Şəfəqə Doğru » Gündəm » "Sərhəddə və Qarabağda baş verən təxribatların arxasında Moskva dayanır" - FAKT BUDUR!

"Sərhəddə və Qarabağda baş verən təxribatların arxasında Moskva dayanır" - FAKT BUDUR!

"Sərhəddə və Qarabağda baş verən təxribatların arxasında Moskva dayanır" - FAKT BUDUR!
Ermənistan-Azərbaycan dövlət sərhədində və rus "sülhməramlıları”nın müvəqqəti dislokasiya edildiyi Qarabağ bölgəsində erməni təxribatçıları tərəfində süni gərginlik artmaqdadır. Hadisələrin belə cərəyan etməsi haqlı olaraq Azərbaycan tərəfində ciddi suallar yaradır. İkinci Qarabağ savaşının bitməsindən 1 il keçməsinə baxmayaraq, üçtərəfli bəyannamənin şərtlərini imzalamış Ermənistan və Rusiya qəbul etdikləri şərtləri icra etmək niyyətində deyillər. Rusiya Qarabağda gərginliyin davamlı olmasında maraqlı görünür.

Ona görə də baş verən təxribatlara ya göz yumur, yaxud təşkilinə gizli şəkildə dəstək verir. Bir neçə gün öncə ruslar tərəfindən Xankəndi yaxınlığında provaslav kilsəsinin inşa edilməsi haqqında məlumatlar yayıldı. Provaslav kilsəsi ilə eyni gündə Rusiya sülhməramlıları tərəfindən Xocalı rayonu ərazisində 10 rus "məşhurun” heykəli qoyuldu. Bütün bunlar Rusiyanın "sülhməramlı” missiyadan kənar işlər gördüyünün açıq nümunələridir.

"Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov "Şərq”ə açıqlamasında deyib ki, Rusiyanın məqsədinin nədən ibarət olması bizə məlumdur. Analitikin sözlərinə görə, üçtərəfli bəyannamədən dərhal sonra müharibə ərzində Qarabağdan Ermənistana getmiş erməniləri yenidən avtobuslara dolduraraq Xankəndi və digər ərazilərə gətirməklə Moskva öz niyyətini ortaya qoydu:

"Rusiya belə süni gərginlikləri bilərək yaradır. Kremlin bölgədə əsas 3 məqsədi var. Hədəf "sülhməramlıları”na mandat almaq, hərbi kontingentini artırmaq və belə süni təxribatlarla 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyannamənin şərtlərinin icrasını ləngitməkdir. Əlbəttə, istənilən halda Rusiyanın istəkləri baş tutmayacaq və belə davam edərsə, Azərbaycan 15 iyun 2021-ci il Şuşa Bəyannaməsinin şərtlərinə uyğun olaraq Türkiyənin Azərbaycanda, daha dəqiq desək, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hərbi bazalar qurmasını tələb etmək məcburiyyətində qalacaq. Burada qeyd edilməli digər vacib məqam isə Ermənistanla bağlıdır. Məlumdur ki, İkinci Qarabağ savaşında Ermənistan təqribən 70 faiz ordusunu və silah-sursatını itirdi. Ermənistanın Azərbaycanla döyüşəcək gücü və cəsarəti yoxdur. Əgər bu gün erməni terrorçularının əlində silah-sursat varsa, bunu təmin edən birbaşa Rusiyadır. Deməli, sərhəddə və Qarabağda baş verən təxribatların arxasında Moskva dayanır”.