Modern.az saytı adları müzakirə doğuran bəzi rayonlarla bağlı tanınmış şəxslərin fikirlərini öyrənib. Bu dəfə mövzu Qazax rayonu olub.
Digər bölgələdə olduğu kimi, "Qazax" sözünün də haradan gəldiyinə dair fərqli fikirlər var. Elmi tədqiqatlarda "Qazax" sözünün yaranması və onun mənası haqqında müxtəlif fərziyyələr irəli sürülür. Qazax etnonimi Çindən Qara dənizədək olan geniş ərazilərdə təsadüf olunur, çin, ərəb, fars, yunan, rus, və digər mənbələrdə ona rast gəlinr.
Belə bir fikir var ki, "Qazax" toponimi X-XII əsrlərdə şimali Qazaxstandan Azərbaycana köçmüş qıpçaq tayfa qrupunun adından əmələ gəlib. Lakin Qazaxların Aranda (Azərbaycan) olan yaşayış məntəqəsinə VII əsrdə baş vermiş hadisələrlə əlaqədar olaraq artıq IX əsrdə ərəb mənbələrində rast gəlinir.
"Qazax" sözünün mənşəyinə gəldikdə isə burada həqiqilik dərəcəsinə görə müxtəlif fərziyyələr mövcuddur. Hesab edilir ki, qədim türk dilindən tərcümədə "Qazax" sözü "azad", "ayrılmış insanlar", "cəsur, azadlığı sevən insanlar", "qoçaq əsgərlər" kimi tərcümə olunur. Bu fərziyyə etnoqraflar arasında ən çox yayılanı hesab olunur. Başqa fikirə görə “Qazax" adı Xəzər dənizinin ətrafında olan ərazidə məskunlaşmış tayfaların adından irəli gəlir. Saklar, kaspilər, xəzərlər, azlar kimi tayfaların adı zamanla şəklini dəyişmiş və "qazax" sözünə çevrilmişdir.
Bəs qazaxlılar nə düşünür? Onlar hansı mənasını daha uyğun hesab edir?
Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna-Zerkalo" qəzetinin əslən qazaxlı baş redaktoru Elçin Şıxlı:
- “Qazax" sözünün dəqiq olaraq haradan gəldiyini deyə bilmərəm. Eşitmisinizsə, qazaxlılarla bağlı belə bir fikir deyilir - “atlı qazaxlı”.
“Atlı qazaxlı” yəni "at belində döyüşçü" mənasında işlədilir. Mən belə bilirəm və bu mənə daha çox xoş gəlir. Orada döyüşkən tayfalar olub. Qazaxlıların döyüşkən ruhu var. Onlar indi də bu ruhdadırlar. Qazaxda ipə-sapa yatmayan insanlar çoxdur. Düzdür, yaltaqlar da var. Amma mütləq əksəriyyəti öz mənliyini müdafiə edən insanlardır. Bu da onların döyüşkən ruhundan irəli gəlir. Bir məsələni də qeyd etmək istəyirəm. Ola bilsin ki, dilçilər mənimlə mühabisə edə bilərlər, haqları da var. "Qazax" sözünün hallanması zamanı həmişə Qazaxın və ya Qazaxa yazılır. Hər halda ola bilsin ki, bu, yazıda belə yazılsın. Amma tələffüzdə “Qazağa” və ya “Qazağın” deyilməsi qulağa daha yatımlıdır. "Qazax" sözünün əmələ gəlməsi, etimologiyası mən belə bilirəm ki, xalq dilində savaşçı, döyüşçü, mərd ruhlu insanla bağlıdır.
Elçin Şıxlı Qazax sözünün türk toponimi olduğunu bildirib:
- “Qazax" türk sözüdür. Ağstafanı Qazaxdan ayırıblar. Ağstafa əsil türk toponimidir.
Oğuz, tayfa deməkdir. Sovet vaxtı Tovuzun girişində tovuzquşu heykəli qoymuşdular. Tovuzquşunun bura ilə heç bir əlaqəsi yoxdur. Tovuz "oğuz", "daş oğuz", "dış oğuz", "dağ oğuz" sözlərindən yaranıb. Bu versiyaların hansının daha uyğun olduğunu mütəxəssislər bilər. Qazax, Tovuz, Ağstafa sırf türk toponimləridir.
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının sözlərinə görə Qazax toponimi etimoloji mənada, versiyalardan birinə görə, "silahlanmış atlı" anlamı daşıyır:
“Mirəli Seyidovun yorumuna görə, burada arxeoloji qazıntılar zamanı tapılan nümunələrə əsasən, bu deyim özünü doğruldur. Türklər həmişə at belində, silahlı olur, bəzən də silahla basdırılır. Qazaxda qədim qəbirlərin üzərində həddən ziyadə silah və at şəkillərinin cəkilməsi də bu fərziyyəni gücləndirir. İkinci, "Kitabi-Dədə Qorqud" dastanında da Qorqud ata oğlu yaralanan Dirsə xanın xatununa söyləyir ki, "Qazlıq dağına cıx, çiçəklər dər, ana südü, dağ ciçəyi dərmandır". Həmin Qazlıq dağının Qazax olduğu da ehtimallardan biridir. Qazax toponiminin yaranmasının bir variantı da budur.
Qazax əsasən qıpçaq türklərinin yurdudur, döyüşkən tayfaların, qazak etnik birliyinin məskunlaşdığı ərazilərdir. Gürcü mənbələrində Qazax Sultanlığının yerləşdiyi ərazi Didi Türkoba, yəni Böyük Türk yurdu adlandırılır”.