Şəfəqə Doğru » Gündəm » NASA Ayda bazanın yaradılması üçün planlarını açıqladı

NASA Ayda bazanın yaradılması üçün planlarını açıqladı

NASA Ayda bazanın yaradılması üçün planlarını açıqladı

ABŞ-nin Milli Aeroksomik Agentliyi (NASA) Ayda təxminən 30 milyard dollarlıq daimi baza qurulması layihəsi çərçivəsində çoxsaylı raket buraxılışlarının satın alınması ilə bağlı tender elan etməyə hazırlaşır.

Bu barədə "Bloomberg" agentliyi xəbər verir.

Ay bazası proqramının rəhbəri Karlos Qarsia-Qalan NASA-nın eyni müqavilə çərçivəsində bir neçə növ raket alma imkanını nəzərdən keçirdiyini bildirib. Məqsəd yüklərin Ay səthinə çatdırılması üçün alternativ imkanlar yaratmaqdır.

NASA-nın planına əsasən, proqramın 2028-ci ilə qədər davam edəcək ilk mərhələsində Ayın resurslarının araşdırılması üçün eniş aparatları və roverlər göndəriləcək.

2029-cu ildən isə daşınma tələbatının kəskin artacağı gözlənilir. Agentlik enerji sistemləri, yaşayış modulları və digər infrastrukturlar üçün Ay səthinə 60 tona qədər avadanlıq çatdırmağı planlaşdırır.

Strategiya həmçinin "SpaceX" şirkətinin "Falcon 9" raketlərinin əlçatanlığının gələcəkdə azalması ehtimalını nəzərə alır.

NASA artıq ilk mərhələ çərçivəsində "Astrobotic", "Firefly Aerospace" və "Intuitive Machines" şirkətləri ilə ümumi dəyəri təxminən 590 milyon dollar olan müqavilələr imzalayıb. Bu vəsait Ay səthinə elmi avadanlıqların çatdırılması üzrə dörd missiyanın həyata keçirilməsinə yönəldiləcək.

Planın ilk mərhələsinə təxminən 10 milyard dollar ayrılması nəzərdə tutulur. 2030-cu illərdə həyata keçiriləcək ikinci və üçüncü mərhələlərdə hermetik yaşayış modullarının tikilməsi və enerji generatorlarının quraşdırılması planlaşdırılır.

Layihənin əsas məqsədi Ayda astronavtların daimi mövcudluğunu təmin etməkdir.