilə əks-həmlə əməliyyatı hazırlaya bilər. Bakı isə cavab verir ki, biz hazırıq, "Dəmir yumruq” işləkdir!
Ən azı MN-nin adını çəkdiyi ərazilərdə qurulan erməni postlarını darmadağın edəcəyi mümkündür - Muxtarkənd, Şuşakənd məntəqələri, Kəlbəcər və Laçın rayonlarının şərq istiqaməti...
Biz artıq sübut edirik ki, əvvəl də Rusiya ilə Qarabağ davası aparmışıq, indi də qarşımızdakı erməni yox, himayəçisi Kremldir. Eyni gündə Tehrana da nota göndəririk və Bakı separatçılara dəstək verən hər iki paytaxta Qarabağda hakimin kim olduğunu, sərhədləri daxilində suverenliyinə təhdid olan fəaliyyətlərə göz yummayacağını göstərir.
Kəsəsi, MN-nin xəbərdarlığı və digər açıqlamalar masada erməni qoşunların çıxarılması tələbini gücləndirməyə hesablanıb; əgər masada buna nail olunmasa, məcburetmə əməliyyatı mümkündür.
İndi top Rusiya tərəfindədir və masada buna razılaşarsa, ardınca Zəngəzur dəhlizi açılarsa, regionda dayanıqlı sülh üçün ilk addımlar atılmış olacaq. Bunun tezliklə baş verəcəyinə ümid azdır, bölgədə bir neçə günlük hərbi toqquşmalar gözləntiləri daha çoxdur.
Çünki MN-nin sərt xəbərdarlığından sonra əməli fəaliyyət gəlməsə, bu, Rusiyanın və ermənilərin əlini gücləndirəcək, bizim tərəfin dediklərinin söz olaraq qaldığı qənaəti yaradacaq. Odur ki, Bakı ikinci 27 sentyabrı daha lokal şəkildə təkrarlaya bilər. Ən maraqlısı isə budur ki, AzTV-nin süjetinin son cümləsi belə olub: "Hərbi Qənimətlər Parkının yanında ikinci belə park üçün də yer var...”
Bu, özfəaliyyət ola bilməz, dövlətin birinci televiziyası vasitəsi ilə verilən subliminal ismarışdır. Və biz Elçibəy hakimiyyətindən bu yana ilk dəfə Rusiyaya belə aqressiv dildə cavab veririk; əsla Qarabağda imperiya canişinliyi qurulmasına göz yuma bilmərik. Ümid edək ki, işlər diplomatik yollarla həll ediləcək, 27 sentyabrın təkrarına ehtiyac olmayacaq.
Anaxeber.info