"Şərəflə ölmək yolunu seçmişəm. Kim istəsə, buyurub gəlsin, söhbətimizi edək”
- Tarix: 17-iyun-2021, 09:38 - Bölmə: Manşet - Baxış sayı: 28

"O zaman bizim milli hakimiyyətin devrilməsində Qraçovla rus ordusunun böyük rolu oldu. Rəhim Qazıyev müdafiə naziri idi və istəsəydi, çox iş görə bilərdi. Amma görmədi. Həmin vaxt bizim keçmiş mili təhlükəsizlik nazirinin birinci müavininin əlində Rəhim Qazıyevin xəyanəti ilə bağlı çox ciddi faktlar var idi”.

Bu sözləri Modern.az saytına Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev cəbhə hakimiyyəti dövründən danışarkən deyib.

Hafiz Hacıyev Nemət Pənahlının və Rəhim Qazıyevin AXC hökumətinin dağılmasında böyük rol oynadığını vurğulayıb.

O, hər iki şəxsi xəyanətkar adlandıraraq onları Rusiya kəşfiyyatna işləməkdə ittiham edib:

"Rəhim Qazıyevin Qraçovla telefon danışıqlarını bizim xüsusi xidmət orqanları ələ keçirmişdi. 1993-cü ildə Azərbaycan milli hakimiyyətinin devrilməsində Rəhim Qazıyevin və Nemət Pənahlının əvəzsiz və böyük rolu oldu.

Sürət Hüseynovu Bakıya qızışdırıb gətirən Nemət Pənahlı və Rəhim Qazıyev oldu. Bu faktdır, biz bunu dana bilmərik. Əgər onlar ağılsız bir insan olan Sürət Hüseynovu qızışdırıb hakimiyyətin devrilməsi üçün Bakıya gətirməsəydilər və Qraçova kömək etməsəydilər, bu gün Dağlıq Qarabağ problemi olmazdı. Eyni zamanda Azərbaycanın 20 faiz torpaqları da işğal olunmazdı.

Nemət Pənahlı və Rəhim Qazıyev o zaman milli hakimiyyətin devrilməsində ən böyük xəyanətə imza atdılar. Zaman hamısını üzə çıxardı. Hər iki xəyanətkar cəzalarını aldılar.

Nemət Pənahlı xidmət etdiyi hakimiyyət tərəfindən həbsə atılaraq, ciddi cəzalandırıldı. Bu gün də həmin xəyanətkarlar milli qüvvələrin yenidən bir araya gəlməsinə imkan vermirlər.

Həmin iki xəyanətkar yenidən özlərini Azərbaycan xalqına sırımaq istəyirlər. Azərbaycan xalqı yaddaşsız xalq deyil və kimin kim olduğunu yaxşı bilir.

Nemət Pənahlı və Rəhim Qazıyev hər ikisi Rusiya kəşfiyyatına xidmət edirdilər. Rəhim Qazıyevin özü də bunu səmimi etiraf edib. Ola bilsin ki, indi bunu dana bilər. Amma bu faktdır. Nemət Pənahlı da hər zaman milli hakimiyyətimizin məhv olması üçün əlindən gələni etdi.

Mən Hafiz Hacıyev olaraq istəmirəm ki, həmin iki insanın xəyanəti yenidən baş qaldırsın. Onların yenidən Azərbaycanda dövlət çevrilişi etməsinə və hakimiyyətə gəlməsinə imkan verməyəcəm. Onların bu gün də Rusiya xüsusi xidmət orqanları və kəşfiyyatı ilə əlaqələri var”.

Hafiz Hacıyev Nemət Pənahlı və Rəhim Qazıyevin yenidən xəyanətkar addımlar atmasına yol verməyəcəyini vurğulayıb:

"Əgər Rəhim Qazıyev və Nemət Pənahlı yenidən qarışıqlıq salıb, nəsə etmək istəsələr, burunlarından vurub yerlərində otuzduracağam. Qraçovların tapşırıqlarnı yerinə yetirənlərin cəzasını mən özüm verərəm. Onsuz da Nemət Pənahlı və Rəhim Qazıyev bundan sonra heç nə edə bilməyəcəklər.

O zaman bu insanların xəyanəti haqqında elə şeylər var idi ki, tam açıq deyə bilmirdik. Çünki bir hissəmiz türməyə düşdük, bir hissəmiz isə ölkədən getdik. Gizli görüşlərdə, məclisdə onların xəyanətlərindən söz açırdıq.

Elçibəyi yıxmaq istəyən qüvvələr Sürət Hüseynovdan, Rəhim Qazıyevdən və Nemət Pənahlıdan məharətlə istifadə etdilər”.

Partiya sədri heç kimdən və xüsusən də Nemət Pənahlıdan və Rəhim Qazıyevdən qorxmadığını da söyləyib:

"Mən dediyim bu fikirlərə görə tam məsuliyyət daşıyıram. Mən Nemət Pənahlı və Rəhim Qazıyevdən qorxmuram. Hafiz Hacıyevə hələ heç kimim gücü çatmayıb. Onlar kimdir ki?..

Məni bu gün ermənilər də öldürmək istəyirlər. Mən İrəvandakı övladlarımıza xüsusi göstəriş vermişəm ki, tapşırıqlarımı gösləsinlər... Ona görə də Ermənistanda mənim başımı kəsməklə hədələyirlər. O cümlədən Azərbaycanın daxilində də belə adamlar var”.

Hafiz Hacıyev onu terrorçu adlandıran hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı haqqında da sərt danışıb:

"Dünən özünün hüquq müdafiəçisi adlandıran Mirvari Qəhrəmanlı məni terrorçu adlandırıb. Mirvari Qəhrəmanlının özü qoca bir erməni qadınıdır. Onun ermənilərlə qarışığı var. Düzdür, bizim Mirvari Qəhrəmanlı ilə salamımız var. Amma onun heç bir kəlməsinə də önəm vermirəm.

Rəhim Qazıyevlə də salamımız var. Amma nə Nemət Pənahlıdan və nə də Rəhim Qazıyevdən qorxuram. Mən qorxaq insan deyiləm, qorxaq insan olsaydım bu cür fikirləri açıq-aşkar deməzdim.

Kimsə məni öldürmək istəyirsə, Bakı şəhərində 7-ci mikrorayonda kirayədə yaşayıram, buyurub gəlsin. Mən ölümdən qorxmuram. Şərəflə ölmək yolunu seçmişəm. Kim istəsə, buyurub gəlsin, söhbətimizi edək”.


Oxşar xəbərlər