Şəfəqə Doğru » Gündəm » Ermənistanda müharibə xofu güclənir - erməni rəsmisi vasitəçilərə şikayətçi düşdü

Ermənistanda müharibə xofu güclənir - erməni rəsmisi vasitəçilərə şikayətçi düşdü

Ermənistanda müharibə xofu güclənir - erməni rəsmisi vasitəçilərə şikayətçi düşdü
Azərbaycan prezidenti İlham Əliyevin Ordu Günündə Qarabağ mövzusunda səsləndirdiyi fikirlər, danışıqlara dair bəzi mühüm detalları açması Ermənistanda maraq, eyni zamanda ciddi təlaş doğurub. Onun xüsusən də təmas xəttində insidentlərin araşdırılması mexanizmləri haqda söylədiyi fikirlər işğalçı ölkədə xofu artırıb, haradasa müharibə sifarişi kimi dəyərləndirilib. 

Yada salaq ki, prezident Vyana görüşündə Ermənistan tərəfinin şərtlərinin qəbul edilmədiyini vurğulayıb və Sankt-Peterburq görüşünün müsbət nəticələri olduğunu diqqətə çatdırıb. Müsbət nəticələrdən biri isə erməni tərəfinin israrla insidentləri araşdırma mexanizmi barədə irəli sürdüyü təklifin fiasko olmasıdır.

***

Təcavüzkar tərəf həqiqətən çox ümidli idi ki, bununla o, cəzasızlıq şəraitində işğal rejimini saxlaya biləcək. Lakin prezidentin sözlərinə görə, ATƏT-in müşahidə ofisinin əməkdaşlarının sayını uzağı 2-2,5 dəfə artırmağa razılıq verilib. Bu da maksimum 12-15 nəfər edir və faktiki şəkildə reallığı dəyişmir. Azərbaycan istənilən an yenə də təcavüzkara güc tətbiq eləmək imkanını özündə saxlayır. 

İlham Əliyev Ordu Günündə onu da bildirib ki, insidentləri araşdırma mexanizmlərinin tətbiqi yalnız həll prosesi ilə paralel gedə bilər. Belə mexanizmlərin tətbiqi əlbəttə ki, ərazilərinin 20 faizi on illərdir işğal altında olan və sülh prosesində ciddi irəliləyiş görməyən Azərbaycan üçün məqbul sayıla bilməz. Belə çıxır ki, biz əraziləri azad eləmək üçün yeganə güc variantını, Ermənistanı gərginlikdə saxlayan hərb yolunu da öz əlimizlə bağlayırıq. 

Aydındır ki, o halda Ermənistan daha kompromissiz mövqe tutaraq işğal rejimini uzatmaqda davam edəcək. Azərbaycana bu lazımdırmı? Cavab aydındır. Ona görə də ölkə başçısı açıqca bəyan elədi və bu da işğalçı ölkə ilə yanaşı, onun havadarlarına mesajdır ki, bu cür mexanizmlər yalnız sülh prosesindəki real irəliləyişlərlə paralel tətbiq oluna bilər.

Başqa yandan, belə mexanizmlər əslində Rusiyaya da sərf eləmir. Çünki o halda Ermənistan öz təhlükəsizliyinə və cəzasızlığına güclü qarant qazanmaqla ağası Rusiyanın təzyiqləri qarşısında daha sığortalanmış duruma gələcək, necə deyərlər, sərbəstlik qazanacaq. Bəzi bilgilərə görə, kifayət qədər bahalı olan, Qərb tərəfindən quraşdırılmalı olan bu mexanizmlər ABŞ üçün kəşfiyyat mənbələri rolu da oynaya bilər ki, bu da Moskvanı qane eləməyən ikinci məqamdır. 

Təsadüfi deyil ki, Peterburq danışıqları ilə bağlı yayılan rəsmi bəyanatda da bu mexanizmlərin tətbiqi vacibliyindən söz açılmır. Yalnız ümumi sözlərlə kifayətlənilir. Həmçinin az sonra Rusiya XİN rəsmisi Mariya Zaxarovanın məlum açıqlamasında mexanizmlərlə bağlı məqamlar yer almayıb. Yəni Azərbaycan kimi Rusiya tərəfi üçün də bu məsələ artıq önəm kəsb etmir. Belə demək mümkünsə, mexanizmlərlə bağlı Vyanada əldə edilən hansısa ilkin razılıq maddiləşə bilməyib və erməni tərəfinin əsas istəyi Peterburqda sıfırlanıb. 

*** 
Azərbaycan prezidentinin araşdırma mexanizmləri ilə bağlı söylədikləri, gözlənildiyi kimi, artıq Ermənistanda təlaş yaradıb və Bakının belə mexanizmlərdən imtinası, hətta yeni müharibə hazırlığı kimi qiymətləndirilib. Rəsmi səviyyədə də reaksiya özünü çox gözlətməyib. 
Məsələn, Ermənistan parlamentinin vitse-spikeri, hakim partiyanın sözçüsü Eduard Şarmazanov bildirib ki, "Minsk Qrupu həmsədrləri insidentləri araşdırma mexanizmi əleyhinə çıxış edən İlham Əliyevin bəyanatına reaksiya verməlidir”. Onun iddiasına görə, mexanizmlər haqda bənd Vyana sənədində (?-red.) var və Sank-Peterburq görüşü də Vyana görüşünün davamı sayıldığından Bakı Vyana anlaşmasına riayət eləməlidir. 

Erməni ekspert dairələrində isə prezidentin açıqlamaları, üstəlik, Azərbaycan tərəfinin son kövrək anlaşmaları "sıfırlanması” kimi dəyərləndirilib və bunun qarşılığında hətta separatçı rejimin tanınması məsələsinə təzədən qayıtmaq çağırışları səslənib. 

"Əliyevin razılaşdığı yeganə məqam - atəşkəsin avadanlıqlarsız təmin edilməsidir. Lakin uzun illər ərzində ilk dəfə olaraq o, demədi ki, siyasi həll olmazsa, təzədən güc tətbiq edəcək” - erməni ekspertlərindən birinin şərhində deyilir.

***

Ola bilsin, San-Peterburqdakı kövrək anlaşma xətrinə İlham Əliyev həqiqətən bunu dilə gətirməyib, "müharibə” sözünü işlətməyib. Ancaq lüzum varmı? Məntiqlə Bakı insidentlərin araşdırılması mexanizmlərini rədd edirsə, onun mümkün saymırsa, bu, elə işğal altındakı əraziləri boşaltmayacağı təqdirdə işğalçıya müharibə mesajıdır ki, var. 

Ermənistan aprel ayındakından daha sərt şəkildə cəzalanmasını istəmirsə, müharibə arzulamırsa, əsgərlərinin ölməsini istəmirsə, yolu çoxdan bəlli - əraziləri qeyd-şərtsiz boşaltmaq. Və ya boşaltmağa başlamaq. Əks halda, nə vasitəçilərə şikayət, nə də separatçı qurumun tanınması Ermənistanı xilas etməyəcək.