Azərbaycanda əhali üçün təbii qazın qiymətində azı 2 dəfə artım, illik limitin isə təxminən 55 faiz azaldılması ölkədə birmənalı qarşılanmayıb.
Sosial media hesablarında istifadəçilər, xüsusilə soyuq aylarda qaz istehlakının artacağını və təyin edilən yeni limitin tez bir zamanda bitəcəyini, bununla da əhalinin kommunal ödənişlərinin ciddi şəkildə artacağından narahatlıqlarını ifadə edirlər.
Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) BBC News Azərbaycancaya bildirilib ki, Azərbaycanda təbii qaz istehsalının gəlirlər xərclərini ödəmir, buna görə də qazın qiymətində artıma ehtiyac duyulub.
Bəzi iqtisadçılara görə, yeni təbii qaz tariflərinin təyini ilə bağlı dövlət strukturlarının izahları qanedici deyil və yeni artım aztəminatlı və orta gəlirli ailələrin maddi durumuna ciddi ciddi təsir edəcək, əhalinin sosial vəziyyətini "bir az da pisləşdirəcək”.
Yeni tariflər
Azərbaycanda əhali üçün təbii qazın illik limiti azaldılıb və limitdən yuxarı hissəsinin qiyməti azı 2 dəfə artırılıb.
Tarif Şurasının çərşənbə günü verdiyi qərarı ilə təbii qazın əhali üçün limiti 1200 kub metrə endirilib və bu limit daxilində hər kub metr təbii qazın qiyməti 10 qəpik müəyyən edilib. İndiyə kimi əhali kateqoriyasında olan abonentlər üçün təbii qaz limiti 2200 kub metr idi.
Yeni qərara görə, 1200-2500 kub metr arası hər 1 kub metr üçün 20 qəpik, 2500 kub metrdən yuxarı isə 25 qəpik müəyyən olunub.
Tarif Şurasının müqayisəsi
Tarif Şurası qazın qiymətinin bahalaşması ilə bağlı yaydığı məlumatda bir neçə ölkədə təbii qaz tariflərini müqayisə üçün qeyd edib.
Qurumun açıqlamasına görə, 2020-ci ildə 1 kub metr təbii qazın əhali üçün qiymətləri Ankarada 32-40 qəpik, Kiyevdə isə 54 qəpik, Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik, Rusiyada 11,9-16,5 qəpik arasında dəyişdiyini bildirib. Tarif Şurası bildirib ki, yeni artırılmış qiymətlər belə bəzi ölkələrin tarifləri ilə müqayisədə yenə aşağıdır. Amma bəzi azərbaycanlı mütəxəssislər hesab edirlər ki, Tarif Şurasının müqayisə üçün təqdim etdiyi ölkələrdən yalnız Rusiya qaz istehsalçısıdır. Qalan Türkiyə, Ukrayna, Gürcüstan, Belarus qazı xaricdən alaraq öz əhalisinə satır və dövlət qurumunun belə "müqayisəsi qüsurlu, çaşdırıcıdır”.
OPEC-in hesabatı
OPEC-in qaz hasil edən ölkələr barədə sonuncu hesabatına görə, keçmiş SSRİ ölkələri arasında 1 trilyon kub metrdən çox qaz ehtiyatlarına malik olan beş dövlət var və bunlardan biri də Azərbaycandır. Hazırkı tariflərə görə, bu ölkələr sırasında təbii qazı öz əhalisinə ən baha qiymətə satan Azərbaycandır.
Bahalaşan qiyməti nəzərə aldıqda, hazırda Azərbaycan qazın 2500 kub metrdən çox olan hissəsi üçün hər kub metri 25 qəpiyə, Türkmənistan 1 qəpiyə, Özbəkistan 4 qəpiyə, Qazaxıstan 10 qəpiyə, Rusiya isə 13 qəpiyə satır.
Tarif Şurası elan edib ki, qiymət artımı təqribən 49 faiz abonenti əhatə edəcək. Qurumun qərarına görə, abonentlərin 51 faizi, yəni təqribən 5 milyon nəfər üçün isə təbii qazın qiyməti dəyişməyib.
