Şəfəqə Doğru » Gündəm » Pakistanlı ekspert açıqladı: "Azərbaycanın alacağı bu döyüş təyyarələri nüvə başlıqlı raketlər də daşıyacaq"

Pakistanlı ekspert açıqladı: "Azərbaycanın alacağı bu döyüş təyyarələri nüvə başlıqlı raketlər də daşıyacaq"

Pakistanlı ekspert açıqladı: "Azərbaycanın alacağı bu döyüş təyyarələri nüvə başlıqlı raketlər də daşıyacaq"
"Azərbaycanın Pakistandan "JF-17 Block 3" modifikasiyalı qırıcıları alması mühüm hadisədir. Hazırda hər iki ölkənin güclü hərbi-siyasi əlaqələri var. Bununla belə, əməkdaşlıq artıq adət olunmuş hərbçilərin təlimləri və ya rəsmilərin qarşılıqlı səfərləri kontekstini aşmalıdır. Söhbət iki ölkə arasında hərbi texnikaların birgə istehsalı və qarşılıqlı alqı-satqısından gedir. Əməkdaşlıq perspektivlərimiz düşündüyümüzdən də genişdir”.
 
Bunu Sfera.az-a açıqlamasında Pakistanın Azərbaycan və MDB ölkələri üzrə mütəxəssisi dr. Mahmud Həsən Azərbaycanın Pakistandan "JF-17 Thunder" və "JF-17 Block 3" modifikasiyalı qırıcını almaq istəməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Pakistan son illər ərzində Azərbaycana hərbi, dəniz və hava qüvvələrinin hazırlığı baxımından yardımlar edir:

"Hər iki ölkə "JF-17 Thunder"in Azərbaycanla satışı üçün ciddi danışıqlar aparır və hazırda ilkin mərhələdədir. Ümumiyətlə, rəsmi Bakı 2007-ci ildən bəri Pakistandan "JF-17" çoxməqsədli qırıcıları almaq istəyini bildirib. Bununla paralel olaraq ən müasir döyüş təyyarəsi olan "JF-17 Thunder Block-III" almaq üçün də müraciət edib. 

Prinsip etibarilə rəsmi Bakının seçimi düzgündür. Məsələ ondadır ki, bu döyüş təyarələri öz növbəsində ən son radar sistemi, silahlar, elektron qurğular və yeni mühərrik sisteminə sahibdir. Bundan əlavə, döyüş təyyarəsinin çəkisi də yüngüldür və yeni böyük holoqrafik genişbucaqlı əsas ekrana, modifikasiya edilmiş pilot kabinasına sahibdir. Onu da qeyd edim ki, "JF-17 Thunder"lər ABŞ-ın "F-16 A" və Koreyanın "F-50" döyüş təyyarələri kimi 4-cü nəsil döyüş təyyarəsidir”.
 

M. Həsən qeyd edib ki, "JF-17 Thunder" döyüş təyyarələrinin müasir rəqibləri ilə müqayisədə çoxsaylı üstünlükləri də var:

"Hətta bu haqda məlumatlar dəfələrlə "Global Times", "Euro Asian Times" və bir çox məşhur hərbi jurnalların son hesabatlarında öz əksini tapıb. 
"JF-17 Thunder"in alınması Azərbaycanın hava hücumundan müdafiəsini və hava üstünlüyünü daha da təkmilləşdirəcək. Məsələ ondadır ki, döyüş təyyarəsi ağıllı səs raketləri, hətta nüvə başlıqlı raketləri daşıya biləcək potensiala sahibdir. Yəni Azərbaycan bu təyyarələri əldə edərək həm də nüvə başlıqlı raketlərlə zərbə və hücum missiyalarını gerçəkləşdirə biləcək”.

Ekspertin sözlərinə görə, "MIG-35" və "SU-35"in "JF-17 Blok-III" ilə müqayisədə bəzi kiçik üstünlükləri var, lakin "JF-17 Thunder"in ümumi manevr qabiliyyəti, texnoloji imkanları və qiymətinin daha ucuz olması onu sinifinin liderlərindən edir:

"JF-17 Block-III"in üstün cəhəti PL-15 raketlərinə yüksək yanacaq tutumuna və müasir RD-33 MK mühərriklərinə sahib olmasıdır. Bir çox ekspertlər Azərbaycanın MİG-35 döyüş təyyarələrini almasının daha yaxşı bir seçim olacağını qeyd etsə də, mən fərqli fikirdəyəm. Məsələ ondadır ki, Rusiya Azərbaycanın regional düşməni olan Ermənistana artıq "MİQ-35" döyüş təyyarələri satıb. Bununla belə Rusiyada təlimlər zamanı azərbaycanlı pilotlara "MİQ-35" və "SU-35"lər ilə təlim keçməsinə icazə verilir. Bu həm də ondan xəbər verir ki, rəsmi Moskva həmin döyüş təyyarələrini rəsmi Bakıya da sata bilər. Ancaq bu satışın Ermənistana olduğu kimi olacağını düşünmürəm. Yəni Azərbaycanın Rusiyadan "MİQ-35" və "SU-35" alsa belə, rəsmi Moskva bu satışı müharibədə Ermənistana qarşı istifadə olunmamaq şərtilə edə bilər. Misal üçün bu gün ABŞ-dan "F-16" alan Pakistan bu döyüş təyyarələrindən Hindistana qarşı istifadə edə bilmir. Çünki ABŞ bu şərtlə "F-16"larını Pakistana satıb. 



Sonda isə onu qeyd edim ki, bütün hallarda "MİG-35" və "SU-35"in baxım xərcləri "JF-17 Thunder"dən daha yüksək olacaq. Buna görə də deyə bilərəm ki, Azərbaycanın "JF-17 Thunder" almaq qərarı yerində və düzgün qərardır”.

Turan Rzayev
Sfera.az