Şəfəqə Doğru » Manşet » Azərbaycanda devalvasiyanın ilk göstəricisi ortaya çıxıb: Manat dəyərdən düşəcək? - TƏHLİL

Azərbaycanda devalvasiyanın ilk göstəricisi ortaya çıxıb: Manat dəyərdən düşəcək? - TƏHLİL

Azərbaycanda devalvasiyanın ilk göstəricisi ortaya çıxıb: Manat dəyərdən düşəcək? - TƏHLİL
Bu il mayın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,6 bənd təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu, aprelin 1-i ilə müqayisədə 0,12 bənd az, yanvarın 1-nə nisbətən 0,03 bənd çox, ötən il mayın 1-i ilə müqayisədə isə 0,48 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib.

Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Ümumilikdə ölkədə manatın dövretmə sürətində müşahidə edilən hazırkı vəziyyət nə ilə bağlıdır və devalvasiya gözləntisi varmı?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirdi ki, manatın dövriyyə sürətinin azalması iqtisadi aktivliyin azalması ilə əlaqədardır:

"Yəni Azərbaycanda ötən ildən başlayaraq pandemiya dövründə çoxlu sayda qapanmaların olması, bu gün də bir çox sahələrin açıq olmasına baxmayaraq, tam iqtisadi aktivliyin bərpa edilməməsi, bəzi sahələrin hələ də qapalı qalması iqtisadi aktivliyin zəifləməsi ilə nəticələndi.

Heç də təsadüfi deyil ki, rəsmi rəqəmlərə əsasən, ÜDM keçən il 4, 2 faizə yaxın azalıb. Bu ilin ilk rübündə də azalma müşahidə edilir. Yalnız aprel ayında ÜDM-də pozitiv dinamika müşahidə edildi, ancaq bu da yetərli deyil.

Hələ o mənfi səviyyədən çıxmamışıq. Yəni ÜDM-nin, iqtisadi aktivliyin azalması, iqtisadiyyatın dövriyyəsinin özünün zəifləməsi manat kütləsinin dövriyyəsinin də zəifləməsi ilə nəticələnir".

Maarqlıdır, bu, növbəti devalvasiyaya səbəb ola bilərmi?

İqtisadi nəzəriyyəyə görə, bu, devalvasiyanın göstəricilərindən biri kmi görünür:

"Ancaq Azərbaycanda məzənnə inzibati qaydada tənzimləndiyindən, yəni burada iqtisadi qanunlar yox, siyasi qərarlar və inzibati tənzimləmələr rol oynayır. Ona görə də məzənnə məsələsi ilə bağlı qərar inzibati qaydada veriləcək və siyasi qərarlar olacaq. İndiki şəraitdə məzənnə ilə bağlı hansısa dəyişikliyin olmasını gözləmirəm. Çünki indiki iqitisadi aktivliyin zəifliyi dövründə məzənnə ilə bağlı hansısa konkret qərarın verilməsi mümkün görünmür. Həm də son zamanlar neft qiymətlərinin Azərbaycan üçün kifayət qədər rahat və konfortlu bir zonada, 68-69 dollar civarında olması, ümumilikdə ilin əvvəlindən orta qiymətin 60 dollardan yuxarı olması ölkə üçün rahat şərait yaradıb. Ona görə də düşünmürəm ki, manatın dövriyyəsinin azalmasını göstərən son statistika devalvasiya üçün hanısa bir əsas yaratsın".