Şura belə qərarı Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında çıxardığını açıqlayıb.
5 ay əvvəl
Amma 5 ay əvvəl Tarif Şurası SOCAR-ın bu müraciətini təmin etməmişdi və bunu "aparılan sosial siyasət nəzərə alınaraq, təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməmişdi”.
Sonuncu dəfə təbii qazın qiyməti 2019-cu ilin aprelində dəyişib və o zaman təbii qazdan istifadəyə görə, limit 1700 kub metrdən 2200 kub metrə kimi artırılmışdı.
Dövlət rəsmiləri bu limit artımını Prezident İlham Əliyevin "əhalinin aztəminatlı hissəsinin sosial vəziyyətini daha da yaxşılaşdırmaq məqsədi” kimi şərh etmişdilər.
SOCAR ziyanla işlədiyini deyir
SOCAR-ın mətbuat xidmətindən BBC News Azərbaycancaya bildirilib ki, qurum bir il əvvəl təbii qazın qiymətlərinin artırılması barədə müraciət etməsinə səbəb məhsulun istehsalının və müştəriyə çatdırılması xərcinin baha və bunun əvəzində gəlirinin az olması olub.
SOCAR-dan bildirilib ki, şirkətin qaz təchizatında xərci gəlirlərindən çoxdur və ziyanla işləyib.
"Əvvəl dövlət SOCAR-ın ziyanlarını büdcədən maliyyələşdirib, bəzi hallarda qiymət artımına gedilib. Amma bundan sonra bu məsələlərlə SOCAR məşğul olmayacaq. Bu işlər Azcontrakt şirkətinə ötürülüb. Bu müraciət isə bir il əvvəl olduğundan orada SOCAR-ın adı keçir,” – qurumun mətbuat xidmətindən İbrahim Əhmədov deyib.
Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt” Səhmdar Cəmiyyəti 1996-cı ildə Prezident fərmanı ilə yaradılıb və səhmləri 100 faiz dövlətə məxsusdur.
Qurumun vəzifələrindən biri də məhsulların alınması və satılması üzrə birbaşa münasibətlərin inkişafinda mülkiyyət formasından asılı olmayaraq respublikaının müəssisə və təşkilatlarına köməklik etməkdir.
Şirkət rəsmi saytında özünü "səmərəli fəaliyyət göstərən dövlət qurumu” kimi təqdim edir.
İbrahim Əhmədovun sözlərinə görə, SOCAR ölkədə yeganə qaz istahsalçısı deyil və əvvəllər ölkənin 11 milyon kub metr qaz tələbatı olurdusa, bunun ildə 6-7 milyon kub metrini SOCAR verirdi, qalanını isə başqa şirkətlərdən alırdı və onların bəzilərin qiyməti çox yüksək idi.
"SOCAR-ın qaz əməliyyatlarında ziyanla işləməsinin əsas səbəbi bu idi. Şahdəniz və müxtəlif konsorsiumlardan çatışmayan həcmləri alanda bizə baha başa gəlirdi. Azcontrakt şirkəti də qazın Azəriqaza satış qiymətini artırıb. Beləliklə, bu addımlar daha çox ziyanın yaranmamasına xidmət edəcək”.
İbrahim Əhmədov Azərbaycanın istehsal etdiyi qazı öz əhalisinə digər qaz təchizatçısı olan post-sovet respublikaları ilə müqayisədə daha baha satmasını maya dəyərinin yüksək olması ilə izah edir: "Rusiyada və başqa ölkələrdə əsasən qaz hasilatı quruda olur, bizdə isə hasilatın böyük hissəsi dənizdədir və bu, maya dəyərini yüksəldir,”- deyib.
"Hesabatlılıq yoxdur”
Bəzi iqtisadçılar təbii qazın istehlak qiymətinin azı 2 dəfə artırılması, üstəlik limitin 55 faizə yaxın endirilməsi üçün qurumların gətirdiyi səbəblərlə razılaşmırlar.
