Şəfəqə Doğru » Gündəm » Paşinyanın qara günləri başlayır: küçələrə daşnaklar çıxır - GƏLİŞMƏ

Paşinyanın qara günləri başlayır: küçələrə daşnaklar çıxır - GƏLİŞMƏ

Paşinyanın qara günləri başlayır: küçələrə daşnaklar çıxır - GƏLİŞMƏ
Ermənistanda siyasi gərginlik artan xətt üzrə davam edir. Ölkə parlamenti mayın 22-də növbədənkənar iclasını keçirməyə qərar verib. "İşıqlı Ermənistan” Partiyasının mətbuat katibi Aren Petuns deib ki, partiyanın 18 deputatının təşəbbüsünə milyarder - deputat Qaqik Sarukyanın "Çiçəklənən Ermənistan” Partiyasının parlamentdəki "Sarukyan” fraksiyasının deputatları da qoşulub. Deputatlar Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışı ilə məhkəmə binalarına giriş-çıxışın bağlanması məsələsini müzakirə edəcəklər ("Report”).

Qeyd edək ki, mayın 19-da Nikol Paşinyan mayın 20-də ölkədəki bütün məhkəmələrin binasına giriş-çıxışın bağlanması ilə bağlı müraciət etmişdi. Mayın 20-də tərəfdarları onun çağırışını yerinə yetirmişdi. Bu aksiya ondan əvvəl Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın zaminə buraxılmasına etiraz tədbir kimi dəyərləndirilir. N.Paşinyan "ilk hədəfimizə çatdıq” deyərək tərəfdarlarına piketlərə son qoymaq çağırışını etsə də, gərginliyin səngiməməsi Ermənistanda hər an idarəolunmaz vəziyyətin yarana biləcəyi ehtimalını ortaya çıxarır.

Ermənistanın paytaxtı İrəvanın Avan və Nor Nork rayonlarına aid ümumi məhkəmə sabiq prezident Robert Köçəryan, general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyanın mühakimə prosesini dayandıraraq işi rəy üçün Konstitusiya Məhkəməsinə göndərib. Novator.az-ın məlumatına görə, detalları açıqlanmadığı üçün qərarın səbəbləri bilinmir. Bu barədə sabiq dövlət başçısının vəkillər qrupunun rəhbəri Helen Arakelyan bildirib. R.Köçəryan 2008-ci ildə dövlət çevrilişi cəhdi ilə bağlı ittiham olunur. Qarabağ separatçıları Arkadiy Qukasyan və Bako Saakyan isə Köçəryanı pul girovluğu müqabilində zaminə götürmək üçün İrəvan məhkəməsində iştirak ediblər.

Bir sıra ekspertlər hesab edir ki, R.Köçəryanın azadlığa çıxması N.Paşinyan üçün ciddi başağrısına çevriləcək. Belə ki, ötən il birinci dəfə həbs ediləndən sonra sərbəst buraxılan Köçəryan parlament seçkilərində iştirak edəcəyini və bu hakimiyyətə yerini göstərəcəyini demişdi. Ancaq seçkilərə iki gün qalmış eks-prezident yenidən həbs edildi və Rusiya prezidentinin müraciətinə baxmayaraq, Paşinyan qorxulu rəqibini sərbəst buraxmadı. Ancaq belə görünür ki, hakimiyyət daxilində, xüsusilə də məhkəmə-hüquq sistemində Köçəryan-Sərkisyan dönəmindən etibarən Qarabağ klanının kök atması Paşinyanın pis vəziyyətə düşməsinə gətirib çıxarıb. Çünki baş nazir çox müqavimət göstərsə də, məhkəmə Köçəryanla bağlı fərqli qərar verdi.

Bir sıra hakimlər isə baş nazirin çağırışına və tələblərinə baxmayaraq, postundan getməməkdə israrlıdır. Hətta Nikola meydan oxuyanlar da var.

"Mən yalnız Paşinyan istefa verərsə, istefaya gedəcəyəm, ya da 65 yaşım tamama olana qədər hakim qalacam”. XəzərNews.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Apelyasiya Məhkəməsinin hakimi Aleksandr Azaryan açıqlama verib. Azaryan 2018-ci il avqustun 13-də eks-prezident Robert Köçəryanı azadlığa buraxmışdı. O, bunu sabiq prezidentin toxunulmazlıq hüququ ilə əsaslandırmışdı.

Şübhəsiz ki, hakimlər bu cürəti onları himayə edən qüvvələrdən alır. Elə Qukasyan-Saakyan cütlüyünün Qarabağdan gedərək İrəvanda meydan sulaması, alqış sədaları altında məhkəmə zalına daxil olaraq Köçəryanla qucaqlaşmaları da arxadakı gücün məntiqi nəticəsidir.

Artıq heç kimdə şübhə yoxdur ki, Qarabağ klanının anti-Paşinyan hərəkatını stimullaşdıran qüvvə Rusiyada oturub. Əks təqdirdə, öz qohumlarını belə müdafiə edə bilməyən Serj Sərkisyan onlara hansısa yardım edə bilməzdi. 

Bu arada erməni millətçilərinin də hərəkətə keçməsi N.Paşinyanın vəziyyətini ağırlaşdırır. Ermənistanın "Daşnaksütyun” Partiyası mayın 23-də mitinq planlaşdırır. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə partiyanın ali orqanının təmsilçisi İşxan Saqatelyan öz facebook səhifəsində yazıb. "Təcili! ”Daşnaksütyun" Partiyası mayın 23-ü saat 17:00-da Azadlıq meydanında mitinq təşkil edir" - partiya rəsmisi yazıb. O, həmçinin bildirib ki, Daşnaksütyun Partiyası yaxın vaxtlarda xüsusi bəyanatla çıxış edəcək.

