Şəfəqə Doğru » Gündəm » Torpaq sahiblərinin nəzərinə: Sahələri istifadəsiz saxlamaq mümkün olmayacaq

Torpaq sahiblərinin nəzərinə: Sahələri istifadəsiz saxlamaq mümkün olmayacaq

Torpaq sahiblərinin nəzərinə: Sahələri istifadəsiz saxlamaq mümkün olmayacaq

İstifadəyə yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısı alınacaq.

Sözügedən məsələ "Aqrar sahə haqqında" yeni qanun layihəsində əksini tapıb.

Torpaq aqrar məhsulun əsas istehsal vasitəsi olmaqla dövlət tərəfindən qorunacaq.

Kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə və onların mühafizəsi tədbirləri aşağıdakılardır:

- torpaqlardan təyinatına, bitkiçilik və heyvandarlığın müxtəlif növləri üzrə ixtisaslaşma arealına uyğun istifadə olunması;

- torpaqdan istifadədə müasir texnologiyaların (müasir suvarma sistemləri, süni intellekt və s.) və əkin texnikasının tətbiq edilməsi;

- "Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq torpaqların münbitliyinin təmin olunması və çirklənmədən qorunması sahəsində tədbirlərin həyata keçirilməsi;

- aqrokimyəvi (torpaqların məhsuldarlıq, fiziki və kimyəvi göstəricilərini əks etdirən) xəritələrin hazırlanması və iqlim dəyişikliklərinə mütənasib dəyişmələr nəzərə alınmaqla yenilənməsi;

- torpaqların kiçik hissələrlə istifadəsinin normativ hüquqi aktlarda nəzərdə tutulmuş üsullarla (vahid əkin, konsolidasiya, kooperativləşmə və s.) azaldılması və birgə istifadənin təşviqi;

- torpaq istifadəçilərinə torpaqların münbitliyinin qorunması üzrə aqrar sahədə informasiya-məsləhət xidmətlərinin göstərilməsi;

- kənd təsərrüfatı təyinatlı torpaqların zibillənməsi, çirklənməsi, korlanması, onlardan təsərrüfatsızcasına və ya məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadənin və əkin yerlərinin yandırılmasının qadağan edilməsi;

- istifadəyə yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısının alınması (dincə qoyulma istisna olmaqla);

- torpaqların istifadə vəziyyətinə dair məlumatların toplanılması və təhlili.

Torpaqdan istifadə və onun mühafizəsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, "Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir//oxu.az