Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı ilə paralel olaraq Azərbaycan-Pakistan və Azərbaycan-Türkiyə-Pakistan hərbi əlaqələri intensivləşir; Bakı ilə İslamabad arasında hərbi-strateji müttəfiqlik istiqamətində yeni addımlar atılır; polkovnik Şair Ramaldanov: "Azərbaycan, Türkiyə və Pakistanın pilotları birgə uçuşlar keçirmək üçün təlimlər planlaşdırır”
Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
"Yeni Müsavat” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, martın 6-na kimi davam edəcək səfər çərçivəsində general N.Raza ölkəmizdə bir sıra görüşlər keçirəcək.
Bakı ilə İslamabad arasında bütün sahələrdə əməkdaşlıqlar yüksək səviyyədə davam etdiyi kimi, hərbi əməkdaşlıq sahəsində də ciddi uğurlar və irəliləyişlər var. Qardaş Pakistan dövlətinin Azərbaycana hər zaman dəstək verməsi, işğalçı siyasətinə görə Ermənistanın müstəqilliyini tanımaması, bu ölkə ilə diplomatik əlaqələr qurmaması bu ölkəni və xalqı gözümüzdə ilbəil ucaldıb. Təsadüfi deyil ki, 44 günlük Qarabağ müharibəsi günlərində və ondan sonra Azərbaycanın hər guşəsində vətəndaşlarımız üç bayrağı köksündə gəzdirir, yaşadıqları, çalışdıqları ünvanların üzərində sevə-sevə asır: Azərbaycan, Türkiyə, Pakistan bayraqlarını.
Qeyd edək ki, son günlər Pakistandan Azərbaycana səfərlər intensivləşib. Cari ilin ilk ayında Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə işgüzar səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Mücahid Anvar Xanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdi. Azərbaycan hərbi pilotlarının Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasında təhsilindən məmnunluğunu ifadə edən general-leytenant R.Tahirov ölkələrimizin HHQ arasında əməkdaşlığın, o cümlədən hərbi təhsil və digər sahələrdə əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirmişd. Görüşdə tərəflər Azərbaycan və Pakistan hərbi hava qüvvələri arasında əməkdaşlığın inkişaf etdirilməsi və əlaqələrin daha da genişləndirilməsi, həmçinin birgə hərbi təlimlərin keçirilməsi məsələlərini müzakirə etmişdilər.
Bir məqamı da qeyd edək ki, Pakistan-Azərbaycan hərbi əməkdaşlığı 44 günlük savaşdan öncə də diqqət yetirilən əsas məsələlərdən idi. Belə ki, hələ Qarabağdakı müharibədən əvvəl, ötən ilin sentyabrında Azərbaycan və Pakistan Silahlı Qüvvələrinin 2021-ci ildən etibarən birgə hərbi təlimlərinə start veriləcəyi barədə rəsmi açıqlama yayılmışdı. O zaman Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Moskvada Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Nadim Raza ilə görüşündə hərbi təlimlərin xarakteri haqqında bəzi razılaşmalar əldə olunmuşdu. Azərbaycanın Pakistandakı hərbi attaşesi, polkovnik Mehman Novruzov demişdi ki, birgə təlimlər 2021-ci ildən etibarən növbəli şəkildə Azərbaycan və Pakistanda keçiriləcək. Bu təlimlər xüsusilə Azərbaycan Ordusunun qarşısında duran vəzifələr, tələblər, döyüş tapşırıqları nəzərə alınaraq tərtib olunmuş xüsusi ssenarilər üzrə həyata keçiriləcək. Bundan əlavə, hərbi təlimlərin genişləndirilərək digər qoşun növü - hər iki ölkənin Hərbi Hava Qüvvələri arasında da keçirilməsi, yəni qardaş Türkiyə ilə birgə keçirilən "TurAz Qartalı” təlimlərinə bənzər təlimlərin keçirilməsi də nəzərdə tutulur.
