Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş preparatlar 100 faiz yoluxmanın qarşısını almasa da, 90 faizdən çox COVID-19-un ağır formasından qoruyur.
Koronavirusa qarşı vaksinlərin əsas vəzifəsi xəstəliyin ağır keçməsindən müdafiə etməkdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş preparatlar 100 faiz yoluxmanın qarşısını almasa da, 90 faizdən çox COVID-19-un ağır formasından qoruyur. Sputnik Azərbaycan xəbər verir ki, bunu ÜST-nin baş elmi işçisi Sumya Svaminatan bəyan edib.
"Bu peyvəndlərin əsas məqsədi ciddi xəstəliyin qarşısını almaqdır. Biz yoluxmuş insanların ağır xəstələnmələrini deyil, sağalmalarını istəyirik", - deyə Sumya Svaminatan söyləyib.
O, peyvəndlərin koronavirusa yoluxmaya qarşı fərqli qorunma dərəcəsinin olduğunu xatırladıb. Keçirilən sınaqların nəticələrinə görə, səviyyə "70 faiz ilə 90 faiz arasında dəyişə bilər" və "hazırda heç bir peyvənd 100 faiz qorumur", - deyə ekspert bildirib. "Lakin ciddi xəstəliyin qarşısının alınması və xəstəxanaya yerləşdirilməsi baxımından onlar hamısı çox yaxşıdır: effektivlik 90 faizdən çoxdur", - deyə o qeyd edib və əlavə edib ki, vaksinasiya olunduqda "ciddi xəstəlik ehtimalı çox azdır". Sumya Svaminatanın vurğuladığı kimi, peyvənd zəruridir, çünki ciddi formada xəstəlikdən qoruyur və eyni zamanda, infeksiyanın ötürülməsi riskini azaldır.
Koronavirusun xüsusilə yüksək dərəcədə yoluxucu olan "delta" ştamından danışarkən, ekspert bundan qorunmaq üçün qanda "yüksək səviyyədə anticisim"lərin tələb olunduğunu bildirib. "Təcili istifadə olunmaq üçün tövsiyə olunan bütün ÜST peyvəndləri, "delta" variantının səbəb olduğu ağır xəstəliklərdən, xəstəxanaya yerləşdirilməsi və ölümdən qoruyur", - deyə o qeyd edib.
Sumya Svaminatan "delta" variantının çox yayıldığı ölkələrdə aparılan araşdırmalara istinad edib, həmin araşdırmalara görə peyvənd olunan insanların xəstəxanaya yerləşdirilmə ehtimalı peyvənd edilməmiş insanlara nisbətən "çox aşağı"dır. "Delta" variantından qorunmaq üçün tam peyvənd kursunu keçmək lazımdır", - deyə ÜST-nin baş elmi əməkdaşı yekunlaşdırıb.
Bu günə qədər ÜST təcili istifadə üçün yeddi preparat tövsiyə edib: bunlar Sinopharm və Sinovac Çin şirkətlərinin vaksinləri, ABŞ-ın Pfizer və Almaniyanın BioNTech kompaniyalarının birgə hazırladığı Comirnaty vaksini, Amerikanın Johnson & Johnson kompaniyasının bölməsi olan Janssen şirkətinin vaksini, Amerikanın Moderna şirkətinin vaksini, eləcə də AstraZeneca İngilis-İsveç şirkəti və Oksford Universitetinin birgə hazırladığı vaksinin iki variantı.