Azərbaycan may ayının əvvəllərində Qarabağın dağlıq hissəsində antiterror əməliyyatlarına başlayacaq. Musavat.com xəbər verir ki, belə bir iddia ilə saytımıza yaxın mötəbər qaynaqlardan biri çıxış edib. Onun təqdim etdiyi məlumatlara görə, son aylarda sıxlaşdırılan və ara verilməyən təlimlərin (daha çox da Türkiyə - Azərbaycan ordularının birgə təlimləri) məqsəd və hədəfi Qarabağın dağlıq hissəsində qalan qanunsuz erməni silahlı dəstələrinin tərkisilah edilməsidir. Hazırda bu perspektiv üçün hərbi hazırlıqlar tam bitib, əməliyyat planları tamamlanıb, üstəlik ideoloji-informasiya hazırlıqları da gedir. Bu dəfə Ağdərə, Xocavənd və Xocalıdakı silahlı ermənilər neytrallaşdırılacaq. Lokal anti-terror əməliyyatları ilə Qarabağın xəritəsi daha çox təmizlənəcək və silahlı-separatçı ermənilərin bütünlüklə digər bölgələrdən, kənd və məntəqələrdən çıxardılıb, Xankəndinə cəmlənməsinə şərait yaradılacaq. Xankəndi isə ondan sonrakı hədəf kimi gündəmdə qalacaq.
Məlumatlı mənbəmizin sözlərinə görə, Rusiyanın prosesə müdaxiləsi gözləniləndir: "Bu müdaxilə eyni ilə 44 günlük müharibə dövründəki kimi olacaq. Hazırda Azərbaycan Şuşada qalıqları tapılan ‘’İsgəndər - M’’ raketi vasitəsi ilə Kremli ‘’sıxışdırmaq’’dadır. Bu, həm də olası antiterror əməliyyatlarına ideoloji-informasiya hazırlığın bir parçasıdır...”.
Antiterror əməliyyatlarının aparılması, ermənilərin Qarabağın qalan ərazilərindən təmizlənməsi ilə bağlı cəmiyyətin də uzun müddətdir gözləntisi var. Lakin hər kəsi düşündürən əsas məsələ, buna Rusiyanın reaksiyasının necə olacağıdır, sülhməramlıların bu prosesə sülhməramlıların müdaxilə edib-etməyəcəyidir. Qeyd edək ki, Azərbaycan ordusunun ötən il qələbədən sonra, noyabr və dekabr aylarında Xocavənddə apardığı antiterror əməliyyatları zamanı sülhməramlılar bitərəflik nümayiş etdirmişdilər. O zaman hərbçilərimiz silahlı erməni dəstələrini neytrallaşdıraraq çox sayda əsir də götürmüşdülər ki, hazırda onlar Azərbaycan həbsxanalarındadırlar.
Mövzu ilə bağlı "Yeni Müsavat”a danışan hərbi ekspert Emin Həsənli də vurğuladı ki, mayda antiterror əməliyyatlarının başlaması realdır və ordumuz təlimlər vasitəsilə buna hazırlaşır: "Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin belə bir deyimi var ki, nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı mən bilirəm. Zaman da sübut etdi ki, dövlət başçısı çox düzgün qərarlar qəbul edir və məhz bunun nəticəsində Azərbaycan torpaqları işğaldan azad edildi. Biz 250 ildən sonra çox böyük bir qələbə əldə etdik, bu önəmli və tarixi bir qələbədir. Azərbaycan ordusunun hər zaman güclü olması üçün Ali Baş Komandan lazım olan hər şeyi edir. Keçən il müharibə zamanı bizim hərbi büdcəmiz 1,9 milyard ABŞ dolları idisə, indi 2,7 milyard dollardır. Müharibə bitsə də hərbi büdcəmiz artırılır. Mütəmadi hərbi təlimlər keçirilir. İndi hərbi təlimlər terrorçu dəstələrin və ayrı-ayrı silahlı birləşmələrin ləğv edilməsinə qarşı keçirilir, dağlı və meşə ərazisində təlimlər aparılır. Qardaş Türkiyənin silahlı qüvvələri ilə birgə təlimlər Azərbaycan Ordusunun qüdrətini bir qədər də artırır”.