Bundan əlavə, iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi də müzakirə olunan məsələlərdəndir. Rəsmi açıqlamalardan da bəlli olduğu kimi, Pakistan ordusu çox güclü və xüsusilə 10 ildən artıq müddətdə terrorla mübarizədə zəngin əməliyyat təcrübəsi əldə etmiş bir ordudur. Üstəlik, son 30 il ərzində Ermənistanın terrorçuluq siyasətindən əziyyət çəkən, ancaq 44 gün ərzində düşməni darmadağın etməklə dünyanın aparıcı paytaxtları və hərbi qurumlarını belə, təəccübləndirməyi bacaraq Azərbaycan Ordusunun təcrübəsi də pakistanlı qardaşlarımız üçün olduqca maraq kəsb edir. Türkiyə və Azərbaycanın sayı 20-ni keçən birgə hərbi təlimləri yüksək səviyyədə davam edir. Amma paralel olaraq Azərbaycan, Türkiyə və Pakistan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşəcəyi də istisna olunmur. Pakistan və Türkiyə silahlı qüvvələrinin müştərək "Atatürk” hərbi təlimlərini Azərbaycan hərbçiləri, Azərbaycanda təşkil olunan "TurAz Qartalı” təlimlərini Pakistan hərbçilərinin də izləməsi hərbi əməkdaşlığın yeni müstəviyə keçəcəyindən xəbər verir. Azərbaycanın dövlət başçısı da bəyan edib ki, ordumuzun gücləndirilməsi istiqamətində növbəti addımlar atılacaq. Bu mənada nüvə dövləti olan Pakistan və NATO ölkəsi Türkiyənin təcrübəsindən istifadə olunması yalnız işin faydasına olardı. Bir müddət öncə Pakistan Müdafiə Nazirliyinin "Üç dövlət, bir millət” paylaşımı sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilmişdi. Nazirliyin paylaşımında Türkiyə, Azərbaycan və Pakistan arasındakı müttəfiqlik və qardaşlıq münasibətlərinə diqqət çəkilirdi ki, bu da hər birimizi qürurlandırır. Söhbət 1 204 000 nəfərlik canlı hərbi qüvvəyə malik qüdrətli ölkədən gedir. Üstəlik, dünyanın 10 ən güclü ordusuna sahib qardaş Türkiyə ilə hərbi əməkdaşlıq düşmən üçün göz dağıdır.
Qeyd edək ki, bir neçə il əvvəl mətbuatda "Pakistan Aeronautical Complex” (PAC- Pakistan Aeronaviqasiya Kompleksi) şirkətinin JF-17 "Thunder” ailəsinin "Blok 2" və ya ”Blok 3" qırıcılarının Azərbaycan səmasında təhlükəsizliyi təmin edəcəyi haqda materiallar yayılmışdı. Pakistan mediası da bu məsələyə diqqət ayırarkən qeyd etmişdi ki, alınacaq qırıcı sayı 24 ədəd olacaq ki, bu ehtimalın da həyata keçirilməsini yüksək dəyərləndirirəm. Çünki "Blok 2" variantında müqavilə dəyərinin 500 milyon dollar, ”Blok 3" variantında isə 650 milyon dollar təşkil edəcəyi gözlənilir. O da vurğulanırdı ki, bu qırıcıların əldə olunmasına aid müqavilənin imzalanmasından əvvəl Azərbaycan eyni şirkətin istehsal etdiyi "Super Mushshak” döyüş-təlim təyyarələrinin ilk partiyasını əldə edib. Həmin dövrdə Türkiyə HHQ-si də Pakistanın aviasiya vasitələrinə üstünlük verərək 50-dən çox təyyarə sifariş vermişdi. Pakistan-Azərbaycan hərbi əlaqələrinin intensivləşməsi İslamabadın müasir hərbi sənayesindən istifadə imkanlarını genişləndirə bilər.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov "Yeni Müsavat”a dedi ki, Pakistan sovetlər dağılandan sonra Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan üç dövlətdən biridir: "Pakistan indiyə kimi Ermənistanın işğalı nəticəsində bu ölkə ilə diplomatik əlaqələr qurmayıb. Pakistanın Azərbaycanla yüksək səviyyədə əlaqələri 1997-ci ildən başlayaraq reallaşıb. Hətta 2017-ci ildə Azərbaycanla münasibətlərinin ”gümüş yubileyi" də keçirilib. Yəni Pakistanın Azərbaycana marağı və isti münasibətləri artıq ənənə şəklini alıb".
Ş.Ramaldanov qeyd etdi ki, Azərbaycanla Pakistanın bütün istiqamətlərdə, əsasən də hərbi-texniki və digər sahələrdə gündən-günə genişlənən münasbətləri mövcuddur, bu münasibətlər daim inkişaf edir: "İyul hadisələrində, Ermənistanın Tovuz istiqamətindəki təxribatlarına Pakistan çox sərt şəkildə münasibət bildirdi, işğalçıya yönəlik kəskin ifadələrlə Azərbaycanın yanında olduğunu bəyan etdi. Pakistan qardaş Türkiyə ilə bərabər hər zaman Azərbaycana mənəvi dəstək göstərən ölkədir. Pakistan Azərbaycanın apardığı Vətən müharibəsində mənəvi dəstək nümayiş etdirərək, Azərbaycan xalqına, dövlətinə hər cür dəstək göstərməyə hazırlığını bildirmişdi. Bəli, Azərbaycanın bu dəstəyə ehtiyacı olmadı və öz torpaqlarını təkbaşına azad etdi. Ancaq geosiyasi arenada Pakistan, Türkiyə və digər dövlətlərin Azərbaycana dəstək verməsi, Azərbaycanın yanında olması son nəticədə bir müddət Azərbaycanın Ermənistanla təkbətək qoyulması ilə nəticələndi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev aprel hadisələrindən sonra demişdi ki, əgər Azərbaycan və Ermənistanı təkbətək qoysalar, Azərbaycan Ordusu qısa zamanda işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. Məhz Pakistanın da dəstəyi digər qüvvələrin məsələyə müdaxiləsini dayandırdı, nəticədə Azərbaycanın Ermənistanla təkbətək, üz-üzə qalmasına imkan yaratdı. Azərbaycanın haqq işini zəfərlə yekunlaşdırması, şanlı ordusunun qələbə qazanması mümkün oldu. Bu dostluq nümunəsi və əlaqələrinin məntiqi nəticəsi olaraq biz gördük ki, Türkiyə bayrağı ilə bərabər, Pakistanın bayrağı da vətəndaşlarımız tərəfindən sevə-sevə qaldırıldı. Çünki xalqımız bu dəstəyi açıq şəkildə hiss edirdi”.
