Bu barədə digər bir yazıda geniş bəhs ediləcək. Hələlik isə, Əhmədov Sakit Fəxrəddin oğlunun Baş Prokuror cənab Zakir Qaralova ünvanlı şikayət məktubunu ixtisarla təqdim edirik:
Çox hörmətli cənab Baş Prokuror!
Bildirirəm ki, mənim konstitusion əmlak və vətəndaş hüquqlarım şəxsən Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov və onun 1-ci müavini İlham İsmayılov tərəfindən kobud surətdə pozulmuşdur. Məhz onların qanunsuz hərəkətlərindən sonra mənə külli miqdarda maddi ziyan, külli miqdarda əldən çıxmış fayda da nəzərə alınmaqla səhhətimə heç bir maddi və tibbi tədbirlərlə kompensasiya oluna bilməyən ziyan dəymişdir. Mən 2 ildir Sizin və Sizə tabe olan məmur ordusunun, habelə "AzərEnerji” ASC-nin İdarə Heyətinin Sədri cənab Etibar Pirverdiyevin, "AZENCO” ASC-nin Sədri cənab Vüqar Şahmuradovun və Etibar Pirverdiyevin çox böyük səlahiyyətlərə malik olan qaynı Hikmət Xammədovun mənim əmlakıma, vətəndaş hüquq və azadlıqlarıma ən kobud formada etdikləri qəsd nəticəsində olduqca ağır maddi və mənəvi zərər çəkmişəm. Dövlətçiliyə sadiq, onun Prezidentinə olan son dərəcədə böyük məhəbbətimdən mən 2 ildir bütün şikayətlərimdə mənim obyektimə bitişik tikilən Azərbaycan Respublikasının Prezidentinin iqamətgahının adını çəkməmişəm. Lakin hər bir haqsızlığın və qanunsuzluğun da bir həddi olduğunu fikirləşərək həmin şəxslərdən soruşuram:
– Azərbaycan Dövlətinin adına, onun rəmzlərinə, onun Qanunlarına və vətəndaşlarına bu dərəcədə nümayişkaranə şəkildə düşmən münasibətinin səbəbi nədir? 21-ci əsrdə bütün sivil dünyada analoqu olmayan bir haldır ki, mənim tam özəl obyektim mənim vətəndaş hüquqlarımın qarantı olan ölkə Prezidentinin iqamətgahının həyətində qalmışdır. 4 metr hündürlüyündə daş hasarların içərisində qalmış obyektimin kompensasiyası bu günədək mənə verilmir. İndiyə qədər iqamətgahın tikintisi ilə əlaqədar verilmiş kompensasiyalar çox ciddi korrupsiya predmeti olmuşdur.
Cənab Baş Prokuror!
Mən 12.10.2016-cı il tarixli müraciətimdə həmin iqamətgahın Dövlət Reyestrindəki məlumatlarının dəqiqliklə mənə verilməsini xahiş etmişəm. Lakin Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini H.Kərimovun imzası ilə mənə göndərilmiş 25.10.2016-cı il tarixli məktubda mənə mahiyyəti üzrə yox, dolayısı ilə müraciətimə heç bir dəxli olmayan cavab verilmişdir.
Diqqətinizə onu da çatdırım ki, mən uzun müddətdir ki, Mingəçevir şəhərində, Kür çayının sol sahilində özümə məxsus tam özəl "Şimşək” kafesində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Mülkiyyətimdə 0,20 ha tam özəl torpaq sahəsi, o cümlədən tikinti altında 251,3 kv.m torpaq sahəsi və normal sahibkarlıq fəaliyyətini təmin edən birmərtəbəli tikililər vardır. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ÇIXARIŞ da vardır. Ondan başqa, Mingəçevir şəhər Bələdiyyəsi ilə müqavilə əsasında 528 kv.m torpaq sahəsini də icarəyə götürmüşəm. Fəaliyyət göstərdiyim müddətdə müqavilə öhdəliklərimi, məcburi sığorta ödəmələrimi və vergi borclarımı vaxtında yerinə yetirmişəm və ödəmişəm. Son vaxtlara qədər bu obyektdə 10 ailədən 20 nəfər işçi çalışmışdır. 