Şəfəqə Doğru » Gündəm » Paşinyanın çox dərin narahatçılıqları var... - GƏLİŞMƏ

Paşinyanın çox dərin narahatçılıqları var... - GƏLİŞMƏ

Paşinyanın çox dərin narahatçılıqları var... - GƏLİŞMƏ
Ermənistanın baş naziri növbəti dəfə Dağlıq Qarabağa gəlib. Görəsən, Paşinyanın Qarabağı su yoluna döndərməsi onun separatcı rejimə dəstəyindən, yoxsa bu rejimə etibar etməməsindən qaynaqlanır? Paşinyanla İlham Əliyev arasındakı söz duelində demək olar ki, nöqtədən nidayadək durğu işarələri artıq işlədilib qurtarıb. Sizcə bu, sözün bitdiyi və silahların işə düşəcəyi günün uzaqda olmadığı anlamına gələ bilərmi?

Moderator.az bu sualla hərbi ekspert Üzeyir Cəfərova müraciət edərək ondan aşağıdakı cavabı alıb:

"Dünən Ermənistanın baş naziri Nikol Paşinyan erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yenidən səfərə gəlib.

Erməni separatçılarına son vaxtlar o qədər də etibar etməyən Paşinyanın çox dərin narahatçılıqları var. Bu narahatçılıq da onunla əlaqədardır ki, o qorxur ki, ən böyük zərbəni və hətta hakimiyyətdən salınması üçün etiraz dalğası Qarabağdan gələ bilər. Belə bir sürprizi ona həm nə qədər qəribə səslənsə də rəsmi Moskvanın həm İrəvandakı, həm də separatçı rejimdəki əlaltıları, həm də sabiq Ermənistan prezidenti Robert Koçaryanın tərəfdarları həyata keçirə bilər. Prinsip etibarı ilə belə bir ssenari var, sadəcə onun reallaşdırılması üçün qarşı tərəf uyğun bir zaman gözləyir. Rəsmi Moskva Paşinyana üzdə dəstək ifadə etsə də, onun sözünün yerə salınması və bir sıra digər amillər hələ də ruslara imkan vermir ki, onlar öz qəzəbini sakitləşdirsinlər. Putinin dəfələrlə həm öz dilindən, həm də digər vassalarının vasiytəsiylə indiki Ermənistan hakimiyyətinə eşitdirdiyi mövqenin nəzərə alınmaması Paşinyan üçün çox böyük "mina"dır. O hər an alovlanmaq, sonra da alışıb partlamaq gücündədir. Bunu da Paşinyan və tərəfdarları yaxşı bilirlər. Ona görə də, "həftə səkkiz, mən doqquz" Paşinyan ya özü, ya da yaxın ətrafı separatçılara baş çəkir və vəziyyətin nəzarətdən çıxmaması üçün hələ ki, çalışırlar. Paşinyanın bu özbaşınalığına, yəni mütəmadi olaraq Azərbaycanın işğal altında olan ərazilərinə həyasızcasına gəlməsinə şərait yaradan ATƏT-in Minsk qrupunun həm həmsədrləri, həm də onların birbaşa ali siyasi rəhbərliyinin Qarabağda bir növ gərginliyin daimi olaraq qalmasında maraqlı hoqqabazlarıdır. Əgər onlar vaxtında Ermənistana lazımı təpkini, qulaqburmasını versəydilər, yəqin ki, biz belə bir anormal vəziyyətlə üzləşməzdik. Bu vəziyyət Paşinyanın Qarabağda separatçılarının lideri kimi özünə yaxın olan şəxsi otuzduruna qədər narahatçılığı davam edəcək. Biz hələ yaxın aylarda həm Paşinyanın özünün, yaxın ətrafının tez-tez Qarabağa qanunsuz səfərləri haqqında məlumatları eşidəcəyik. Azərbaycan dövləti olaraq elə təkcə XİN-in quru, söz yığnağından başqa təsirə malik olmayan mənasız bəyanatları ilə kifayətlənmək düzgün deyil. Bir qədər sərt mövqe və əzmkarlıq nümayiş etdirmək lazımdır ki, həm Ermənistanın bu başıpozuq küçə adamı olan Paşinyan, həm də ona hələ ki, açıq və ya gizli dəstək olan rəsmi Moskva başda olmaqla ATƏT-in yaramaz həmsədrləri də məsuliyyətlərini dərk etsinlər. Nə qədər ki, Qarabağ məsələsinin guya həlli missiyasında dominantlıqdən Rusiya özünü belə aparacaqsa, biz hələ çox hoqqaların şahidi olacağıq. Çünki, rəsmi Moskva münaqişənin beynəlxalq həllini deyil, onun hələ uzun müddət həll edilməməsi, tərəflərə gələcəkdə də təzyiq və təsir göstərmək üçün vasitə kimi istifadə etmək kimi çirkin niyyətlərə malikdir. Onların boğazdan yuxarı guya bu işdə müxtəlif formalarda "canyandırmaları" da onların siyasi əxlaqsızlıqğından xəbər verir. Onlar özlərinə və sözlərinə hörmət etsəydilər, bu münaqişə çoxdan öz həllini tapmışdı. Sadəcə istəmirlər və Paşinyan kimi bir gədə də gəlib əsəblərimizlə oynamaqda davam edir".