İqtisadi Məsələlər üzrə şərhçi Rövşən Ağayevə görə, bu səbəblər "etibarlı və dəqiq deyil, suallar” doğurur.
"1200 kubadək istehlakı olan 51 faiz abonent heç də iddia edildiyi kimi 5 milyon nəfər əhali demək deyil. Aşağı istehlakı olan abonentlərdə əhalinin daha az hissəsi yaşayır. O səbəbdən ki, bu kateqoriya kiçik ölçülü evlərdir. Məsələn, rəsmi statistikaya görə, ölkədə mövcud olan bütün mənzillərin (2.2 milyon mənzil) 1 milyonu və ya 45 faizi 1 və 2 otaqlı mənzillərdir. Yəni, mənzil fondunun az qala yarısını təşkil edən 1-2 otaqlı mənzillərdə əhalinin yarısının yaşaması real deyil,” – Rövşən Ağayev öz sosial media hesabında yazıb.
Cənab Ağayev onu da bildirib ki, aşağı istehlak kateqoriyasında göstərilən abonentlərin mənzillərinin heç də hamısında yaşayış yoxdur: "Xüsusilə Bakı və Xırdalan kimi böyük şəhərlərdə yeni tikililərdə qaz sayğacları qoyulsa da çoxlu mənzillərdə yaşayış yoxdur, amma onlar hesaba alınıb aşağı istehlak kateqoriyasında say artırırlar”.
Rövşən Ağayev deyir ki, Azəriqaz-ın xərclər və gəlirlərlə bağlı detallı hesabatı yoxdur.
Onun fikrincə, qazın istehsal qiyməti əhaliyə satılandan əhəmiyyətli dərəcədə ucuz başa gəlir, amma o, Azəriqazın zərərinin nəql sistemində yarana biləcəyini istisna etmir.
"Hesabat olmadığından bu zərərin nədən qaynaqlandığı, hansı həcmdə olduğu və bunu qarşılamaq üçün dövlət büdcəsindən nə qədər subsidiya aldığı aydın olmur,”- Rövşən Ağayev bildirir.
"Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov qurum haqqında səslənən iddiaları qəbul etmir.
O, BBC News Azərbaycancaya bildirib ki, "Azərqaz” elekrton sistemlə məlumatları toplayır: "Bundan başqa həmin məlumatlar aldığımız və əhaliyə ötürdüyümüz qazın hesabatı təchizatçı şirkətdə də var. Heç cürə bu rəqəmlər şişirdilə bilməz,” – Ceyhun Səfərov deyib.
"Aşağı və orta gəlirli ailələrə təsir edəcək”
İqtisadi məsələlər üzərə şərhçi Toğrul Vəliyev BBC News Azərbaycancaya deyib ki, təbii qazın qiymətinin bahalaşması əhalinin gəlirləri artmayan hissəsinə böyük təsir göstərəcək.
"Qazdan daha çox istifadə edən əhalinin əsas hissəsi nisbətən aşağı və orta gəlirli əhalidir. Həmçinin, də kəndlərdə qazdan daha çox istifadə olunurdu. Getdikcə qazlaşdırılma artdıqca, odundan istifadə azalırdı. Amma bu qiymət artımı ilə bu tendensiya dəyişə bilər və bahalı qaz daha ucuz olan alternativlərlə əvzlənə bilər, bu da ətraf mühitə vurulan ziyanı artıra bilər,” – Toğrul Vəliyev deyib.
İqtisadi təhlilçi Tarif Şurasının bu ilin əvvəlində SOCAR-ın qiymət artımı ilə bağlı təklifini əhalinin sosial vəziyyəti ilə əlaqədar rədd edib indi bunu qəbul etməsini anlaşılmaz sayır. Çünki Toğrul Vəliyevə görə, ötən beş ay müddətində əhəlinin gəlirlərində artım, sosial vəziyyətin yaxşılaşması qeydə alınmayıb və "qiymət artımının məntiqi izahı” yoxdur.
Bbc.com