Ş.Ramaldanov qeyd etdi ki, Pakistanın iri hərbi sənaye kompleksi var: "Hazırda Azərbaycan ”Super Mushshak" 10 döyüş-təlim təyyarəsi alınıb və bu təyyarələrdən istifadə olunur. Bizim hərbi əməkdaşlığımız genişləndikcə, bu sahədə də yeniliklərə imza atılır. Silahlı Qüvvələrin elə bir növü yoxdur ki, bu gün Pakistanla əməkdaşlığımız inkişaf etməsin. Bütün istiqamətlərdə əlaqələr inkişaf edir. Azərbaycan, Türkiyə və Pakistanın pilotları birgə uçuşlar keçirmək üçün təlimlər planlaşdırır. Bu təlimlərin Türkiyə ərazisində keçirilməsi nəzərdə tutulub".
Hərbi ekspert qeyd etdi ki, pakistanlıların da bizim hərbi məktəbimizdən öyrəndikləri məsələlər var: "Əvvəllər də Pakistan hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Kursunda təhsil almışdılar. Azərbaycan hərbçiləri də Pakistanda təhsil alıblar, kurslarda iştirak ediblər və bu sahədə əməkdaşlıq getdikcə genişlənir. Ola bilsin ki, pilotların təlimlərindən sonra Azərbaycan, Türkiyə və Pakistanın digər silahlı qüvvələrinin növləri birgə təlimlər planlaşdıracaqlar. Hazırda Azərbaycan Pakistan üçün maraqlı silahlı qüvvələri olan dövlətdir. Ona görə ki, Azərbaycan silahlı qüvvələri zəfər qazanıb və ordumuzun döyüş təcrübəsi Pakistan üçün də maraqlıdır. Pakistan üçün maraqlı olacaq ki, ölkəmizin döyüş təcrübəsi, müasir silahların tətbiqi ilə bağlı məsələlərlə bağlı təcrübə mübadiləsi aparılsın. Digər tərəfdən, Azərbaycan üçün də Pakistanın güclü silahlı qüvvələri maraqlıdır və Azərbaycan da bu sahədən faydalanacaq. Ona görə də Azərbaycan və Pakistanın hərbi əməkdaşlığına kompleks yanaşılmalıdır. Bu əməkdaşlıq daha da dərinləşir və bütün sahələrdə Azərbaycanla Pakistanın hərbi sahədə əlaqələri getdikcə genişlənməkdədir”.
Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Pakistan müharibə günlərində Azərbaycana mənəvi dəstək verib: "Əvvəlki dönəmlərdə də İslamabad hər zaman Qarabağ məsələsində Bakıya dəstəyini əsirgəmirdi. Pakistan üç ölkədən biridir ki, işğalçı Ermənistanla diplomatik münasibətləri yoxdur. Ona görə də bu cür səfərlər hər iki dövlət üçün əhəmiyyətlidir”. E.Şahinoğlu hesab edir ki, iki qardaş ölkə arasında hərbi əməkdaşlığı gücləndirməyə ehtiyac var: "Pakistanın inkişaf etmiş hərbi-sənaye kompleksi var, təyyarələr istehsal edir. Bu istiqamətdə ortaq fəaliyyət göstərilə bilər. Biz Türkiyə ilə olduğu kimi, Pakistanla da bu sahədə əməkdaşlığı genişləndirə bilərik. Bu istiqamətdə əməkdaşlıq getdikcə genişlənərsə, ittifaq daha da güclənər”.
Təsadüfi deyildi ki, yanvar ayında Bakıya səfər edən Pakistan İslam Respublikasının Xarici işlər naziri Məhdum Şah Mahmud Qüreyşi ölkəsinin Azərbaycana dəstəyindən danışarkən demişdi ki, ölkəsinin dəstəyini Azərbaycan yüksək qiymətləndirib, Azərbaycan Ordusunun zəfərini qeyd edərkən vətəndaşlar küçələrdə Türkiyə ilə yanaşı Pakistanın da dövlət bayraqlarını dalğalandırıblar. Sitat: "Biz onlara bayraq paylamamışıq. Bu, insanların səmimi duyğularının, Pakistana bəslədikləri rəğbətin təcəssümüdür”.
Azərbaycana işğal altında olan torpaqlarının geri qaytarması işində açıq dəstək verən Pakistan və Türkiyənin bu savaşda qazandığı böyük uğurlara görə Azərbaycanı ilk təbrik edən ölkələrdən olması da bu üç dövlətin bir-birinə nə qədər bağlı olduğunu bir daha nümayiş etdirdi.