Rusiyanın mövqeyinə gəlincə, E. Həsənli bildirdi ki, əslində Rusiya bunu özü etməli idi: "Hazırda Qarabağın bəlli ərazilərində terrorçuların olması hamımızı narahat edir, onlar tam zərərsizləşdiriləcək. 10 noyabr sülh bəyanatına əsasən bunu Rusiya sülhməramlıları etməli idi. Onların gəlişi ilə erməni silahlı birləşmələri bölgəni tərk etməli idi. Təəssüflər olsun ki, orada hələ də qalıqlar var. Terrorçu Araik Artunyan və Balasanyan bəzi fikirlər səsləndirir, Ermənistanda da bəzi şəxslər düşünür ki, Hadrut və Şuşa onlara geri qayıtmalıdır. Boş və mənasız sərsəm fikirlərdir. Əgər onlar oradan getməsələr, Azərbaycan ordusu lazımi anda tədbir görəcək. orada yaşayan əhali isə Azərbaycanın vətəndaşlığını və qanunlarını qəbul etməlidir. Əgər kimsə əməl etməyəcəksə oradan çıxıb gedəcəklər. Azərbaycanın ordusunun gücü ona qadirdir ki, bir neçə günə anti-terror əməliyyatları keçirsin. Terrorçularla davranmağın iki yolu var. Ya terrorçu döyüşdə məhv edilir, ya da ələ keçir və məhkəmə qərarı ilə ömürlük həbsə məhkum olur. Terrorçu ilə danışmağın alternativi yoxdur. Azərbaycan bunu hamıdan yaxşı bilir, illərlə işğaldan, separatizmdən əziyyət çəkib. İndi də bu antiterror əməliyyatlarını keçirmək qüdrətindədir. Bu günə qədər bütün gərəkli addımları atdığı kimi bu gündən sonra da atacaq”.
Politoloq Qabil Hüseynli də "Yeni Müsavat”a danışarkən vurğuladı ki, artıq Rusiyadan ehtiyatlanmaq məsələsi geridə qalıb: Rusiya bu günə qədər Ermənistana lazımi qədər kömək edib, Azərbaycana da bacardığı qədər pislik edib. Rusiya bölgədə vəziyyəti nəzarət altında saxlamaq, erməniləri qorumaq üçün sülhməramlı adı altında bir oyun quraşdırdı. İndi oyunun dairəsini genişləndirməyə çalışır. Bunun üçün də erməni partizan dəstələrinin, terrorçuların bölgəyə yayılmasına şərait yaradır. Ağdamdakı Türkiyə monitorinq qrupu bütün bunların dəqiq hesabatını aparır, Azərbaycan rəhbərliyinə məlumatlar verilir. Erməni terrorçuların sayının getdikcə artması bizim qələbəmizə kölgə sala bilər. Bu baxımdan Türkiyə və Azərbaycan birgə tədbir görməlidir. Artıq iki qardaş ölkənin ordusu qış şəraitində qarlı-şaxtalı mühitdə təlimlərini başa çatdırdılar, indi isə dağlıq və meşəlik ərazilərdə Türkiyə və Azərbaycanın qoşunları təlim həyata keçirirlər. Bu iki dövlət Rusiyanın diktəsi ilə bölgədə genişlənən erməni özbaşınalığına son qoymaqda qərarlıdır. Bu proses antiterror əməliyyatı adı ilə həyata keçiriləcək, ola bilər ki, qardaş Pakistan da dəstək versin. Ukrayna Dombasda, Krımda kifayət qədər güclənməyə başlayıb, Gürcüstanda müəyyən hərəkətlilik var, ümidlər oyanıb, Moldovada da anti-Rusiya meylləri artır. Bütün bunlar fonunda Rusiyanın Cənubi Qafqazda oyunlar aparması, bunu ən böyük problemlərdən biri kimi təqdim etməsi bu dövlətin XXI əsrdə dünya düzənini darmadağın etmək üçün göstərdiyi səylərin nə qədər pozucu xarakter daşıdığını ortaya qoyur.
Q.Hüseynli vurğuladı ki, bu antiterror əməliyyatlarının qısamüddətli olacağı qənaətindədir: "Türkiyənin müasir elektron döyüş vasitələri, İsraildən sifariş etdiyimiz digər müasir silahlar bu müharibənin əsas aparıcı elementləri olacaq. Rusiya avantüraya əl ata bilər, o zaman isə Ermənistanın bir dövlət kimi varlığı sual altına düşəcək”.