Şəfəqə Doğru » Gündəm » Bakıda kasıblara pulsuz yemək verən yəhudi - Reportaj

Bakıda kasıblara pulsuz yemək verən yəhudi - Reportaj

Bakıda kasıblara pulsuz yemək verən yəhudi - Reportaj

İmkansız, yaşlı insanlara hər gün pulsuz yemək verilən yer eşitmizsizmi? Yəqin ya eşitməmisiz, ya da eşidib inanmamısız. Sosial şəbəkədə bu məqsədlə verilən elanı görəndə biz də təəccübləndik. Zəng edib, ünvanı, məkanı dəqiqləşdirib, ora gələcəyimizi söylədik. Problemsiz razılaşdılar. Fotoqrafımızla yollandıq Əlövsət Quliyev küçəsi-116 ünvana.

Həmin küçədə təmir işləri getdiyindən ünvanı tapmaqda çətinlik çəkirdik. Ətrafdakı insanlara "imkansızlara havayı yemək paylanan yeri tanımırsız” sualını verdikdə qəribə və sual dolu baxışlar üzümüzə zilləndi. "Bəyəm belə bir yer var ki? Bu zəmanədə kasıba pulsuz yemək verən kimdi” suallı cavablarını aldıq.

Nəhayət, ünvanı tapdıq, əvvəlcədən gələcəyimizi bildikləri üçün bizi bir bəy elə qapıdaca qarşıladı və içəri keçdik.

Boşqabları cingildədən qaşıqlar...

Pilləkənlərin başında balaca rəflərə kartof, soğan kisələri yığılmışdı. Gözümüz kisələrdə ikən qulağımıza boşqaba dəyən qaşıq səsləri gəldi. O səsin ardınca içəri daxil olduq. Süfrə başında təxminən 20 nəfərə yaxın qadınlı-kişili yaşlı insan yemək yeyirdi. Süfrədə yeməklə dolu boşqab, içməyə kompot, insanların üzündə isə illərin ağırlığı, qocalığın məsumluğu vardı. Nuş olsun, deyib, əlaqə saxladığımız Natalya xanımla salamlaşdıq.

Natalya xanım yeməkləri boşqablara çəkib, təzə gələnlərə aparır, bulaşıq qabları yumaq üçün mətbəxə gətirirdi. İşlərini görə-görə bizimlə də danışmağa başladı: "Bu xeyriyyə məkanı 2004-ci ildən Larisa Reyixrudel xanımın dəstəyi ilə fəaliyyət göstərir. Mən ilk başlayanda komandada olmamışam. Həm də əvvəl başqa ünvanda olub, sonra bura köçüb.

Bura gələnlərin çoxu elə o vaxtdan gəlib-gedənlərdir. Hamı biri-birindən xəbər tutub ki, belə bir xeyriyyə məqsədli ünvan var. Bu məkan iki növbə ilə xidmət göstərir. Bir növbə saat 1-də, ikinci isə saat 3-də gəlib, yeyib gedir”.

Natalya xanım bura gələnlərin qeydiyyatından da söz açdı: "Hər birinin telefon nömrəsi bizdə var. Bura zirzəmidir. Bəzən su xətlərində problem olur, buranı su basır. Onda xəbər göndəririk ki, bu gün gəlməyin.

Bundan başqa, gələnləri siyahıya alırıq. Daimi qonaqlarımız arasında müxtəlif xalqların nümayəndələri var. Həm azərbaycanlılar, həm ruslar, həm də yəhudilər bir süfrə ətrafına yığışır.

Birinci növbədə gələnlərin sayı azaldıqda sosial şəbəkədə elan verdim. O elandan sonra boş yerlərin hamısı doldu. Elanı görənlərin arasında təkcə yeməkdən ötrü yox, həm də kömək üçün pul, ərzaq təklifi edənlər də oldu. Biz yardım adına pul götürmürük. Ona görə bildirdim ki, ürəyinizdən insanlara kömək etmək keçirsə, ərzaq gətirin.

Sağ olsunlar, insanlar etinasız yanaşmadılar. Un, qarabaşaq, düyü və sair ərzaqla yardım etdilər. Burda biz hər şeyi özümüz edirik. Çörəyi bişiririk, kopmotları, turşuları özümüz hazırlayırıq. Onlara pul xərcləsək, imkanımız tez tükənər.

Mən özüm burda bir dəqiqə dinc dayanmıram. Döşəmə silməkdən tutmuş xəmir yoğurub bişirməyə qədər xeyli iş görürəm. Səhər saat 9-da gəlirəm, axşam 5-də işləri görüb, gedirəm”.

Övladı atıb gedən analar

Söhbətləşdiyimiz əsnada xanımlardan bir neçəsi öz boşqablarını yuyulmaq üçün mətbəxə gətirir.

Natalya xanım deyir ki, bir neçə xanım var, öz boşqablarını mətbəxə gətirməklə ona kömək edirlər: "Bəzi qadınlar özlərini burda rahat idarə edə bilir. Bəziləri də çox yaşlıdır. Onları bura gətirən səbəblər müxtəlifdir. Bəzilərinin övladı yoxdur. Bəzilərinin övladı olsa da evdən çıxarıb. Övladı xəstə, içki düşkünü olanlar da var. Çoxu təqaüdçüdür, ev sahibidir.

