Şəfəqə Doğru » Manşet » “Bunu erməni yox, məhz azərbaycanlı edir…” - deputat

“Bunu erməni yox, məhz azərbaycanlı edir…” - deputat

“Bunu erməni yox, məhz azərbaycanlı edir…” - deputat

Düşünülmüş və planlaşdırılmış şəkildə məktəblərin yaxınlığında çay evləri açılır, uşaqlar dərslərdən yayındırılaraq orada sulu qəlyan, siqaret və pivə içmək alışqanlığı yaradırlar. Bunu ermənilər yox, elə öz azərbaycanlılarımız edir, üstəlik, təkcə pul qazanmaq üçün yox. Həqiqətən də çox acınacaqlı bir vəziyyətdir

 


Axar.az xəbər verir ki, millət vəkili Fazil Mustafa son günlərin ən aktual problemi olan azyaşlıların çay evlərinə meyilliyinin artması nəticəsində ortaya çıxan neqativ hallara toxunub.

O bildirib ki, bu iş azyaşlıların pis vərdişlərə alışdırılması üçün cinayətkar şəbəkənin himayəsi ilə gerçəkləşdirilir:

"Avropa Birliyi qəlyanın ağciyər xərçənginin yaranmasında rolunu əsas gətirərək onu yasaqlamaq istəyir. Azərbaycanda isə əksinə, buna göz yumulur, üstəlik, məqsədli şəkildə məktəblərin yaxınlığında bu işi genişləndirirlər ki, daha çox gənc bu pis vərdişə yoluxsun. Bu gün narkomaniyaya qarşı çox böyük mübarizə aparan, maarifçilik fəaliyyətini usanmadan davam etdirən dəyərli həkim dostumuz Asif Kəngərli ilə orta məktəblərdə, ali təhsil ocaqlarında bu bəlanın necə məqsədyönlü şəkildə yayılması ilə bağlı faktları dəhşətlə gözdən keçirmişik. Hər şey birinci siqaretdən başlayır və buna bütün orta məktəblərdə münbit şərait var. İdmana, salamlığa stimullaşdırma olmayan yerdə əsas alternativ məhz siqaret, narkotik və başqa bəd əməllər olur”.

Millət vəkili eyni zamanda, doğum evlərinə gizli şəkildə müraciət edən məktəbli qızların sayının artmasını, dəri-zöhrəvi xəstəliyinə yoluxan yetkinlik yaşına çatmayan oğlanların durumu ilə bağlı məlumatların çox acınacaqlı olduğunu bildirib:

"Bəzi güvəndiyim həkim tanışlarımdan aldığım bilgilər daha vahiməlidir. Bu pis alışqanlıqların yayıldığı mühitdə səsimizi birlikdə qaldırmasaq, bir azdan kimsənin bu pisliklərdən sığortalanmadığının əyani şahidi olacağıq. Öz həyatımızda olmasa da, çevrəmizin mühitində bununla hökmən qarşılaşacağıq. Azərbaycan gənclərinə, övladlarımıza bu təxribatın qarşısının alınması üçün hüquq-mühafizə orqanları, təhsil strukturları, müvafiq dövlət qurumları təcili təbirlər görməlidir”.

Qeyd edək ki, bundan öncə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ölkəni başına götürmüş çay evlərində baş verən mənfi hallarla bağlı təbil çalaraq medianı, cəmiyyəti və müvafiq dövlət qurumlarını bu istiqamətdə vaxtında tədbir görməyə çağırıb.