Şəfəqə Doğru » Manşet » Ölüm hadisələrində meyit niyə ekspertizaya APARILIR?

Ölüm hadisələrində meyit niyə ekspertizaya APARILIR?

Ölüm hadisələrində meyit niyə ekspertizaya APARILIR?

Ötən gün Vətən Müharibəsində şəhid olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı Günel Ələsgərova Kürdəmir rayonunun Şüşün kəndi ərazisində idarə etdiyi "Ford” markalı avtomobili aşırıb. Nəticədə özü və sərnişini Emin Tağıyev hadisə yerində ölüblər.

 

Ölənlərin meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsinə aparılıb.

 

Meyitlərin ekspertizaya göndərilməsi sosial şəbəkələrdə insanlar arasında ciddi fikir ayrılıqları yaradıb.

 

Bəzi insanlar ölüm səbəbi bilindiyi halda, meyitlərin ekspertizadan keçirilməsini yersiz sayıb, hətta bunu orqan mafiyası ilə əlaqələndiriblər.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-a deyib ki, ölümlə nəticələnən bütün hadisələrdə ekspertiza rəyi mütləqdir:

 

"Müxtəlif səbəblərdən ölümlə nəticələnən bütün hallarla bağlı insan meyitləri müvafiq ekspertizadan keçirilir. Ölüm səbəbi araşdırılaraq müvafiq protokol tərtib olunur.

Şəxsin hansı halda ölməsindən asılı olmayaraq, bütün hallarda ekspertiza aparılır”.

 

Kriminalist-ekspert Mahmud Hacıyev məsələ ilə bağlı saytımıza bildirib ki, ölümün səbəbini təsdiq edən sənəd lazım olduğu üçün bütün ölüm hadisələrində meyit ekspertizaya göndərilir:

 

"Hər bir hadisənin yazılı protokolunun aparılması üçün ekspertiza rəyi önəmlidir. Ölümün səbəbini təsdiq edən sənəd lazımdır və bu proseslərin hamısı bunun üçün edilir.

Avtomobil qəza hadisəsi baş verir və insan ölür. Amma onu bilmək olmaz ki, insan qəza nəticəsində ölübmü, yoxsa başqa səbəb var ortada. Bunun üçün ekspertiza rəyi önəmlidir.

Bəlkə şəxs qəza nəticəsində yox, hansısa münaqişə zəminində ölüb və daha sonra qəza baş verib. Yəni bunların hamısının dəqiqləşməsi üçün ekspertizaya göndərilir.

Ölümlə nəticələnən yol nəqliyyat hadisəsi varsa, demək orada cinayət tərkibli əməl də var. İstintaqı aparan müstəntiq üçün də ekspertiza rəyi lazımdır”.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata görə, oktyabrın 21-də saat 14 radələrində Kürdəmir rayonunun Şüşün kəndi ərazisində Bakı şəhər sakini Günel Ələsgərova (şəhid Rəhim Hüseynovun arvadı) idarə etdiyi "Ford” markalı avtomobili aşırıb. Nəticədə özü və sərnişini Emin Tağıyev hadisə yerində ölüblər. Hazırda Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, G. Ələsgərova Vətən Müharibəsində şəhid olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı olub. Onların 3 azyaşlı övladı qalıb.