Lənkəran-Astara bölgəsinin bir çox yaşayış məntəqələrində subasma təhlükəsi davam edir.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.
Onun sözlərinə görə, Lənkəran-Astara bölgəsində daha çox Lənkəranın, qismən də Masallı və Astara rayonlarının düzənlik hissəsində subasmalar yaranıb: "Subasmaları daha çox kiçik çaylardan gələn sular yaradıb. Həmin çayların dərələri dolduğundan və təmizlənmədiyindən sular öz məcralarından kənara çıxıblar. Nəticədə həm Lənkəran şəhərinin özündə subasma yaranıb, həm də Lənkəran, Astara rayonlarının bir çox kəndlərini su basıb”.
Həmin zonada subasmanın dünəndən müşahidə edildiyini deyən E.Əlizadə təhlükənin qalmaqda davam etdiyini də söyləyib.
E.Əlizadə bildirib ki, hazırda Quba-Qusarın düzənlik ərazilərində də subasma başlayıb. Bu zonada həmin problem hazırda qismən müşahidə edilir: "Quba-Qusar bölgəsində bu təhlükə hələ kiçik mqiyaslıdır, amma Lənkəranda artıq kəndlərin bir neçəsi suyun altındadır. Subasma Lənkəran-Astara zonasının bir neçə kəndində baş verib”.
Direktor müavininin sözlərinə görə, yağışlı hava şəraitinin bir neçə gün davam edəcəyinin proqnozlaşdırılması ilə əlaqədar subasma təhlükəsi həm Lənkəran-Astara zonasında, həm də Quba-Xaçmazın dağətəyi və düzənlik kəndlərində gözlənilir.