Şəfəqə Doğru » Gündəm » Korrupsiya ilə bağlı 278 cinayət işi məhkəməyə göndərilib - 17 vəzifəli şəxs isə işdən çıxarılıb

Korrupsiya ilə bağlı 278 cinayət işi məhkəməyə göndərilib - 17 vəzifəli şəxs isə işdən çıxarılıb

Korrupsiya ilə bağlı 278 cinayət işi məhkəməyə göndərilib - 17 vəzifəli şəxs isə işdən çıxarılıb
2018-ci il ərzində Baş İdarədə 431 şəxs barəsində 278 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Azvision.az -ın məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib. Onun sözlərinə görə, həmin cinayət işlərindən 121 şəxs barəsində 68 iş mənimsəmə və israf etmə, 86 şəxs barəsində 55 iş dələduzluq, 33 şəxs barəsində 21 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 13 iş rüşvət alma (passiv rüşvətxorluq), 46 şəxs barəsində 36 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.

"Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 120.0 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 53.3 milyon manatın ödənilməsi təmin edilib, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 34.2 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 73 %-nin ödənilməsi təmin edilib.

Bununla yanaşı, törədilmiş və ya hazırlanan korrupsiya ilə əlaqədar hüquqpozmalara dair baxılmış məlumatlar üzrə araşdırma müddətində 2.6 milyon manat məbləğində maddi ziyanın ödənilməsi təmin olunub". 


***

Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətləri və hüquqpozmalarının yayıldığı sahələrin müəyyənləşdirilməsinə diqqət artırılmaqla preventiv tədbirlərin təsir gücü məhz bu istiqamətlərə yönəldilməsi son illərin təcrübəsi ilə bir daha öz təsdiqini tapmaqdadır.
Azvision.az -ın məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisi Kamran Əliyev 2018-ci ilin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, əvvəlki dövrlərdə olduğu kimi hesabat ilində korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilən, 32 xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən İnzibati Xətalar Məcəlləsinin 54, 192.1 və 198.0.1-ci maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək aidiyyəti üzrə məhkəmələrə göndərilib: 

"Araşdırılması üçün aidiyyəti qurumlara göndərilmiş müraciətlər üzrə aparılmış xidməti yoxlamalar nəticəsində vəzifəli şəxslərin hərəkətlərində aşkar edilmiş cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 25 vəzifəli şəxsə xəbərdarlıq, 16 vəzifəli şəxsə töhmət, 3 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilmiş, 17 nəfər isə vəzifəsindən azad edilmişdir. Habelə, araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 157 təqdimat göndərilmişdir".