Xatırladaq ki, ötən il "Daşnaksütyun” Qarabağda bir həftəlik toplantı keçirmişdi və Paşinyana Qarabağla bağlı ultimatum vermişdi. İndi millətçilərin yenidən hərəkətə keçməsi Ermənistan hakimiyyətinə yaxşı heç nə vəd etmir. Daşnaksütyun təbii ki, bu cürəti diaspordan alır.

Qarabağ və Ermənistan erməniləri arasında gərginliyin artdığı bir şəraitdə Qarabağdan da maraqlı xəbərlər gəlir. Rusiya mediasının verdiyi xəbərə görə, "Dirçəliş” meydanına çıxan etirazçılar "Saakyan rejiminə yox!” şüarı səsləndiriblər. Onlar bildirib ki, Saakyan hakimiyyətdə qalanadək heç bir "demokratik seçki”yə ümid etmək olmaz. Separatçı rejim polisi etirazçılardan dördünü qadağan olunmuş məkanda aksiya keçirmələri səbəbi ilə həbs edib. Buna rəğmən, aksiyaçılar hər gün etiraz nümayişi keçirəcəklərini vəd ediblər.

Diqqətçəkən bir məqam var ki, həm Paşinyan, həm də əleyhdarları bir-birini Qarabağa görə ittiham edir. Qarşı tərəfin iddiasına görə, Nikol Qarabağı Azərbaycana qaytarmaq üçün hakimiyyətə gəlib. Paşinyan isə əksinə, iddia edir ki, onun rəqibləri torpaqlarla bağlı güzəştlərin tərəfdarıdır. Paşinyan iki gün əvvəl tərəfdarları qarşısında çıxış edib və keçmiş rejimin Qarabağdakı tərəfdarları ilə birlikdə Ermənistan hakimiyyətinə qarşı qəsd planı hazırladığını deyib. Onun sözlərinə görə, bu qəsd Qarabağda müharibənin başladılmasını və ola bilsin "bəzi ərazilərin” verilməsini nəzərdə tutur. Ancaq şübhəsiz ki, bütün bunlar, sadəcə, "qara piar”dır və ermənilərin Qarabağı azad etmək niyyəti yoxdur. Ermənistanın bu ağır durumunda Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlər keçirməsindən N.Paşinyan kifayət qədər həyəcanlanıb. Bunu ermənilər də təsdiqləyir...

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Köçəryanın həbsdən azad olunması Paşinyana yaman toxunub: "Ancaq Paşinyanın ən diqqətçəkən açıqlaması 2016-cı ilin aprel döyüşləri ilə bağlıdır. O deyib ki, parlament 2016-cı ilin aprel hadisələrini araşdıran komissiya yaratmalıdır. Bu, o deməkdir ki, Nikol Paşinyan aprel müharibəsinə görə Qarabağ klanının məsuliyyət daşıdığına eyham vurur. Komissiya yaradılacağı halda o döyüşlərdə ermənilərin itkilərinə də ilk dəfə aydınlıq gətirmək məcburiyyətindədir. Haradan baxsaq, Nikol Paşinyanın bu açıqlaması Azərbaycanın əlini gücləndirir. Biz də deyirdik ki, erməni separatçıları 2016-cı ilin aprelində təxribat törədiblər və Azərbaycan ordusu təxribata cavab olaraq əks-hücum əməliyyatı həyata keçirib. İndi Paşinyan da deyir ki, Qarabağ klanı onun mövqelərini zəiflətmək üçün cəbhə bölgəsində təxribat yaratmaqla torpaq itkisinə şərait yaradır ki, xalqın gözündə baş nazirin reytinqi aşağı düşsün. Bu cümlə də göstərir ki, Paşinyan cəbhə bölgəsində indiyənə qədər atəşkəsin pozulmasının arxasında separatçıların dayandığını etiraf edir. Əlimizə bu cür fürsət düşmüşkən Azərbaycan XİN-in bir bəyanat verib Paşinyanın etiraflarına dəstək verməsi zəruridir”.

Ermənişünas alim Qafar Çaxmaqlı isə "Yeni Müsavat”a dedi ki, bu gün Qarabağın qaytarılması ilə bağlı Ermənistanda hər hansı fikir yoxdur: "Əksinə, bütün siyasi qüvvələr baş verən olayların Qarabağ məsələsinə mənfi təsir edəcəyindən ehtiyatlanırlar. Separatçı lider Bako Saakyan İrəvandakı çıxışında qarşı duran qüvvələri Qarabağ məsələsində qərarlı mövqe tutmağa səsləyib. Bu mövqe isə heç bir güzəştə getməməkdir. İndi özünü tərəfsiz göstərən ”Daşnaksütyn" Partiyası ayın 23-də təyin etdiyi mitinqdə Ermənistanın siyasi böhrandan çıxma yollarını göstərəcək".

Q.Çaxmaqlı hesab edir ki, bu vəziyyətdə Qarabağla bağlı gərginlik yaranarsa, millətçilər erməni diasporunu ölkəyə yardıma səsləyəcək: "Yardım nə deməkdir? 90-cı illərdə olduğu kimi, terrorçu qrupların Qarabağa gəlməsi istəniləcək. Paralel olaraq Ermənistanda siyasi durum gərginləşəcək”.

Ekspertlərimiz də o fikirdədirlər ki, hansı düşərgədə təmsil olunmasından asılı olmayaraq, heç bir qüvvə torpaqların Azərbaycana qaytarılmasına getməyəcək. Hətta bu istiqamətdə addım atmaq istəyənlər sonda terrora məruz qalacaqlar. Bunu Ermənistan parlamentindəki gülləbaran aktı da təsdiqləyib.