Şəfəqə Doğru » Gündəm » Dünya sürətlə silahlanır - Silah baronları

Dünya sürətlə silahlanır - Silah baronları

Dünya sürətlə silahlanır - Silah baronları
2013-2017-ci illərdə ABŞ və Rusiya silah satışında yenidən əsas ixracatçı olublar.

Shafaqadogru.com z xəbər verir ki, bu barədə informasiya Stokholm Beynəlxalq Sülh Problemləri İnstitutunun (SİPRİ) hesabatında yer alıb. Hesabata əsasən, 2013-2017-ci illər arasında silah satışı 2008-2012-ci illə müqayisədə 10% artıb.

5 ən böyük silah ixracatçısı olan ABŞ, Rusiya, Fransa, Almaniya və Çin 2013-2017-ci illərdə ümumdünya silah ixracatının 74%-nə sahib olub.

Silah baronları

Silah ixracatına yenə ABŞ liderlik edib. Belə ki, ABŞ dünya silah ixracatının 34%-ni nəzarətdə saxlaya bilib. Bu isə 2008-2012-ci illə müqayisədə 25% çox olub. Üstəlik, ABŞ cari beş illikdə dünyanın ikinci ən böyük silah ixracatçısı olan Rusiyanı 58% üstələyib.

Hesabat dövründə ABŞ 98 ölkəyə silah satıb. Bu satışın 49%-i Yaxın Şərq ölkələrinin payına düşüb. Barak Obama hakimiyyəti dönəmində imzalanan razılaşmaların həcmi ABŞ-ın silah satışında 1990-cı ildəki səviyyəyə çatdığını göstərib. SİPRİ 2017-ci ildə imzalanan silah müqavilələrinin ABŞ-ın gələcəkdə də dünya silah ixracında ilk yeri qoruyacağına zəmanət verdiyini bildirib.

2013-2017-ci illərdə Rusiyanın silah ixracatı 2008-2012-ci illərlə müqayisədə 7,1% azalıb. Bunun əvəzində isə Fransa ixracatı 27% artıraraq dünya silah ixracatçıları arasında üçüncü yerə yüksəlib.

Almaniya da həmçinin Rusiya kimi ixracatını azalıb. Bu azalma 14% həcmində olub. Bununla belə, Berlinin Yaxın Şərqə tədarükü artıb. Bu artım təxminən 109% təşkil edib.

Silah ixracatçıları arasında beşinci yeri tutan Çin ixracatını 38% (idxalatı 19% azaldıb – red.) artırıb. Çin silahının əsas idxalçısı isə Pakistan olub. Çinin həmçinin Əlcəzair və Banqladeşə də ixracatı artıb.

2013-2017-ci illər ərzində həmçinin İsrail (55%), Cənubi Koreya (65%) və Türkiyə də (145%) ixracatını artırıb.

Yaxın Şərq – barıt çəlləyi

Yaxın Şərq ölkələrinin böyük əksəriyyəti 2013-2017-ci illər ərzində böyük konfliktlərdə iştirak edib. Son 10 il ərzində Yaxın Şərqin silah idxalı 103% artıb. Dünyada idxal edilən silahın 32%-i məhz bu regionun payına düşüb. Bölgəyə ən böyük silah tədarükçüsü ABŞ və Avropa dövlətləri olub. Regionun ən böyük silah idxalçılarından olan Səudiyyə Ərəbistanının aldığı silahların 98%-i ABŞ və Avropanın payına düşüb. Üstəlik, Ər-Riyad 2013-2017 illər ərzində dünyada ikinci ən böyük silah idxalçısı olub. Bu illər ərzində ölkəyə idxal olunan silahın həcmi 225% artıb.

Misir və Birləşmiş Ərəb Əmirlikləri isə silah idxalının həcminə görə üçüncü və dördüncü yerləri tutublar. Adı çəkilən ölkələrin düşməni hesab edilən Qətər silah idxalının həcminə görə 20-ci yerdə qərarlaşıb.

Asiya – Çinə qarşı silahlanma

Hindistan bu dövrdə dünyanın ən böyük silah idxalçısı olub. Ölkəyə idxal edilən silahların əksər hissəsini adi silahlar təşkil edib. Onun payına dünyadakı silah idxalının 12%-i düşüb. Bu göstərici 2008-2012-ci illə müqayisədə 24% çoxdur.

Ölkəyə idxal olunan silahın 62%-i Rusiyanın payına düşüb. Bununla belə 2013-2017 illərdə ABŞ-dan alınan silahın həcmi 557% artıb və nəticədə Vaşinqton ölkəyə silah satan ikinci ən böyük tədarükçü olub.

Hindistandan fərqli olaraq, Pakistanın silah idxalı 36% azalıb. Pakistana 2013-2017-ci illərdə ABŞ-dan silah idxalı 76% azalıb. Əvəzində İslamabad Çinlə əlaqələrini gücləndirib.

Digər maraqlı məqam isə İndoneziyanın silah idxalını 193% artırmasıdır. Ona qonşu olan Avstraliya da eyni yolu tutub. Nəticədə Avstraliya dünyanın ən böyük 6-cı silah idxalçısı adını qazanıb.

Afrika, Avropa, Amerika

2013-17-ci illərdə Afrika silah idxalını 22% azaldıb. Afrikaya idxal olunan silahın 52%-i Əlcəzairin payına düşüb. Nigeriya isə idxalını 42% artırıb.

Şimali və Cənubi Amerika ölkələri idxal həcmini 29% azaldıblar. Ən böyük azalma Venesuelada müşahidə edilib. Venesuela silah idxalını 40% azaldıb.

Avropa da silah idxalını 22% azaldıb. Lakin ABŞ-dan müasir təyyarələrin idxalı ilə bağlı müqavilələr yaxın gələcəkdə silah idxalının həcmini artıracaq.