Şəfəqə Doğru » Gündəm » 8 mart bahalaşması başladı - əməkdaşımızın dükan-bazardan qeydləri

8 mart bahalaşması başladı - əməkdaşımızın dükan-bazardan qeydləri

8 mart bahalaşması başladı - əməkdaşımızın dükan-bazardan qeydləri
Mağazalarda güllərin və hədiyyələrin qiyməti "od tutub yanır”

Martın 8-i dünyanın bır sıra ölkələrində, o cümlədən Azərbaycanda Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir. Bu münasibətlə həmin gün kişilər xanımları kimisi sözlə, kimisi gül-çiçəklə, kimisi də bahalı hədiyyələrlə sevindirir. 
8 marta hələ 2 gün qalsa da, paytaxtda gül və hədiyyə mağazalarında canlanama yaşanır, müxtəlif parfümeriya mağazalarında isə "endirim” kampaniyaları həyata keçirilir. Təbii ki, xanımlara alınan hədiyyə arasında güllər üstünlük təşkil edir. 


Güllərin, hədiyyələrin qiymətləri ilə tanış olmaq üçün bir neçə məkana baş çəkdik. Bayrama 2 gün qalsa da mağazalarda müştəri çoxluğu müşahidə olunurdu.


Kimisi gülü indidən sifariş edir, kimisi qiymətlərlə maraqlanıb baha olmasından gileylənir, kimisi isə tam açılmamaış gülü elə indidən alırdı. Güllərin qiymətində xeyli artım var. Əvvəllər 3-4 manata satılan qızılgülün bir ədədi indi 5-7 manat arasında satılırdı. Bir neçə metro stansiyasının çıxışlarında 8 mart günü münasibətilə gül yarmarkası da təşkil edilib. Burada qiymətlərin daha münasib olacağını düşünüb, Nərimanov metro stansiyası yaxınlığında açılmış gül yarmarkasına baş çəkdik. Ancaq qiymətlərlə maraqlananda düşüncəmizdə yanıldığımızı gördük. Çünki gül mağazaları ilə buradakı qiymətlər fərqlənmirdi. Yarmarkada müxtəlif güllər, dibçəklər, bağlamalar vardı. Yarmarkada gülün bir ədədi 5 manata satılırdı. Kardon kağızdan dörkünc şəklində düzəldilmiş bağlamanın içərisində isə 5 ədəd qızılgüldən ibarət dəst 35 manata idi. Burada bağlamaların qiyməti güllərin sayına görə 35-150 manat arasında dəyişirdi. Satıcıdan 1 ədəd qızılgülün qiymətinin 5 manat olduğu halda, adi karton qabdakı 5 ədədlik qızıl gül bağlamasının niyə 35 manat olduğunu soruşduqda, o, bağlanma pulunun da əlavə edildiyini dedi...


Gül satıcısı Ənvər Əliyev onların da bazarının yalnız bayramlarda açıldığını dedi: "Biz mağazalara nisbətən ucuz veririk. Mağazalarda, xüsusən də mərkəzlərdə hazırda qızılgülün bir ədədi 7 manatdır. 8 mart günü bəlkə də 10 manat olacaq”.


Orta səviyyəli gül bağlaması 50-60 manata, yaxşısı isə 100-150 manata başa gəlir.


Elə gül yarmarkasının yanında içərisində yumşaq oyuncaqlar və suvenirlər olan çadır qurulmuşdu. Burada yumşaq oyuncaqların qiyməti ölçüsündən asılı olaraq 3 manatdan, suvenirlərin qiyməti isə 5 manatdan başlayırdı. "Neftçilər” metro stansiyası yaxınlığındakı gül mağazasında da qiymətlər od tutub yanırdı. Burada 3 dənə qızılgüldən ibarət sadə bağlamanın qiyməti 25 manata, ən bahalı gül hesab edilən orxideyanın bir ədədi isə 25 manata satılırdı. Satıcı bu gülün İtaliyadan gətirildiyini, xüsusi baxım tələb etdiyini dedi. Orxideyanın alıcısının az olduğunu deyən satıcı bu güllərdən ibarət bağlamanın 300 manata başa gəldiyini bildirdi. Daha uzun ömürlü güllər, yəni dibçəklərin qiyməti ölçüsündən və içində yer alan güldən asılı olaraq 10- 60 manat arasında dəyişir...


Satıcıların bir qismi qiymətlərin elə 8 mart günü də belə olacağını və dəyişməyəcəyini desə də, bir qisim satıcı isə bildirdi ki, ola bilər ki, bayram günü 50 qəpik və 1 manat arası bahalaşma müşahidə edilsin.


Hazırda gül bazarında qiymətlər bu cürdür:


Qızılgül 5, 6, 7 manat (müvafiq olaraq İran, Türkiyə, Hollandiya) , Lilya - 8 manat (Hollandiya), tülpan 3 - 5 manat (Hollandiya), antinium - 5 manat (Hollandiya), orxideya - 25 - 50 manat (Hollandiya, İtaliya)


Əgər siz 3 D formatında şəkilli suvenir düzəltdirmək istəniz bu sizə ölçüdən asılı olaraq 30-60 manat arasında başa gələcək. Müxtəlif dizaynlı şəkil çərçivələri isə 20 manatdan başlayır.


Təbii ki, zərif cinsin nümayəndələrinin ürəyincə olan hədiyyələr təkcə gül-çəçəklə bitmir. Onları təbrik etmək üçün parfümeriya və geyim aksessuarları da almaq olar. Məhz buna görə də 8 martla bağlı parfümeriya mağazaları endirim kampaniyalarına artıq start verib. Belə ki, bəzi mağazalarda 10 martadək 50 faizədək endirim kampaniyası həyata keçirilir.
Düzdür, 50 faizlik kampaniyalar kişilərin işini müəyyən qədər yüngülləşdirsə də, apardığımız müşahidə qiymətlərin ucuz olmadığını deməyə əsas verirdi. Eyni zamanda geyim mağazalarında da bayrama özəl endirim kampaniyaları həyata keçirilir.