"Azərbaycanda keçirilən genişmiqyaslı təlimin əsas məqsədi ordunun döyüş hazırlığını daha da təkmilləşdirmək, 44 günlük Vətən müharibəsindəki uğurlu təcrübənin davam etdirilməsi, daha yaxşı variantlar axtarıb tapmaq və ordunu daim döyüşə hazırlıqlı vəziyyətdə saxlamaqdır”.
Bu sözləri Sfera.az-a açıqlamasında qoşunların bu gün başlayan genişmiqyaslı hərbi təlimlərindən danışarkən Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Elman Məmmədov deyib.
Onun sözlərinə görə, 44 günlük qalibiyyətdən sonra belə təlimlərə başlamaq düşmənə, həm də onun havadarlarına bir daha nümayiş etdirir ki, bizim hərbi gücümüz yerindədir:
"Biz hər zaman döyüşə hazır vəziyyətdəyik, "Dəmir Yumruq” qüvvədə qalır. Təlimin hər saniyəsi, hər dəqiqəsi puldur. Bu, Azərbaycanın həm də iqtisadi gücünü, dövlətimizin hərbi sahəyə nə qədər diqqət etdiyini, özünün müdafiəsi və təhlükəsizliyi üçün daim tədbirlər görməsini nümayiş etdirir. Siyasi, hərbi, iqtisadi - bütün sahələrdə acınacaqlı vəziyyətdə, bu eyni zamanda mənəvi-psixoloji sarsıntılar içində olan Ermənistana çox ciddi xəbərdarlıq mesajıdır ki, bəzi siyasət dəllallarının, siyasi alverçilərin , dələduzların küyünə, fitvasına getməsinlər. Özünüzü elə bir bəlaya salarsınız ki, yer üzündə Ermənistan adında bir dövlətin qalıb qalmaması müzakirə edilə bilər”.
Ermənistanın martın 16-dan 20-dək keçirəcəyi hərbi təlimlərdən söz açan deputat vurğulayıb ki, 44 günlük müharibədə düşmən ordusu darmadağın edilib:
"Bununla bağlı statistika da var. Onların 400-ə yaxın tankı, çoxsaylı digər texnikaları məhv edilib. Maraqlıdır ki, hərbi təlimi nə ilə keçirirlər? Düzdür, müharibə dövründə də, müharibədən sonrakı müddət ərzində də müəyyən qüvvələr, mərkəzlər bir ucdan Ermənistana silah daşıyır. Ancaq faydası yoxdur. Qonşudan gələn payla qarın doymaz. Özününkü olmalıdır, bu isə yoxdur. Deyirlər, təlim keçirəcəyik və.s Bu, yenə sərsəm addımdır, mənasız bir şeydir. Olmayan ordunun nəyi ilə təlim keçirəcəksən və təlimin nə məqsəd güdür? Ancaq belə bir məsələ də gündəmdədir. Ermənilər hələ ağıllanmayıblar, arzu olunan haldır ki, onlar əgər müəyyən fikrə düşsələr, bu təlimlər elə birbaşa döyüş meydanında müharibəyə də çevrilə bilər. Bu ehtimal da mümkündür”.
Xatırladaq ki, Azərbaycanda martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.