2015-ci ilin əvvəllərindən mənim obyektimə bitişik ərazidə dövlət əhəmiyyətli yeni böyük bir obyektin tikintisi başlamış və 6 ay bundan əvvəl tam istifadəyə verilmişdir. Həmin obyektin Azərbaycan Respublikası Prezidentinin iqamətgahı olduğu mənə və bütün Mingəçevir əhalisinə məlumdur. Lakin mən 1 il 6 aydır ki, bütün müraciətlərimdə etik prinsipləri rəhbər tutaraq bu məsələni qabartmamışam, sadəcə olaraq dövlət əhəmiyyətli obyekt kimi qeyd edərək pozulmuş hüquqlarımın bərpası xahişi ilə Sizə və digər səlahiyyətli şəxslərə müraciət etmişəm. Tikintinin baş podratçısı "AZENCO” ASC-dir . Tikintiyə rəhbərliyi heç bir vəzifəsi və statusu olmadığını bildirən, "AzərEnerji” ASC-nin İdarə Heyətinin Sədri cənab E.Pirverdiyevin qaynı Hikmət Hacəmməd oğlu Xammədov həyata keçirmişdir. İqamətgahın tikintisi ilə əlaqədar Kür çayının sol və sağ sahilində yerləşən bütün evlər və obyektlər sökülmüş və onların sahiblərinə kompensasiya hesablanıb verilmişdir. Şəxsən özünün etiraf etdiyinə görə, kompensasiyaların hesablanıb verilməsi məsələlərinə nəzarəti Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini cənab İlham İsmayılov həyata keçirmişdir. Buna baxmayaraq bu günə qədər mənə heç bir kompensasiya verilməmişdir. Mənim obyektim faktiki olaraq iqamətgahın həyətində qalmışdır. 21 sentyabr 2016-cı ildə Siz Mingəçevir şəhərində olarkən iqamətgahın həyətində mənim obyektimin olduğunu görmüsünüz. Mənim obyektimin fəaliyyətinin dəyandırılması nəticəsində "ExpressBank” ASC-nin Mingəçevir filialından götürdüyüm kreditin faiz və penya borcu da olduqca artaraq mənim müflis və çətin iqdisadi vəziyyətə düşməyimə səbəb olmuşdur. Bu haqsızlıqlara dözməyərək keçirdiyim əsəb sarsıntıları nəticəsində səhhətimdə çox ciddi problemlər yaranmışdır. Bakı şəhərində Mərkəzi Klinikada bir neçə dəfə insultdan müalicələr almışam. Bu gün də intensiv müalicələrimi davam etdirirəm. Ən dəhşətlisi odur ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısının birinci müavini Cənab İlham İsmayılov mənə tövsiyə edir ki, mən iqamətgahın həyətində kafenin fəaliyyətini bərpa edim!
Obyektin dövlət ehtiyacları üçün alınmasından ötrü lazımi sənədləri 1 il 6 ay bundan əvvəl "AZENCO” ASC-yə təqdim etmişəm. Baş podratçı "AZENCO” ASC olsa da, kompensasiya verilməsi məsələsini şəxsən "AzərEnerji” ASC-nin İdarə Heyətinin Sədri cənab E.Pirverdiyev özü həll edir. 20 sentyabr 2016-cı ildə Sizin Mingəçevir şəhərinə səfəriniz ərəfəsində cənab E.Pirverdiyev şəxsən iqamətgaha gəlmiş, məni şəxsən tanıdığına görə xidməti sürücüsünü və Hikmət Xammədovu mənim yanıma göndərmişdir. Onlar hər ikisi cənab E.Pirverdiyevin adından mənə vəd vermişlər ki, prezident Mingəçevir şəhərinə səfərdən qayıdan kimi biz kompensasiya məsələsini həll edəcəyik. Sizin 21 sentyabr 2016-cı ildə Mingəçevir şəhərinə səfərinizdən sonra mən xeyli gözləmişəm. Heç bir nəticə olmadığına görə 11 oktyabr 2016-cı ildə Hikmət Xammədova zəng etmişəm (050-254-79-99). O, yenə də məni əmin etməyə çalışmışdır ki, tezliklə ədalətli kompensasiya verilməsi məsələsini həll edəcəkdir.
Kifayət qədər yaşı, sahibkarlıq və həyat təcrübəsi olan bir vətəndaş kimi mən belə hesab edirəm ki, kompensasiyaların hesablanıb verilməsi məsələlərində şəffaflıq təmin olunmamış, kimlərinsə təmənnalı şəxsi mənafeləri əsas götürülmüşdür. Ona görə də burada kompensasiyaların verilməsinin vəziyyəti və mənə kompensasiya verilməməsinin səbəbləri Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yoxlanılaraq müvafiq hüquqi qiymət verilməlidir. Ona görə də Sizdən bir daha xahiş edirəm, mənim pozulmuş mülkiyyət və vətəndaş hüquqlarımın bərpası və mənə ədalətli kompensasiya hesablanıb verilməsi üçün lazımi göstərişlər verəsiniz.
Redaksiyadan: Şikayət ərizəsi Baş Prokurorluğa göndəriləcək. Həmçinin məsələyə dair jurnalist araşdırması üçün müvafiq qurumlara sorğular göndəriləcək…