Birinin uşaqları evdən çıxarıb, amma insaflı adamlar var ki, Əhmədlidə ona kirayə ev tutub, kişini ora yerləşdiriblər. O da orada qalır. Yeməyə günaşırı bura gəlir”.

"Bir yəhudi təşkilatı kimi başladıq”

Elə bu vaxt xeyriyyə aksiyasının əsas təşəbbüskarı Larisa Reyixrudel gəldi.

Larisa xanım ixtisasca pediatrdır. 45 ildir həkim kimi fəaliyyət göstərir. 1992-ci il iyunun 10-da "Azərbaycan yəhudi qadınları” cəmiyyətini yaradıb. Cəmiyyətin balansında olan bu xeyriyyə məkanı 2004-ci ildən fəaliyyətə başlayıb: "Yəhudilərin də azərbaycanlılar kimi müxtəlif adət-ənənələri var. 5-ci gün müsəlmanlarda olduğu kimi bizim üçün də çox müqəddəsdir. Burada cümə günü Şabbat mərasimi keçirilir.

Əvvəllər həftədə bir dəfə, hər cümə günü ehtiyacı olanları doydurmaq fikrindəydik. Sonra sponsorlar tapıldı. Həftədə 2 dəfə yemək verməyə başladıq. İndi isə ehtiyacı olanları həftədə 5 dəfə yeməklə təmin edirik.

Əvvəllər "bomj”ları da yedizdirirdik. Bura gəlirdilər, isti yemək yeyirdilər. İndi bomjları qəbul etmirik. Onları ancaq xristian kilsəsi qəbul edir...

Dediyim kimi, 2004-cü ildən öz məkanımızı açdıq. Həmin ilə qədər də ancaq yəhudilərə qulluq edirdik. Çünki bu məkanı açana qədər bizi ABŞ yəhudiləri maliyyələşirdirirdi. 2004-cü ildən sonra özümüz-özümüzü maliyyələşdirməyə başladıq. Bu müddət sonra bakılılar da bizə yardım etməyə başladılar. Biz onlarla dostluq edirik.

İndi təkcə imkansızlara yemək verməklə kifayətlənmirik. Həm də insanları müxtəlif klinikalarda müayinədən keçirə və müalicə etdirə bilirik. Hacı Zeynalabdin Tağıyevin ideyasını davam etdiririk. Qobustanda evsizlər üçün sığınacaqlara da yardım edirik”.

Larisa xanım böyük məkan üçün dövlətdən dəstək istədiklərini bildirib: "Müvafiq orqanlardan və ayrı-ayrı tanınmış şəxslərdən də kömək və dəstək almışıq”.

Larisa xanım deyir ki, burada heç kim pul qazanmır: "Neçə illərdi işləyirik, amma pul qazanmırıq. Bircə Natalya aşpaz işlədiyi üçün pul alır. Bizə soyuducu və digər əşyaları bəzi xeyriyyəçilər hədiyyə ediblər. Ehtiyacı olanlar üçün bizdə əlil arabası da var”.

Larisa xanımın kiçik otağındakı bütün divarların sertifikat, təşəkkürnamələrlə dolu olduğunu görüb, həmsöhbətimizdən bunları haradan və niyə aldıqlarını soruşduq.

Öyrəndik ki, Larisa Reyixrudel 2007-ci ildə BMT tərəfindən "Sülh səfiri” adını alıb: "2010-cu il fevralın 22-də Fransanın Fəxri Legion Ordeni, 2013-cu il martın 4-də Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərimə görə "Tərəqqi” medalı, 2015-ci ilin aprel ayında "Dədə Qorqud” fondu tərəfindən "Mehriban ana” ordeni, 2017-ci il martın 6-da Azərbaycan prezidentinin sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif edilmişəm”.

Artıq 10 ildir bura gəlib-gedən Mətanət adlı yaşlı qadın deyir ki, burada günaşırı yemək yeyir: "Tanışlardan eşitmişdim ki, belə bir yer var. O vaxtdan gəlirəm. Sağ olsunlar yaxşı yemək verirlər, dadlıdır”.

Əli dayı da Mətanət nənənin fikirlərinə qoşulur: "Mən də bir neçə ildir bura gəlirəm. Çox yaxşı qidalanırıq. Həftədə 3 dəfə bura gəlirəm. Bu şəraiti yaratdıqları üçün sağ olsunlar”.

Artıq masalar boşalır və qonaqlar getdikdən sonra Natalya xanımın işi başlayır.

Boş masaları səliqəyə salacaq, qabları yuyacaq, sabah üçün xəmir yoğurub çörək bişirəcək. Onun işi dəyişməyəcək – həmişə, təkrar-təkrar möhtac insanların xidmətində duracaq. Bundan gözəl xidmət varmı?

Fotolar: Səfiyar Məcnun


Müəllif: Şəfiqə Nazimqızı